Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:50

İcra başçıları hansı prinsiplə təyin edilir?


Sentyabrın 23-də Bakının Nizami rayonu icra hakimiyyətinin başçısı Mehbalı Əliyev vəzifəsindən kənarlaşdırılıb. Bir müddət öncə daha bir neçə rayonun icra başçıları dəyişdirilmişdi.

Siyasi şərhçi Şahvələd Çobanoğlunun fikrincə, kadrların yerdəyişməsi prinsipcə, normaldır. Bir sıra dövlətlər məhkəmə-hüquq, idarəetmə sistemində bu metoddan yararlanır. Azərbaycanda idarəetmə sistemindəki
Şahvələd Çobanoğlu
vətəndaşı narazı salan problem isə kadrların şəxsi keyfiyyətləri, geniş mənada isə idarəçilik metodudur:

AZƏRBAYCANDA İDARƏÇİLİYİN MƏQSƏDİ NƏDİR?

- İdarəçilik metodunun özü dəyişməsə, məqsədi dəyişməsə, idarəetməyə yeni kadrlar gətirmək, kadrların yerini dəyişmək heç bir nəticə verməyəcək. Ölkədə idarəçiliyi başdan ayağa pozan məmur özbaşınalığı, rüşvət, korrupsiya mühiti ən yaxşı kadrlara işləməyə imkan vermir. Azərbaycan hakimiyyəti əgər islahat eləmək istəsə, gərək idarəçiliyin məqsədi dəyişə, korrupsiya aradan qaldırıla, dövlət məmurları qanunlara xalqdan daha artıq əməl edə. Bunlar baş vermədikcə, vəzifəyə hər hansı şəxsin təyin edilməsinin heç bir mənası olmur.

Prezident Əbülfəz Elçibəyin idarəçiliyi dönəmində ərazi idarəetmə orqanları ilə iş üzrə dövlət müşaviri işləmiş Arif Hacılı isə bildirir ki, o zamanlar icra başçısı postuna cəmiyyət arasında nüfuzu olan şəxslər təyin olunurdu. Və onlar vəzifələrinin öhdəsindən gəlməyəndə, qısa zamanda yeniləri ilə əvəz edilirdi.

XALQ NİYƏ ÖZÜNƏ RƏHBƏR SEÇƏ BİLMİR?

Arif Hacılı
Arif Hacılının sözlərinə görə, Heydər Əliyevin hakimiyyətinin ilk günlərindən bu prinsiplər dəyişdi. O deyir ki, indi Azərbaycan cəmiyyətinin ən böyük problemi hakimiyyətin kadr siyasətidir. Quruluş Azərbaycan xalqının özünə rəhbər şəxslər seçməsinə imkan vermir. Piramida şəklində kadrlar yuxarıdan aşağıya doğru təyin olunur. Ən problemli cəhət bu piramida sisteminin prinsipləridir:

- İndi ilk sırada hakimiyyətə, rəhbərə sədaqət, dostluq, yerlibazlıq prinsipi əsas götürülür. Eyni zamanda vəzifələrə təyinat zamanı rüşvət alınması total xarakter daşıyır. Elə buna görə də icra başçıları və digər vəzifəli şəxslər vəzifə başına keçən anda verdiyi rüşvəti özündən aşağıdakılardan rüşvət almaqla qarşılamağa başlayır. Bu, bugünkü hakimiyyətin idarəçilik metoduna çevrilib. Kim kimi təyin edibsə, o ona tabedir. Vəzifə alan şəxslər təyin edənin xarakterinə, onun arzularına, istəklərinə uyğun davranır.

Azərbaycan qanunvericiliyinə görə, icra hakimiyyəti başçılarının təyinatı birbaşa prezidentin səlahiyyətindədir. Prezident Administrasiyası (PA) ilə əlaqə yaradaraq prezidentin kadr seçimində hansı prinsipləri üstün tutması ilə maraqlandıq. PA-nın mətbuat xidmətinin başçısı Azər Qasımov bildirdi ki, söhbət icra başçılarının təyinatından gedirsə, bu məsələ ilə ərazi idarəetmə orqanları ilə iş üzrə şöbə məşğul olur.
Qabil Hüseynli
Şöbədən isə bildirdilər ki, orada bizim sualımızı cavablayacaq kimsə yoxdur.

İQTİDAR İCRA BAŞÇILARINI HANSI PRİNSİPLƏ TƏYİN EDİR?

Heydər Əliyevin hakimiyyəti illərində prezidentin müşaviri vəzifəsində çalışmış Qabil Hüseynli isə deyir ki, son illər Azərbaycan hakimiyyətinin kadr siyasətində dəyişikliklər baş verib:

- Ölkə prezidenti dəfələrlə islahatçı kadr siyasəti aparacağını vəd edib. Mən buna inanmaq istəyirəm. Əslində, indiki prezidentin dönəmində regionçu siyasətdən nisbətən imtina edilib. Bunu müsbət qiymətləndirmək gərəkdir. İcra başçısı rəhbərlik etdiyi rayonun rifahı üçün çalışmalıdır. Kadrlar mütləq qabiliyyət və bacarıqlarına görə seçilməlidirlər. Şəxsi sədaqət, regionçuluq prinsipləri əsas götürülməməlidir.

Qabil Hüseynli onu da bildirir ki, təkcə icra başçıları deyil, ümumiyyətlə hər hansı məmurun təyinatı zamanı onun konkret partiyaya mənsubiyyəti də müsbət göstərici kimi götürülməməlidir.
XS
SM
MD
LG