Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:10

Avropada yeni «Berlin divarı»...


“Berlin divarının uçurulmasından 20 il keçir və indi Avropanın yarısı azaddır. Amma Berlin divarı uçurulsa da, Gürcüstanda yeni divar tikilib”. Bunu Çexiyanın keçmiş prezidenti Vaslav Havel və Avropanın ondan artıq başqa keçmiş rəhbəri “Gardian” qəzetində dərc olunan məktublarında qeyd edirlər.

“BİZ TARİXDƏN İBRƏT DƏRSİ ALMAĞI BACARIRIQMI?”

Məktubda deyilir ki, Avropa 1938-ci ildə imzalanan Münxen razılaşmasını və 1939-cu ildə imzalanan Molotov-Ribbentrop sazişini xəcalət hissi ilə yad etdiyi bir dövrdə, Berlin divarının və “dəmir pərdə”nin çökməsinin 20 illiyinin qeyd edilməsinə hazırlıq getdiyi bir vaxtda bir sual açıq qalır – biz tarixdən ibrət dərsi almağı bacarırıqmı və 20-ci əsrdə bir çox bəlalara yol açan səhvlərimizdən nəticə çıxarmışıqmı?

“Əgər biz olanlardan nəticə çıxara bilmiriksə, nəyinsə ildönümünü qeyd eləmək boş şeydir.

Bu günün Avropasına baxanda görürük ki, onilliklər əvvəl başlayan tarixi faciələr hələ də başa çatmayıb”.

Faciə deyəndə Avropanın 12 ölkəsinin keçmiş rəhbəri Gürcüstanla Rusiya arasında davam edən gərginliyi – keçən ilin avqustunda Rusiyanın Gürcüstanın separatçı bölgələrinə qoşun yeritməsini, daha sonra isə onları müstəqil dövlət kimi tanımasını nəzərdə tuturlar.

Həmin müharibədən sonra Gürcüstan prezidenti Mixail Saakaşvili Müstəqil Dövlətlər Birliyindən çıxacaqlarını bildirdi.

Saakaşvili deyir ki, bir beynəlxalq təşkilat olaraq MDB Rusiyanın Gürcüstanı işğal etməsinə göz yumdu və onlar MDB-ni tərk etməklə SSRİ-dən ayrılmaq prosesini başa vururlar.

“BİZ İŞĞALI QƏBUL ETMƏYƏ HAZIRIQMI?”

“Gardian” qəzetində dərc olunan məktubun müəllifləri – Avropa Birliyini MDB kimi hərəkət etməməyə çağırırlar. Onlar belə bir sual verirlər – biz böyük bir dövlətin kiçik bir dövlətin sərhədlərini hərbi yolla dəyişdirməsini qəbul etməyə hazırıqmı?

Onların fikrincə, tarixi ildönümlərin qeyd olunmasının mənasız bir iş olmadığını nümayiş etdirmək üçün Avropa Birliyi ölkələri Gürcüstana kömək etmək, onun ərazi bütövlüyünü bərpa eləmək, Gürcüstanda qanunsuz şəkildə yerləşdirilən rus qoşunlarının oradan çıxarılmasından ötrü yeni strategiya hazırlamalıdırlar.

Məktub müəllifləri deyir ki, heç kəs Moskva ilə qarşıdurma və soyuq müharibə dövrünə qayıdış istəmir. Amma Avropa Birliyinin Rusiya rəhbərliyinə aydın mesaj göndərməsinə də ehtiyac var.

İndi Avropa Birliyinin komissiyası Rusiya-Gürcüstan müharibəsinin səbəbləri barədə hesabatını dərc etməyə hazırlaşır.

“Belə bir vaxtda biz Avropa Birliyi rəhbərlərini yaxın keçmişdə baş verənlərdən ibrət götürməyə çağırırıq.

“BÖYÜK DÖVLƏTLƏR HƏMİŞƏ BƏHANƏ TAPA BİLƏR”

Əvvəla böyük dövlət öz qonşusunun ərazisinə soxulmaq üçün həmişə bəhanə tapa bilər. Hitlerin 1939-cu ildə Polşanı düşmənçilikdə ittiham edib onun ərazisinə daxil olmasını, Stalinin 1940-cı ildə finləri ittiham edib Finlandiyaya hücum etməsini xatırlamaq kifayətdir.

Cənubi Osetiya məsələsində də kimin birinci gülləni atmasını yox, kimin kimin ərazisinə hücum etməsini aydınlaşdırmaq lazımdır.

İkincisi, qərb demokratlarının kiçik də olsa, dost ölkənin parçalanmasına lazımi reaksiya verməməsi gələcəkdə fəsadlara səbəb ola bilər”.

Avropanın 12 ölkəsinin keçmiş rəhbəri düşünür ki, bu biganəlik Avropanın demokratik və dinc yolla yenidən birləşməsi məqsədinə ciddi zərbə vura bilər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG