Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:22

Cüdoçular pul mükafatı ilə təltif olunublar


Ermənistanda keçirilən cüdo üzrə Avropa Çempionatının medalçıları sentyabrın 17-də Azərbaycan Cüdo Federasiyası tərəfindən pul mükafatı ilə təltif olunublar.

Yerevanda qızıl medal qazanmış Elmar Qasımova 50 min, gümüş medalçı İlqar Müşkiyevə 40 min, Bakıya bürünc medalla qayıdan Rasim Əsədullayev, Ramin Qurbanov və Fəqan Eminoğlunun hərəsinə isə 30 min manat verilib.

Bu barədə AzadlıqRadiosuna məlumat verən Cüdo Federasiyasının mətbuat xidmətinin rəhbəri Elnur Kələntərli deyir ki, əslində Avropa, dünya çempionatlarının, eləcə də digər mötəbər yarışların qaliblərini bir qayda olaraq ilin sonunda Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi ilin yekunlarına əsasən mükafatlandırır. Gənc cüdoçuların yarışdan dərhal sonra mükafatlandırılması istisna haldır:

«Bu, birbaşa cənab prezidentin təşəbbüsü və tapşırığı idi ki, Ermənistanda keçirilən cüdo üzrə Avropa Çempionatında böyük qələbə qazanan idmançılarımız təltif olunsunlar. Ona görə də elə mükafatları da fərqli oldu. Yəni gənclər arasında Avropa Çempionatı qaliblərinə bu məbləğ verilmir».

Sentyabrın 11-13-də Yerevanda keçirilən gənclər arasında cüdo üzrə Avropa Çempionatından Azərbaycanın 5 idmançısı medalla qayıdıb. Buna görə onların məşqçiləri də pul mükafatı ilə təltif olunublar.
XS
SM
MD
LG