Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:15

Məhəmməd Qurbanov hardadır?


Məhəmməd Qurbanov

Sentyabrın 11-dən Psixi Xəstəliklər Dispanserində saxlanan 57 yaşlı Naxçıvan şəhər sakini Məhəmməd Qurbanovun ailəsi onun Muxtar Respublikadan çıxarıldığını düşünür. Ailəsinin belə düşünməsinin səbəbi Qurbanovun onlarla əlaqəsinin tamam kəsilməsidir. Bu günə kimi görüşə icazə verilməsə də, Məhəmməd Qurbanov fürsət tapıb heç olmasa pəncərədən nəsə deyə bilirdi. İndi artıq həmin əlaqə də kəsilib. Həyat yoldaşı Fəridə İsmayılova ərinin Maştağadakı ruhi xəstəxanaya aparıldığından şübhələnir:

«Biz şübhələnirik ki, həyat yoldaşımı Bakıdakı xəstəxanaya aparıblar. Qorxuruq ki, iynə vurub sağlam adamı dəli etsinlər. Qətiyyən görüş vermirlər. Qapıya da polis qoyublar».

Əslində, Naxçıvanda bundan əvvəl də oxşar hadisələr baş verib. Bir müddət əvvəl prezidentə şikayət məktubu yazdığına görə Psixi Xəstəliklər Dispanserinə salınan ixtisasca həkim olan 75 yaşlı Ələsgər İsmayılov və oğluna qarşı haqsızlığa etiraz edən 70 yaşlı gözdən əlil İsmayıl Hüseynov da ailələrindən xəbərsiz Maştağadakı ruhi xəstəxanaya aparılmışdı.

Biz də bunları nəzərə alıb Maştağadakı 1 saylı ruhi xəstəxana ilə telefon əlaqəsi saxladıq. Xəstəxananın qəbul şöbəsindən onlarda Məhəmməd Qurbanov adlı şəxsin qeydiyyatda olmadığını bildirdilər və məsləhət gördülər ki, xəstəxananın ekspertiza bölməsi ilə də əlaqə saxlayaq. Çünki barəsində cinayət işi qaldırılanlar həmin bölməyə aparılırlar. Ancaq ekspertiza bölməsindən də onlarda belə bir xəstənin qeydiyyata götürülmədiyini bildirdilər. İndi ailəsi Məhəmməd Qurbanovun sonrakı taleyindən narahatdır.

57 yaşlı Məhəmməd Qurbanov kiçik ticarətlə məşğul olur. Bir müddət əvvəl «Dilucu-Sədərək» keçid məntəqəsində gətirdiyi mallara görə əlavə tələb edilən pulu ödəməkdən imtina etdiyi üçün mallarının qanunsuz müsadirəsi və məhvinə etiraz olaraq Muxtar Respublikanın Ali Məclisinin sədrinə şikayət məktubu yazıb. Ailə üzvlərinin bildirdiyinə görə, həmin məktubdan sonra Naxçıvan Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən aldadılaraq evdən çıxarılıb və xəstə olmadığı halda Psixi Xəstəliklər Dispanserinə salınıb.
XS
SM
MD
LG