Keçid linkləri

2024, 11 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 14:57

Seyran Səxavət "Persona non qrata" (HEKAYƏ)


Doğmam Vaqif Bəhmənliyə

O, doğulan kimi qışqırdı. Çağırdıqları gəldi; hər çiyninə bir Mələk qondu, əllərində də qələm-kağız. Sol çiynindəki Mələk onun pis, sağ çiynindəki isə yaxşı əməllərini yazmaq tapşırığı almışdı.

İllər qatarlanıb keçdikcə o, bu qatarın arxasınca baxa-baxa böyüyürdü. O, böyüdükcə əlindən nə böyük yaxşılıq gəlirdi, nə də balaca. O, böyüdükcə əlindən nə böyük pislik gəlirdi, nə də balaca. Mələklərin əllərindəki kağız ağappaq idi.

Onun çiynindəki mələklərin ikisi də bekarçılıqdan yatmışdılar - mələklər xoruldayırdılar. Mələklərin xorultusu dünyanı başına götürmüşdü, ancaq dünyanın qulağı ağır eşidirdi.

Əslində isə bu, iki Mələyin xorultusu deyildi...

Yer üzündə yaşayan adamların sağ çiynindəki mələklərin doxsan neçə faizi bekarçılıqdan yatıb xoruldayırdılar. Sol çiynindəki Mələklər isə gecəni gündüzə qatıb nəfəs dərmədən yazırdılar, başlarını qaşımağa macalları yox idi və belə getsə Sol çiyinə qonub işləmək üçün əlavə qüvvələr göndərmək lazım gələcək. Əlavə qüvvə isə yox idi - Mələklər Qırmızı kitabla üzbəüz gəlib orda yuva qurmaq zərurətində idilər.

Qırmızı kitabda balalamaq olmur...

lll

- Bax mənim günahım nədi ki, dünyada nə qədər əlləm-qəlləm işlər varsa hamısı mənim başıma gəlir? Hə?! Alnıma yazılıb?

- Yəqin yazılıb ki, başına gəlir də...

- Axı kim yazıb, kim?

- Kim yazacaq, Yazan yazıb...

- Bu Yazanın bir Pozanı yoxduu?

- Niyə yoxdu, var...

- Kimdi?

- Mən...

- Poz də bu alnıma yazılanları... poza bilərsən?

- Pozaram ee... ancaq qıymıram...

- Niyə?!

- Elə qəşəng xəttinən yazılıb ki... əlim gəlmir... hüsnü-xətt...

O, ovcunun içinə tüpürüb alnındakı "yazı"nın üstünə o qədər sürtdü ki, alnı qıpqırmızı oldu.

Sonra pencəyinin sağ cibindən bir az əvvəl maqazindən aldığı çopur daban daşını çıxardıb xeyli tamaşa eliyəndən sonra lomba ilə onun da "üzünə" tüpürüb alnına sürtməyə başladı; O, elə canı-dildən sürtürdü ki, elə bil alnının zərif dərisini yox, bərkiyib daşa dönmüş dabanını sürtürdü - sürt ki, sürtəsən...

Barmaqlarının arasından ilıq, əslində isə bir az isti bir şey axıb biləyini də keçdi və dirsəyinə tərəf hərəkət eliyəndə o, əlini alnından çəkib əvvəlcə daban daşına, sonra isə barmaqlarının arasına və biləyinə baxanda göz yaşı enində qırmızı şırımlardan üşənən kimi olub gözlərini döydü.

Bu ilıq, əslində isə bir az isti, nə idisə hər iki gözünün bulağından keçib burnunun sağ və sol tərəfindən üzü aşağı axıb cəvcilərində dayandı. Ona elə gəldi ki, alnındakı "yazını" pozdu və bu ilıq, əslində isə bir az isti olan nəydisə qan deyildi, çirnelin rəngi idi - buna möhkəm inandı, elə alnındakı "yazı"nı pozduğuna da...

Ona alnındakı "yazı"nı pozmağın bu yeni üsulunu bu yaxınlarda televiziyada çıxış eliyən bir görücü, bütün xalqın qulağı eşidə-eşidə, gözü görə-görə demişdi:

- Hər bir insan alın yazısını ancaq özü poza bilər.

Ona görə də, kişinin oğlu canı-dildən alın yazısını pozurdu və öz aləmində...

Qəfil yadına düşdü ki, böyük səhv eliyib, səhv eliyib görücüdən soruşmayıb ki, alnındakı yazını pozandan sonra alnı ağ, təkcızıq dəftər vərəqi kimi boş qalacaq, yoxsa kimsə gəlib ora nə isə yazacaq? Sağ əlini dizinə çırpdı - əli də, dizi də, ağrıdan göynədi, ovcunun içində dizinin, dizində isə əlinin şəkli göyərib gömgöy olmuşdu.

Axşam qırx dəfə zəng eliyəndən sonra qırxbirinci dəfə televiziyaya düşdü. Operator dedi ki, gözləyin indi sizi calaşdıraram. Beş dəqiqə beş gün kimi keçdi və beşinci "günün" axşam tərəfi operatorun tanış səsi gəldi:

- İndi calayıram sizi... hə... buyurun də... sualınızı verin... televizorun da səsini bir az alın... - Axırıncı cümləni deyəsən bir az acıqlı dedi.

O özünü cəmlədi:

- Görücü qardaş, mən alnımdakı yazını pozdum. İndi mənim işim nə təhər olacaq? Alnım elə boş qalacaq, yoxsa kimsə ora nəsə yazacaq? Görücü qardaş, əgər kim yazacaqsa, əməlli-başlı bir şey yazsın, qırx ildi ələm-yesir olmuşam. Sən təşkil elə qoy babat yazsın, mən də qulluğunuzda hazıram.

- Nəyinən pozdunuz? - Aparıcı güclə hiss olunan çaşqın nəzərlərlə ekrandan onun düz gözünün içinə baxdı.

- Daban daşıynan.

- Nə?

- Daban daşıynan...

- Operatorumuz sizinlə əlaqə saxlayacaq. Zənginizə görə sağ olun, təşəkkür edirik.

İstədi soruşsun ki, operator nə vaxt əlaqə saxlayacaq - əlaqəni kəsdilər.

Beş gün keçmişdi, ancaq operatordan xəbər-ətər yox idi.

Dünya körpə uşaq papağı kimi Onun başına dar olmuşdu. Onun yadına birinci kursda oxuyanda krokodil dərisindən tikilmiş baha qiymətə aldığı çəkmələr düşdü - bu çəkmələr qəşəng olsa da Onun ayaqlarını sıxırdı, dar idi və satıcının dediyi kimi geyindikcə açılıb böyümürdü.

Krokodil dərisindən tikilmiş o qəşəng çəkmələrdən Ona sol ayağının çeçələ barmağında üzük qaşı boyda bir döyənək qalmışdı. İldə bir neçə dəfə sol ayağını isti suya salıb o döyənəyi yumşaldandan sonra öz əlləri ilə kökünə qədər kəsirdi, bir az da dərinə getməyə ehtiyat etdiyindən döyənək təzədən cücərirdi - özünün qırx, döyənəyin isə iyirmi bir yaşı vardı.

O, bunları xatırlayıb qurtaran kimi fikirləşdi ki, kiməsə danışmalı əməlli-başlı, bir xatirəsi də yoxdu- nə qədər baş-beynini ələk-vələk eləsə də yadına fərli bir şey düşmədi.

Neçə gün idi ki, operator Onu ev dustağı eləmişdi - məhkəməsiz, filansız; O ev telefonunun yanını kəsdirib oturmuşdu. Nəhayət beş gün yarım keçəndən sonra, nahar vaxtı telefon zəng çaldı. Operator idi, o dedi:

- Sabah səhər, gün çıxmağa yeddi dəqiqə qalmış alın yazınızın nöqtəsi qoyulacaq. Diqqətinizə çatdırıram ki, yeddi gün evdən bayıra çıxmayın - alın yazınız qurumalıdır, qırmızı çernillə yazılıb, onu suçəkənlə qurulamaq olmaz. Sağ olun.

İstədi soruşsun ki, heç olmazsa bu dəfə babat bir şey yazıblarmı, əlaqə kəsildi, dud... dud... dud... dud... du...

Bir balaca rahatlaşıb yalnız özünün hiss etdiyi dərəcədə yüngülləşdi. Üz-gözündə isə bu rahatlıq hiss olunmurdu, nə vardısa içində idi - işartı. Bu işartı Onun içində gecə işıldayan böcək kimi özünü ora-bura çırpırdı, çırpınırdı.

Eyni ilə ikinci işartı da əmələ gəldi, qoşalaşdılar. İkinci işartı da birincinin hərəkətlərini təkrar eləyir və hərdən Onun içinin göylərində bir-birinə dəyib toqquşurdular da. Onun içində gecə işıldayan böcəyə oxşayan qoşalaşmış, cütləşmiş işartılar hər dəfə bir-birinə çırpılıb toqquşanda elə bil ki, balalayırdılar- çoxalırdılar.

Uçan, uça-uça toqquşub çoxalan işartılar, onun içindəki qatı qaranlığı kəsik-kəsik eləyib qaranlığın qanın tökdükcə vəcdə gəlirdilər və qaynaşdıqca Onun içində mikrofontan əmələ gəlmişdi ki, bu mikrofontandan su əvəzinə hörümçək torunun telləri naziklikdə, iynənin ucundan keçib gələn işıq şüaları gözəl bir mənzərə yaratmışdı - bir cüt göz istəyirdi ki, tamaşasına dursun.

Bu işıq fontanı işıq sürətilə işləsə də onun içi dolmaq və doymaq bilmirdi - içində müqayisə olunmaz dərəcədə böyük, bir ovuc torpaq qüdrətində olan ürəyi, onun içindəki işığı bir döyüntü müddətində təşnə bir nəfslə sümürürdü - deyəsən onun ürəyi qanla yox, işıqla döyünürdü, döyündükcə də işıq qan kimi onun bütün varlığına yayılırdı, üzünə çıxırdı, gözlərindən tökülürdü.

Bu vəziyyətdə O, adamdan çox işığa oxşayırdı - İşıq Adam. Bu vəziyyətdə O özünə baxsaydı gözləri qamaşardı, tez-tələsik gün eynəyi taxardı.

O, təzə yazılmış alın yazısına Allahın və Dünyanın varlığına etibar elədiyi qədər inanırdı.

Etibar eləməyi yaxşıdı...

İnanmağı yaxşıdı...

Qoy etibar eləsin. Qoy inansın...

Operator ona necə tapşırmışdısa elə də elədi, düz yeddi gün evdən bayıra çıxmadı - gözlədi ki, qırmızı çernellə yazılmış alın yazısı qurusun... Yeddi gündə bir dəfə də üzünü yumadı... Güzgüyə də baxmadı...

Yeddi günün tamamında səhərə yaxın yuxu gördü, gördü ki, onun alın yazısını bir may bayramında yazılan şüarlar kimi, uzun, enli, qar kimi ağappaq parçanın üstündə qırmızı hərflərlə yazıb şəhərin hər yerindən asıblar, camaat da dəstə-dəstə yığışıb bu qəribə şüarı - onun alın yazısını oxuyurlar, təəccüblənirlər, həm də sevinirlər.

O, bir nəfərə yaxınlaşdı:

- Gör ora nə yazılıb... gözüm yaxşı görmür.

- O boyda hərfləri görmürsən ki?

- Vallah görmürəm.

Həmin o bir nəfər başını qaldırıb on altı mərtəbəli binanın "alnına" yazılmış alın yazısını oxudu və çönüb Onun üzünə baxdı.

- Hə... nə yazılıb, - O soruşdu.

- Yadımdan çıxdı, qoy bir də oxuyum.

- Oxu.

- Hə... nə yazılıb, - bir də soruşdu.

- Yadımdan çıxdı, qoy bir də ...

- Oxu, oxu...

- Oxuyuram... qurtaran kimi yadımdan çıxır.

- Sən gicsən?

- Yox... professoram.

- Bəs niyə yadından çıxır.

- İnanın ki, bu birinci dəfədi... mənim yaddaşım çox güclüdü.

- Bəlkə elə indicə yaddaşın pozulub?

- Ola bilməz axı, - professor əməlli-başlı narahat oldu, əlini alnına qoyub gözlərini döydü.

Professorun gözünün qabağındaca O, başqa bir nəfərə yaxınlaşdı:

- Gör orda nə yazılıb... gözüm yaxşı görmür.

- O boyda hərfləri görmürsən ki?

- Vallah görmürəm.

Həmin o ikinci bir nəfər başını qaldırıb on altı mərtəbəli binanın "alnına" yazılmış alın yazısını oxudu və çönüb Onun üzünə baxdı.

- Hə... nə yazılıb, - soruşdu.

- Yadımdan çıxdı, qoy bir də oxuyum.

- Oxu.

- Hə... nə yazılıb, - bir də soruşdu.

- Yadımdan çıxdı, qoy bir də ...

- Oxu, oxu...

- Oxuyuram... qurtaran kimi yadımdan çıxır.

- Sən gicsən?

- Yox... həkiməm.

- Bəs niyə yadından çıxır?

- İnanın ki, bu birinci dəfədi... mənim yaddaşım çox güclüdü.

-Bəlkə elə indicə yaddaşın pozulub?

- Ola bilməz axı, - həkim əməlli-başlı narahat oldu, əlini alnına qoyub gözlərini döydü.

Həkimin gözünün qabağında o başqa birisinə yaxınlaşdı:

- Gör orda nə yazılıb... gözüm yaxşı görmür.

- ...

-...

-...

-...

- Oxuyuram, qurtaran kimi yadımdan çıxır.

- Sən gicsən?

- Yox, güləşçiyəm... Dünya çempionu.

-...

-...

-Oxuyuram , qurtaran kimi yadımdan çıxır.

- Sən gicsən?

- Yox ... şairəm, məni tanımadın ki?

-...

-...

- Oxuyuram, qurtaran kimi yadımdan çıxır.

- Sən gicsən?

- Yox... xanəndəyəm, məni tanımadın ki?

-...

-...



- Sən gicsən?

- Yox... müəlliməm.

-...

-...



- Sən gicsən?

- Yox... tələbəyəm.

-...

-...



- Sən gicsən?

- Yox... Generalam.

-...

-...

- Sən gicsən?

- Yox... mən biznesmenəm.

-...

-...

- Sən gicsən?

- Yox... nazirəm.

-...

-...

Sən gicsən?

- Yox...fəhləyəm.

Və bu fəhlə onun təpəsinə möhkəm bir yumruq ilişdirib dedi:

- Gicin yekəsi elə sənsən!

Təpəsinə dəyib gözlərindən qığılcım səpələyən yumruq Onun yuxusunu da cilik-cilik elədi. O, yuxusunun cilik-cilik olmuş qırıntılarını süpürgə ilə xakəndaza yığıb zibil vedrəsinə atan kimi özünə gəldi və özünə gələn kimi bir may bayramlarında, orta məktəb şagirdi olanda dediyi şüarı xatırladı. Şüarı həmişə o deyib, birinci sinifdən oxuduğu sinifə qədər - on il:

- Yaşasın hər şeyə qalib gələn böyük Marks, Engels, Lenin, Stalin nəzəriyyəsi, Urrraaaaa!!!

O, bu şüarı dodağının altında pıçıldayıb başını buladı, bilinmədi ki, o, bu şüarın məzmununa etiraz eləyir, yoxsa bu şüarın onun yadına düşməsinə - deyəsən heç özü də bunu bilmədi.

Durub dəhlizdəki bədənnüma güzgü ilə elə üzbəüz dayandı ki, elə bil güzgü ilə əlbəyaxa olacaqdı. Acıqla güzgüyə baxdı. Güzgü də acıqla Onu həmişəkindən balaca göstərdi, hər halda ona elə gəlirdi. Sonra O,güzgüyə dişlərini ağartdı və ona elə gəldi ki, güzgü onun əvvəlki boy-buxununu özünə qaytarmışdı. Bir az da güzgüyə yaxınlaşıb gözlərini alnına zillədi .

Sonra yavaş-yavaş, ehmalca alnını sığallamağa başladı. Alnı qupquru idi. O, alnını sığalladıqca inanırdı ki, alnının dərinliyində yazılmış cümlələr indicə zühr eliyəcəkdi. O da eynəyini taxıb oxuyacaq - ümid eləyirdi və ümid yeganə yaxşı şey idi ki, hamıda olur.

- Şükür sənin böyüklüyünə İlahi, min şükür... Səndən başqa heç kəsim yoxdu, hamısı özü üçündü... Şükür sənin böyüklüyünə.

Güzgünün şahidliyi ilə Allahını yadına saldı və Allahı yadına düşən kimi yadına qonşunun sözləri də düşdü:

- Deyirlər təzə dərman çıxıb... baş qarışıq olanda, namaz qılmağa vaxtın olmayanda atırsan, vəssalam. Özü də üç cürdü: əllilik, yüzlük, yüz əllilik... Əlliliyi atırsan bir həftə bəs eləyir, namaz qılma... yüzlük on dörd gün, yüz əllilik isə bir aya bəs eliyir... Apteklərdə satıllar.

O, bərk əsəbləşən kimi qapqara qaralır. İndi də qaralmışdı:

- Görəsən müsəlmanlar nə vaxt İslama layiq olacaq?! Hə?!

Bu sualı özünə tez-tez versə də özündən bir əməlli -başlı cavab ala bilmirdi ki, bilmirdi.

- Görəsən müsəlmanlar nə vaxt İslama layiq olacaq?

- Sən dünyaya layiq olanda...

Cavabı, bu gün səhər-səhər, bədənnüma güzgünün qabağından aralanandan sonra, qonşunun aptekdə satılan dərman söhbəti yadına düşəndən sonra tapılmışdı və deyəsən bu cavabdan özü də razı qalmışdı - hər halda belə görünürdü.

O, əl- üzünü yudu, səhər yeməyini yeyib özünü evdən bayıra atdı - çöl-bayır üçün elə darıxmışdı. Elə bilirdi ki, çöldə, bayırda yeniliklər görəcək; ancaq hamam da köhnəydi, tas da; əksinə hamam bir az da bozarmışdı, tas da paxır bağlamışdı, qalaylayan lazım idi.

- Paxır qab qalaylayıram, paxır qaaaab!

Adamların da paxırı açılmamışdı, açılmaq bilmirdi ki, bilmirdi.

- Paxır adam qalaylayıram, paxır adaaaam!

Şəhərin də paxırı açılmamışdı, açılmaq bilmirdi ki, bilmirdi.

Bircə göylər alışıb yanırdı.

Adamlar istər-istəməz qarşılaşanda bir-birinin üzünə baxır, Onun da üzünə baxırdılar və ona elə gəlirdi ki, hamı onun üzünə yox, alnına baxır.

Olsun.

Adamlar onun alnına baxırdı.

O, alın yazısını da götürüb şəhərə çıxmışdı...

O adamların üzünə yox, alnına baxırdı və saçları alnına tökülmüş adam görəndə bərk əsəbləşirdi...



O elə rahat və yüngül gəzirdi ki, qarışqaların qaynaşdığı yuvanı tapdaladı, qarışqalardan birinin də burnu qanamadı. Ancaq bərk qorxdular, qışqırıb bir-birinə baxandan sonra, özlərinə nisbətən bu orta boylu pəzəvəngin dalınca söyüş söydülər, onun ölüsü-dirisi, anası-bacısı qalmadı, - tökdülər çölə. O isə nə qarışqaların qışqırtısını, nə də namus-qeyrəti də əhatə eliyən söyüşlərini eşitmədi.

Qarışqların - bu zəhmətkeşlərin səsini qarışqaların özlərindən, bir də arılardan başqa kim eşitmişdi ki?.. Heç kəs...

Bu həndəvərdə dolaşan üç-dörd arı qarışqaların səsinə uçub gəlmiş, hər şeyin qaydasında olduğunu görüb qanadlanmış və qanadları olduğuna görə Allaha şükür eləmişdilər.

Bir heylə qarışqanın içində tək bircəciyinin ayağı bekara əzilmişdi. O, da ayağa qalxdı, bəzi bicəltək futbolçular kimi ayağını çəkə-çəkə bir-iki addım atandan sonra o birilərə qoşulub sırada görünməz oldu. İndi o qarışqanı nə qədər axtarsan da tapa bilməzsən, çinlillər kimi hamısı bir-birinə oxşayır axı.

Bərk yorulmuşdu; çox gəzməkdən yox, təzə alın yazısının onun həyatını alt-üst edib yaxşı tərəfə dəyişəcəyini gözləməkdən yorulmuşdu. Oturmaq istəyirdi, ancaq boş yer yox idi - adamlar elektrik cərəyanı xəttinin üstünə düzülmüş, alabəzək qarğalar kimi oturacaqların üstünə düzülmüşdü, hamısı da danışırdı, diqqətlə fikir verib gördü ki, elə bütün park danışır.

"Görəsən bu adamlar nədən danışırlar, hansı məsələni həll eliyirlər... niyə yorulmurlar... Adam nə qədər danışar axı? Adam heç dil qəfəsə qoymaz? Bir belə danışmağın qabağında gərək dünya çoxdan cənnətə dönəydi, heç kim heç kəsin qəlbinə dəyməyəydi... nə qədər danışırlar əə, bunlar? Vallah, adamların başı xarabdı... Vallah..."

Birdən O, uzun bir oturacağı boş görəndə gözlərinə inanmadı. Az qala körpə uşaq kimi qaça-qaça gedib uzun oturacağın sol tərəfində, qıraqda əyləşdi. Qoltuğundakı qəzeti açıb məqalələrin başlıqlarını oxumağa başladı - onun stili beləydi, o qəzetləri belə oxuyurdu. Özü oxudu başlıqları, özü də şərhini verdi.

- "Avstraliyada səksən üç yaşlı bir qarı tək əli üstə dayanır"

- Halal olsun.

- "Fransa prezidenti Nikola Sarkozinin həyat yoldaşı, Karla Bruninin şəkilləri oğurlanıb".

- Cəhənnəmə oğurlansın.

- "Cinayətkar həbsxanadan vertalyotla qaçdı".

- Bax, buna halaldı.

- "Azərbaycan ədəbiyyatının boğazı sür-sümüklə doludur".

- Ədəbiyyatın boğazında sümük qalıbsa aparın çöpçüyə.

- "ABŞ Cənubi Qafqazda möhkəmlənmək istəyir".

- Allah heç xeyir verməsin.

- "İldə dörd milyon adam intihar eliyir".

- Allahın daxili işinə qarışırlar, olmaz.

- "Öz ana dilini bilməyənlər mənəvi pəltəklərdi".

- Düz sözə nə deyəsən! Əla!

- "Xalqın yox, həqiqətin yolunda ölmək olar, çünki xalq həqiqət deyil".

- Super! Super!

- "Bəşəriyyətin himni Yalandır!"

- Super! Super! Super!

- "Qırx beş yaşlı ata, on beş yaşlı qızını zorladı".

- Mən bir də qəzet alsam dünyada məndən oğraş adam yoxdu! Tfu! Tfu, sizin cəmdəyinizə!

Axırıncı cümlə onu təpədən-dırnağa qara geyindirdi, zəncilər kimi ancaq gözləri ağarırdı, - elə bil o, bütün bəşəriyyətə göz ağartması verirdi.

Pis qoxu hiss elədi, kimsə oturacağın o biri kəlləsinə qusmuşdu, burda yarım vedrəyə qədər "qarışıq mallar" var idi. O qəzeti "zay məhsulun" üstünə sərib uzaqlaşdı və xeyli gedəndən sonra başa düşdü ki, niyə bu oturacaqda heç kəs əyləşmir.

Quşlar göylərdə uçmaqdansa adamlara yaxınlaşıb parkda onların ətrafında piyada gəzişir, hərdən Yer kürəsini dimdikləri çatan yerdən deşik-deşik eləyirdilər. Adamlarla beş-altı addımdan artıq "yaxınlıq" eləmirdilər, o saat qanadlanıb yenə adamların beş-altı addımlığında yerə qonurdular.

O, da başını başlara qoşmuşdu - gəzirdi. Onun qarşısında, lap yaxında bir cüt qumru quşu peyda oldu. O, dayanıb diqqətlə onlara tamaşa etməyə başladı. Deyəsən indi də quşların alnına baxırdı.

Quşların alnı tüklü olur və heç nə görünmür. Quşlar az qala onun ayaqlarına sürtünə-sürtünə yanından keçib getdilər. Bu, ona bərk toxundu ki, quşlar onu saya salıb qorxmadılar. O, quşlardan incisə də fikirləşdi ki, görəsən quşların da alnında yazı olur və əgər olursa, onların bapbalaca alnına onu Kim yazır, necə yazır.

Sonra isə özünə acığı tutdu ki, bəsdir də, nə qədər gic-gici şeylər fikirləşmək olar axı. Sonra da özünə elə o saat bəraət qazandırdı: ağlıma gələn budur də, neyləyim axı... Onu saya salmayan quşları da yadına salıb özünə bayaqkından da çox acığı tutdu: Xalxın kişiləri prezidentdən inciyir, sən də quşdan...

Onun quşlara həmişə yazığı gəlib, indi isə özünə yazığı gəldi və məzmunundan az-çox arxayın olduğu təzə alın yazısını yada salıb bir az ürəkləndi.

Payızda yarpaqlar ağaclardan seyrələn kimi adamlar da parkdan seyrəlmişdilər. İndi oturacaqlar, necə deyərlər, ağzı günə qalmışdı - əksəriyyəti boş idi və onun seçim imkanları çoxalmışdı.

Tək oturmaq istəyirdi- qırmızı ilə parıldayana qədər rənglənmiş oturacaqda əyləşən kimi altmış-altmış beş yaşlarında bir kişi əlindən tutduğu dörd-beş yaşlı oğlan uşağı ilə ona tərəf yaxınlaşırdı.

Belə də oldu; baba-nəvəyə oxşayan bu iki nəfər oturacağın o başında, onun yanında oturdular. O, istədi ki, durub qarşı tərəfdəki oturacağa keçsin, tək otursun, ancaq fikirləşdi ki, yaxşı deyil, ən çox da uşaqdan ya çəkindi, ya da ki, utandı-ayırd eləmək o qədər də asan deyildi.

Uşaq təpədən-dırnağa süzəndən sonra bir neçə dəfə Onun üzünə güldü. O, ciddi dayansa da özünü saxlaya bilmədi, uşağın təbəssümünə təslim olub bircə dəfə onun üzünə gülən kimi balaca, yaraşıqlı oğlan yerindən qopub onun yanına gəldi, üzbəüz dayanıb maraqla ona tamaşa eləməyə başlayanda O, qeyri-iradi özünü yığışdırıb iki əlini də saçlarına çəkdi, tumarlandı.

Onun bu hərəkəti uşağa gülməli göründü, elə güldü də: O da uşağa gülümsəməklə cavab verəndə uşaq bir addım da ona tərəf atdı,çox yaxın olduğunu, lap çənəsinin altına girdiyini hiss eləyib yarım addım geri çəkildi. Uşağın axırıncı hərəkəti ona xoş gəldi və uşaq da bunu hiss eləyib dedi:

- Bəs sənin nəvən hanı? - Uşaq çönüb babasına baxdı.

O, cavab verməmiş uşağın babası dilləndi, deyəsən həm də bir növ onun qanının arasına girdi, çünki bu suala cavab vermək istəmirdi.

- Ay uşaq, keç bu yana - baba başı ilə əks tərəfə işarə elədi.

- Uşaq o yana keçmək istəmir, - acıqlandı, - mən uşaq deyiləm, beş yaşım var, - sağ əlini açıb havada yellədə -yellədə barmağının beşini də babasına göstərdi, üzünü də bir az bozartdı.

- Keç bu yana, kişini incitmə, - babası iki ayağını bir başmağa dirədi, - kişini incitmə.

- Mən səni incitdim? - Üzünü Ona tutdu.

- Yox, yox. - O, tələsik cavab verdi.

- Eşitdin, - üzünü babasına çevirdi- mən onu incitmədim.

Uşaq işığa oxşayırdı. Bu işıq gözəl, yaraşıqlı, yapışıqlı idi və bu işıq onun ürəyinə axırdı; onun ürəyi indi də bu işığı sümürürdü; bildiyiniz kimi onun ürəyi qanla yox işıqla döyünürdü və bu döyüntülər balaca, yumru işıq zərrəciklərinə çevrilib onun damarlarında muncuq kimi düzülmüşdü. Gözünü uşaqdan çəkmirdi. Uşağın da baxışları onun baxışlarına ilişmişdi, pırtdaşıq düşmüşdü - düyün düşmüşdü... O düyünü açmaq kiminsə bəxtini açmaqdan çətin idi...

Baba Onun uşağa belə diqqətlə baxıb aludə olduğunu hiss eləyən kimi ayağa durdu, uşağa yaxınlaşıb onun yançağını nümayişkaranə şəkildə qaşıdı, oxunası mümkün olmayan bulanlıq nəzərlərini ani olaraq Ona tuşlayıb uşağa dedi:

- Gedək.

- Yox! Mən getmirəm! - Bir az mülayimləşib əlavə etdi,- mən getmirəm... mən onunla oynamaq istəyirəm, - Onu göstərdi , - O yaxşıdı.

- Vallah mənim gözümdə yoxdu... - O dilləndi.

Baba bir balaca bozardı:

- Gözünüz var? - Ondan soruşdu.

- Var...

-Deməli gözünüzdə də var.

Baba zorən Onun boynuna qoydu ki, bəli, sənin gözündə var. O, dinmədi və Baba belə hesab elədi ki, O, gözündə olduğunu boynuna aldı - rahatlaşdı.

Uşaq dilləndi:

- Sənin papağın yoxdu?

- Yoxdu, - O cavab verdi.

Uşaq başındakı ağ və uzun günlüyü olan papağını bir anın içində Onun başına qoyub dedi:

- Qoy sənin olsun... evdə ayrı papağım var.

O, uşağın babasına baxıb papağı qaytarmaq istəyəndə uşaq kövrəldi, səsi qırıq-qırıq oldu, qırıq-qırıq olmuş səsini uc-uca düyüb dedi:

- Qoy sənin olsun... - Uşaq yalvarıcı baxışları ilə o boyda kişini əritdi, işığı ilə onun gözlərini qamaşdırdı, - götürməsən ağlayacam... - bir an toxtayıb təzədən Onun gözlərinin içinə zilləndi, - sən istəyirsən mən ağlayım?

- Yox, - O, əlini başındakı ağ papağın günlüyündən çəkib dedi.

O, bu yaxşılığın qabağında uşağın borcundan çıxmaq istədi, mehriban və sakit şəkildə babasından soruşdu:

- Bunun adı nədi?

-Cavik.

- Cavik?

- Bəli, Cavik.. nədi ki?

- Heç...

- Yoox... sözlü adama oxşayırsan...

- Elə bir sözüm yoxdu... ancaq... Cavik uruscandı də... urusdarınan qurtardıq axı.

- Bəs onda nə təklif edirsiniz?

- Bunun əsl adı nədi?

- Cavid... - Babanın üzü az-maz bozardı.

- Elə Cavid deyin də, qəşəng addı ki.

- Bir hərfi dəyişməklə dünya dağılar ki? Cavi -d olmasın Cavi-k olsun... dünya dağılar ki, bir hərfinən?

- Dünya dağılmır ee, dağılmağa başlayır. - Onun bu cavabından duyulurdu ki, uşağın babasından xoşu gəlmir və ondan çəkinmir də.

Uşağın babası bunu duydu, elə bil bu tanımadığı adamdan bir az çəkindi və onun qarşısında geri çəkilməməklə yanaşı xudmani bir bəraət almaq istəyi ilə dedi:

- Bunun adını mən qoymuşam, Hüseyn Cavidin şərəfinə... eşitmisən, Hüseyn Cavid.

- Hüseyn Cavik kim olub ki?

- Mənim sözüm yoxdu! - Uşağın babası yüngülvari əsəbiləşdi, - sən nəçisən? - İkrah hissini güclə boğdu.

- Bekaram.

-Bekar olmamışdan qabaq nəçiydin?

- Bekar...

- Heç vaxt işləməmisən?

- Yox

- Bəs nəyinən dolanırsan?

- Dədəmdən çoxlu mal-dövlət qalıb.

- Çoxlu deyəndə ki nə qədər? - Uşağın babası bərk maraqlandı.

- Qədərini bilmirəm... ancaq onu bilirəm ki, başımı açıb iyirmi ildi bir ucdan xərcləyirəm, qurtarmaq bilmir.

- Dədən nəçi olub ki?

- Kolxoz sədri... Qırx il... mən də evin tək uşağı olmuşam... Qarabağ müharibəsi başlayanda da kolxozun at ilxısını, mal-qarasını, qoyun-quzusunu, nəyi vardısa, qorumaq adıyla Arazın o tərəfinə keçirdib bir həftənin içində satdı, sovdu, yığdı başının altına... İldə iki-üç dəfə dünya səyahətinə çıxıram, bahalı otellərdə yaşayıram. Adlı-sanlı kişi olub mənim dədəm, zirəng adam olub.

- Bəs dədəndən soruşan olmadı ki...

- Nəyi?

- Xalqın malını neyləmisən?

- Kimin malını? - O da bozarmaq istədi.

- Xalqın.

- Xalq kimdi, ay müəllim?

- Xalq də xalq... Azərbaycan xalqı...

- Onun xalq olmağına hələ çox qalıb... hələ heç həddi buluğa çatmayıb... Ancaq Sovet hökuməti dağılmasaydı dədəmin dərsini boğazından çıxardardılar. Rəhmətlik həmişə deyərdi ki, mən aparmasaydım erməniyə qalacaqdı də... Düz deyirdi.

O, quraşdırdığı yalana özü də inanandan sonra uşağın babasına dedi:

- Müəllim, sən nəçisən?

- Universitetdə müəlliməm.

- Nə dərsi deyirsən?

- Politologiya

- Sən Allah düz deyirsən?

- Düz deyirəm... nədi ki? Oxşamıram.

- Yox... Niyə oxşamırsan. Mənim bir qohumum var, o da univerisitetdə politologiya dərsi deyir. Ancaq əvvəllər elmi ateizmdən dərs deyirdi... - Onun üzünə baxdı, - dedim görüm sən də heyləsən?

- Yox, yox... biz seyid nəslindənik... - Boynuna almadı.

-Əsl seyidsiniz? Doğruçu seyid?

- Bəli... Seyidin də doğruçusu, yalançısı olur?

- Olur.

- Sən nə danışırsan, - istədi desin boş-boş danışma, ancaq özünə məxsus bir həya elədi.

- Qulaq as, müəllim. Sən belə şeyləri məndən yaxşı bilərsən; ərəb istilası dövründə ərəblər bizim qızlarla siğə eləyib evlənirdilər, beş-altı uşaqları olurdu. Zamanı gələndə onlar öz vətənlərinə qayıdırdılar, ərəblərdən bizim qızlara qalan beş-altı uşaq olurdu; aliment, ya bir maddi kömək istəyəndə də deyirdilər ki, get, sənə seyidlik verdim, get dolan - deyirəm bəlkə sən də işğalçılardan əmələ gəlmə seyidlərdənsən...

- Yox, yox, biz seyidik, özü də...

- Müəllim, ancaq kolxoz yaxşı şey idi... - Qəsdən mövzunu dəyişdi.

- Baba, kolxoz nədi? - Uşaq soruşdu.

- Uzun zırıltıdı... - Babası ağlı kəsən kimi cavab verdi.

- Baba, zırıltı nədi?

- Yekələndə bilərsən.

- Mən indi bilmək istəyirəm , - çönüb Ona da baxdı.

- Kəs səsini- Babası boz ay kimi bozardı.

- Kəsmirəm! - Uşaq şirin bir hikkə ilə dillənsə də səsini də kəsdi. Deyəsən bir az da Onun yanında pərt olmuşdu - uşaq pərtliyi...

Uşağın pərtliyi də özünə oxşayırdı - gözəl idi və böyüklər heç vaxt belə gözəl pərt ola bilməzlər.

Uşaq başını aşağı salıb gözlərini uzun müddət bir nöqtəyə zillədi - kiprik də çalmırdı. Uşaq oturacaqdan beş-altı addım geri çəkildi, əvvəlcə babasına, sonra isə Ona böyüklərə məxsus əda və diqqətlə baxdı, aralığa bir sual verdi:

- Ateizm nədi?

İkisi də birdən cavab verdi:

- Böyüyəndə bilərsən. - Babası dedi.

- Allahsızlıq! - O dedi.

- Uşağın yanında hər sözü danışma, - Babası dedi.

- Mən nə dedim ki?

- Mən uşaq deyiləm, beş yaşım var, - bunu da uşaq dedi.

- Mən səni tanıyıram... sən universitetdə mənə Ateizmdən dərs demisən. - O ağla -güman hücuma keçdi, yalan dedi.

- O vaxt zəmanə heylə idi... Elə sən də mənə tanış gəlirsən, ancaq çox dəyişmisən. - Müəllim çox tez və rahat boynuna aldı.

- Sən isə dəyişməmisən.

Müəllim hər şeyi boynuna alıb pərt oldu - Onun əməliyyatı baş tutmuşdu. O, istədi bir az dərinə getsin, uşaqdan keçmədi, yalnız bir sualla kifayətləndi:

- Sən bu uşağın ata tərəfdən babasısan, yoxsa ana tərəfdən?

- Ana tərəfdən... qızımın oğludu.

- Həəəə... - O bundan artıq heç nə demədi. Elə uşağın babası da susdu. Uşaq isə heç nə başa düşmədi.

- Baba mən marojna istəyirəm.

- Olmaz, anan icazə vermir.

- Almasan Ona deyəcəm alsın... Alarsan? - Uşaq sualı qəfil verdi. Əgər O desəydi ki, almaram namərdlik olardı, uşaq sınardı və O, uşağın gözündən düşərdi. O isə bunların heç birini istəmirdi, dedi.

- Alaram.

Uşaq özündən razı halda, gülə-gülə babasına baxıb susdu, yəni: indi sözün nədi? Baba hərəkətə gəldi:

- Sən narahat olma, özüm alaram - deyib ayağa durdu və maşınların gur yerindən keçib yolun o üzündəki maqazinə girdi. Babası gedən kimi uşağ Onun dizinin üstündə oturub boynunu qucaqladı. Onun qulağına pıçıldadı:

- Babam pisdi .

- Elə söz demək olmaz.

- Babam pisdi.

- Niyə?

-Sən yaxşısan.

- ...

- Mənim babam olarsan?

- Olaram.

- Mən sənnən getmək istəyirəm.

- ...

- Dur gedək sizə... gəlsin görsün ki, yoxuq... marojnanı da özü yeyər..

Uşaq onun boynunu qollarının arasında sıxdıqca kol dibində qorxudan bitmiş bənövşə kimi tir-tir əsirdi - uşağın öpüşləri də titrəyirdi.

- Mən babamla getmiyəcəm... Sən aparmasan... - Uşağın səsi qırıldı. O, uşağı bağrına basıb ürəyinin başına sıxanda bütün vücuduna ilıq bir rahatlıq hopdu - elə uşaq da ilamar olmuşdu.

- Bu da marojna ... ancaq yarısını yeyərsən, boğazına...

- Yarısını da Ona verəcəm... istəyirsən?

- Hə... - O dedi. Sonra da uşağın qulağına pıçıldadı:

- Bu gün işim var, sabah gəlib səni bizə apararam:

Uşaq da onun qulağına pıçıldadı: - Yox!

- Yellənçəyə minmək istəyirsən? - Babası soruşdu.

- Yox!

- Karuselə istəyirsən?

- Yox!

- Kabab yemək istəyirsən, lüləkabab?

- Yox!

- Bəs nə istəyirsən?

- Bunun qucağında oturmaq istəyirəm! - Uşaq babasının gözünün qabağında Onun əlini özünə sürtdü. O da quruyub qalmışdı -çaşmışdı.

Bir uşaq keçən əsrdən qalma kişiləri elə çaşdırmışdı ki...

Beş-on gündən sonra O, hərlənib-fırlanıb yenə gəldi parka: adamların çoxluğunda onu da özü üçün dəqiqləşdirdi ki, elə həmənki marşurutla gəzirlər, dala qabağa, dala qabağa; marojna yeyirlər, tum çırtlayırlar, pıçıldaşırlar, danışırlar, qışqırışırlar - hamam bir az da köhnəlmişdi, tas bir az da paxır bağlamışdı.

Hələ parka gələnə qədər uşağı tez-tez xatırlamışdı, uşağı xatırlayanda istər-istəməz babası da yadına düşmüşdü elə uşağın böyründəcə - tək yox...

O günü onlar ayrılıb gedəndə uşağın son pənah yeri kimi ağlaya-ağlaya ona baxıb qışqırmasını heç cür nə unuda bilirdi, nə də özünə bağışlaya bilirdi. Günahı olmadığını bilsə də özünü günahkar hesab eləyirdi: "Gərək bir şey fikirləşərdin... nə fikirləşərdin..." Bax, bu yerdə ilişirdi, tələyə düşmüş çöl heyvanı kimi çırpına-çırpına qalırdı.

O, burdakı-parkdakı yüzlərlə adamı üzdən tanısa da , onların eyni marşurutla xırman atı kimi hərəkət etdiyini dəfələrlə müşahidə etsə də bu çoxluqda, bu tünlükdə o qədər də darıxmırdı.

Uşağın isə ondan ayrıldığı bu neçə gündə, bərk darıxmağı bir yana, bu boyda böyük şəhərdə, bu boyda böyük, qədim şəhərdəki o boyda villada və nəhayət o boyda villalarındakı o boyda zəngin otağında özünə yer tapa bilməməsi də başqa bir yana - nə yeyirdi, nə içirdi, xiffət eləyirdi, valideynlərinin gözünün qabağındaca əriyə-əriyə, kövrələ-kövrələ deyirdi ki, "o babanı" istəyirəm.

"O babanı" tanıyan yeganə bir adam vardı ki, o da "bu babası" idi. Və bu babası o babasının nə adını - familiyasını, nə də yaşadığı yeri bilmirdi. O babasının haqqında heç bir məlumatı olmayan bu babasının əlindən bircə şey gəlirdi ki, səhərdən axşama qədər parkı ələk-vələk eləyib o babanı tapmaq və əhvalatı bütün təffərüatı ilə danışıb onu dilə tutmaq, onu evə aparıb nəvəsi ilə görüşdürmək, vəssalam. Bu babasının axtarışları isə hələlik heç bir nəticə verməmişdi.

İndi o boyda villa suyu sovulmuş dəyirmana oxşayırdı, yeyib içdikləri də zəhər olmuşdu. Bu babası hər dəfə axtarışdan qayıdanda onun tək qayıtdığını görsə də uşaq soruşurdu:

- Tapmadın? Hə? Tapmadın?!

Uşağın soruşduğunu eşidən anası isə ayrıca soruşurdu:

- Tapa bilmədin?

- Yox...

- Bayaqdan atası üç-dörd dəfə zəng eləyib...

Uşaq təzə söz eşitmək arzusu ilə anasının da sualının cavabını gözləyib otağının qapısını çırpdı, öz otağına - özünə çəkildi...

Bu uşağı dörd yaşı tamam olandan bir-iki gün sonra şəhərin ən gözəl, müasir baxçalarından birinə qoysalar da, çox az müddət duruş gətirib və nahardan sonra baxçanın "konstitustyası"nın tələblərinə uyğun gəlmədiyinə (davranış) və direktor qadını uşaqların və tərbiyəçilərin gözünün qabağında təhqir etdiyinə görə qovublar, ad-familyasını isə kompüterə salıblar ki, belə xüsusi təhlükəli bir uşaq peyda olub, ehtiyatlı olun. İndi bu uşağı heç bir baxçaya qəbul etmirlər, hamı ondan imtina edir.

...Bağçada onun birinci naharı vaxtı yeməkxanada yanında oturan uşaq onun boşqabına tüpürüb, o da, gözünə döndüyüm, götürüb boşqabındakı qaynar supu töküb həmin uşağın başına - lap dustaqxanalardakı kimi, sonra da başlayıb beş yaşlı uşaq öz yaşıdını necə boğmağa cəhd edərsə eləcə...

Tərbiyəçilər uşağı uşağın əlindən ala bilmirlər, direktoru köməyə çağırırlar, o qaça-qaça gəlir, uşağın sifətinə tərs bir şillə çəkir. Uşaq uşağın boğazını buraxıb onu vuran qadına qəlbindən nə keçirsə onu deyir:

- Qancıq!

Evdə-ailədə qurulan "məhkəmədə" atası ondan soruşdu:

- Bu sözü kimdən eşitmisən?

- Polis əmidən, parkda... baba da eşitdi.

- Polis əmi kimə dedi?

- Tumsatan xalaya... baba da eşitdi.

- Sənə ayıb olsun. - Atası başını buladı.

- Ayıb olsun nədi? - Uşaq gözünü atasına zillədi.

Atası başını bulayıb cavab vermədi, əslində isə dərinə getmək istəmədi və bununla da "məhkəmə" öz işini yekunlaşdırdı. Sonra anası ayrılıqda atasına dedi:

- Camaatın uşağını orta məktəbdən, universitetdən qovurlar, bizimkini də bağçadan... bunun axırı noolacaq, hə?

- Bilmirəm ... - atası ağzını sürüyə-sürüyə cavab verdi.

O uşağın cəmiyyət içinə ilk çıxışı bax belə uğursuz olmuşdu.

- Gör saat neçədi, sən hələ evdəsən? - Uşaq əsl babasına dedi.

- Çayımı içim qurtarım, indi gedirəm.

- Sən nə qədər çay içirsən axı... doymursan?

Baba axırıncı qurtumuna qədər içib ayağa duran kimi uşaq gözünü ondan çəkmədi. Baba ayağa duran kimi, uşaq anasına dedi:

- Mən də gedirəm... mən getsəm onu taparam, bu, - babasını göstərdi - özü istəmir.

- Olmaz. - Anası dilləndi.

- Qoymasan evdən qaçacam! - Uşaq bunu elə ciddi dedi ki, anası əməlli-başlı qorxuya düşdü.

Baba-nəvə evdən çıxıb yaxınlıqdakı parka üz tutdular.

Uşaq elə sevinirdi ki, elə bil dünyanı sənədlə ona bağışlayıb altına da bütün dövlət başçıları imza qoymuşdu. Ancaq Dünya uşağın nəyinə lazım idi; ona - onun özü demişkən, axtardığı o Təzə Baba lazım idi.

- Baba, əgər təzə baba bizə gəlməsə mən onlara gedəcəm...

- Mən yalvarıb -yaxararam gedər bizə, qorxma.

- Qoy iki babam olsun.

Bu əsl babanın ürəyincə olmasa da razılaşdı:

- Olsun... olsun... - güclə dilləndi.

- Həmişə də bizdə qalsın...

- Deyərəm qalar...

Uşaq çönüb babasının üzünə baxanda ovqatı təlx oldu:

- Baba, sən onu tapsan, mən səni də çox istəyəcəm. - Babasının qarşısında öz hümanitar hisslərini nümayiş elətdirib onun böyük əlini sıxdı, gözünün içinə dik baxdı.

- Taparam... taparam...

Babası cib telefonunu çıxarıb açdı:

- Alo...Bəli, bəli, parkdayam, yox hələ, axtarırıq... inşallah... Atandı. - Nəvəsinə dedi.

- Atam yaxşıdı. - Uşaq cavab verdi.

Telefona ikinci zəng gəldi:

- Alo... Bəli, bəli, parkdayam, yox hələ, axtarırıq... inşallah. Anandı, - Nəvəsinə dedi.

- Anam yaxşıdı... Anama demişəm ki, təzə baba bizdə qalacaq...

- Bəs anan nə dedi? - Əsl baba böyük narahatlığını biruzə verib soruşsa da uşaq bunu hiss eləmədi.

- Dedi ki, qalsın... anam yaxşıdı...

... Əsl baba, təzə baba, ata, ana və uşaq ikinci mərtəbədəki qonaq otağında əyləşib şam eliyirdilər. Əsl baba, ata, ana təzə babaya arabir suallar verib cavab alırdılar. Hər dəfə təzə sual veriləndə uşaq onlara deyirdi:

- Qoyun babam yeməyini yesin də.

Balaca uşağın özü boyda balaca cümləsi hər dəfə əsl babanı, atasını, anasını diksindirsə də, heç kəsin tanımdaığı bu adamın "baba statusunu" özü üçün müəyyənləşdirib qərarını vermişdi.

Qulluqçular süfrəni yığışdıran kimi uşaq təzə babadan soruşdu:

- Şahmat oynaya bilirsən?

- Hə... oynaya bilirəm.

Uşaq sevindi:

- Babam oynaya bilmir. - Əsl babasını göstərdi.

Əsl baba pərt oldu.

- Atam da oynaya bilmir- Atasını göstərmədi. Ata pərt olmadı.

Oyun başladı,yarım saata qədər çəkdi, əsl baba, ata, ana oyunçuların başına yığışıb uşağa azarkeşlik edirdilər. Uşaq axıra yaxın dörd-beş dəqiqə fikirləşdi, azarkeşlərini, axırda isə rəqibini bic, körpə təbəssümlə süzüb:

- Şah! Mat! - dedi, əl çalıb özünü alqışlayandan sonra qroysmeyster ədası ilə ayağa qalxıb nəzakətlə rəqibinini əlini sıxdı. Rəqib alın yazısının pozulduğuna və təzədən yazıldığına möhkəm inanıb uşağa tərəf əyildi, onun üzündən öpüb özünə tərəf çəkəndə şahmat taxtası yerə düşdü, fiqurlar otağın hər tərəfinə dağıldı.

Şah, vəzir, fil, at, piyadalar-hamısı böyrü üstə, hərəktsiz qalmışdı- sən demə fiqurlar ancaq şahmat taxtasının üstündə nəyi isə həll etmək iqtidarındadırlar - döşəmə taxtasının üstündə heç nədilər - köməksiz...

Təzə baba buna başqa məna veridyinə görə dəhşətə gəlmişdi - fiqurların döşəmənin üstündə belə dağılması ona az qala dünyanın dağılması kimi gəlirdi - dünyanın taleyi ilə oynayan, onu idarə eliyən fiqurların dağılması kimi...

Təzə babanın təskinliyi bu oldu ki, dünyanın Ən böyük şahmatçısını udmağın ləzzəti, onun boynunu qucaqlayıb tir-tir əsən bu uşağa uduzmağın ləzzətinin yanında heç nədi - buna möhkəm inandı - işığa çönüb göz qamaşdırdı...

lll

O, bu evdə təzə alın yazısı ilə bərabər arzuolunmaz şəxs idi - uşaq bağçada arzuolunmaz şəxs olan kimi...

Dünyanın o vaxtı idi ki, Quş dünyanın ən hündür zirvəsinə qonub ordan necə asqırdısa bütün sivil bəşəriyyət qorxusundan girməyə siçan deşiyi axtardı.

Dünyanın o vaxtı idi ki... Quş dünyanın ən hündür zirvəsindən enib Donuzun belinə qonmuşdu, ara vermədən, Donuzun belini dimdikləyirdi, dimdikləyirdi, elə bil Donuzun belindən deşik açmaq istəyirdi... Donuz oğlu Donuzun isə vecinə deyildi, dornuzluğuna salmışdı, tükü də tərpənmirdi...

Dünyanın o vaxtı idi ki, adamların nəfsi Allahın ayağının altına qədər gedib çatmışdı və Allah ayaqlarını altına yığıb oturmuşdu - iyrənirdi...

Dünyanın o vaxtı idi ki, dünya donuzlarının ağzının suyu torpağa axırdı, torpaq nəm olurdu, sonra bu nəmişlik okeanlara, dənizlərə, çaylara, bulaqlara sızırdı...

Dünyanın bütün suları bir-birilə əlaqədardı; məsələn bizim kənddəki Əsgərxan bulağıynan Sakit okeanın da əlaqəsi var və bu da heç kəsin vecinə deyil. Heç olmasın, uşağın Təzə Babasına deyəcəm ki, o da vecinə olmasın, bu, mənim əlimdə heç nədi, qələmdi də...

Dünyanın o vaxtı idi ki, qoca bir balıqçı dənizdə gördüyü dəhşətli hadisəni mobil telefonu ilə lentə almışdı; İrili-xırdalı balıqlar Sudan göyə tullanıb asqırırdılar...

Dünyanın o vaxtı idi ki, müasir, mükəmməl Ordu sistemində əsasən üç tərəfdən hücum əməliyyatı mövcud idi: Quş kimi havadan, Dönuz kimi qurudan, Balıq kimi sudan...

Təzə, ancaq bir az köhnəlmiş baba ilə, təzə ancaq bir az köhnəlmiş nəvə, birinci dəfə oturduqları köhnə, ancaq təzə rənglənmiş oturacağın üstündə yan-yana oturmuşdular. Sonra qucaqlaşdılar.

- Dincələk?- O, dedi.

- Dincələk... - Uşaq şirin-şirin razılaşdı. Bir az da bir-birinə sıxılıb canbir qəlb oldular, yorulmuşdular, mürgü döyə-döyə yuxuladılar - oldular bir Adam. Və bu Bir Adam yuxuda gördü ki, ömründə heç vaxt rastlaşmadığı üçbaşlı (quş, donuz və balıq başı) bir canlı ona deyir:

- Özünkülərə de ki, biz onları Persona nonqrata elan eləmişik, iyirmi dörd gün vaxt veririk, Yer kürəsini tərk etsinlər.

- Özümünkülər kimdi?

- Adamlar...

Sonra da Bir Adam yuxuda görürdü ki, Dünyanın Quşlarının, Donuzlarının və Balıqlarının paradı keçirilir...

O qan-tər içində yuxudan ayılan kimi uşaqdan soruşdu:

- Yuxu görmədin ki?

- Gördüm ancaq yadımda qalmadı.

- Çalış yadına salasan.

- ...

-...

- Hə... yadıma düşdü... Yuxuda quş gördüm... Hə... bir də donuz. O birisi yadımda deyil.

- Qulaq as, - O, dedi, - bu çox vacibdi, - balıq deyildi ki?

- Hə... hə... balıq idi, balıq. - Uşaq sevindi. İki adamın eyni vaxtda eyni yuxu görməsi ilahi bir saflıqdı - onlar doğurdan da qucaqlaşıb yatanda Bir Adam olublar - bir Adam...

O, uşağı sağ əli ilə qucaqlayıb Özünə çəkdi, xeyli hazırlaşandan sonra istədi Ona desin ki, "mən öləndə baş daşıma Quş, Donuz, bir də Balıq şəkli həkk eləyin" - demədi, Ona qıymadı...

9 may 2009-cu il
XS
SM
MD
LG