Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:32

«Biz demokratiya istiqamətində dayanmışıq, nəyəsə dirənmişik»


Rəhman Bədəlov
Rəhman Bədəlov
AzadlıqRadiosunun «İşdən sonra» proqramında professor Rəhman Bədəlov «natamam demokratiya» haqda danışıb. Söhbətdən bəzi maraqlı məqamları təqdim edirik:

- Rəhman müəllim, «natamam demokratiya» nədir?

- Mənə elə gəlir ki, «natamam demokratiya» anlayışı bir növ müasir politoloqların, Azərbaycan tipli ölkələrlə məşğul olan alimlərin icadıdır. Dəqiq ifadə etmədiklərinə görə bilmirlər ki, baş verən prosesə nə ad versinlər. Sanki proses demokratiyaya oxşayır. Bir çox cəhətləri də var. Digər tərəfdənsə oxşamır. Üçüncü tərəfdən isə, istiqaməti, vektoru bilinmir. Elə bil, inersiyalı qəribə bir cəmiyyətdir.

Məsələ onda deyil ki, birdən-birə tam demokratiya olmalıdır. Mənim üçün vektor əsasdır. Demarkasiya aparmaq, xətti tapmaq lazımdır. Onu keçmək istəyirsənsə, addım-addım onu keçirsənsə, deməli, bunu demokratiya adlandırardım, demokratiya olmasa, xeyli məhdudiyyətlər olsa belə. Ancaq məhdudiyyət özü demokratik məhdudiyyət olsun. Və mən bilim ki, hansı məhdudiyyət altında yaşayıram, çalışıram. Ancaq bu halda inkişaf ola bilər. Bir sözlə, qanun olsun. Əsl qanun odur ki, onu pozmaq güclü və varlılara xeyir gətirməsin. Yəni, varlılar fikirləşsin ki, qanun məni müdafiə edəcək. Qədim yunanlarda «demos» sözü varlılar, mülkiyyəti olanları əks etdirirdi. Demokratiya həmişə mülkiyyət olan adamlarda olur. O insan çalışmalıdır ki, mülkiyyəti övladlarına da qalsın.

Bizim təhsil hələ də başa sala bilmir ki, şəhərdə qanunla yaşamaq lazımdır, dədə-baba qaydaları ilə yox. O qaydalar kənddə qalmalıdır.

Düşünürəm ki, bizdə «natamam demokratiya» yoxdur, demokratiya istiqamətində dayanmışıq, nəyəsə dirənmişik. Hökumətin addım-addım irəliləməyə heç həvəsi də yoxdur. Əksinə, hamı bilir ki, «bulanıq su içində» yaşamaq rahatdır. Əzab çəkirik, stressə düşürük, psixoloji problemlərlə qarşılaşırıq. Heç birimiz də çıxış yolunu görmürük.

- Bu gün demokratiyanın inkişafı problemlərlə üzləşirsə, deməli, o böhran içindədir? Bunun səbəbləri nədir?

- Xoşbəxtlikdən antidemokratlar Qədim Yunanıstan tarixini bilmirlər. Bilsəydilər, onlar həmin tarixdə özlərinə xeyli dəlil tapardılar. Qədim Yunanıstan həm demokratiya tərəfdarları, həm də rəqibləri üçün çoxlu arqument verir. Elladalılar hüququ bilmirdilər. İndisə məlum olur ki, hüquqsuz demokratiya olmur. 100-200 il əvvəlki cəmiyyətlər isə istisna idi. Demokratiyanı ədalətli monarx şəklində görürdülər. Nəticədə, buna hazır olmayan ölkələrdə belə demokratiya gələndə daha da pis olurdu. Təbii ki, kütlədə demokratiyaya qarşı nifrət oyandı. Rusiyada «demokrat» artıq söyüş kimidir. Hətta düşünürlər ki, bütün bədlər bu demokratiyadan irəli gəlir. Çünki SSRİ haqda nostalgiya var. Nostalgiya isə pis cəhətləri ört-basdır edir. Sovet sosializm şüurunda rahatlılıq cəhətləri var. Təşəbbüskarlıq tələb olunmurdu. İş axtarmamalı idin. Müəyyən maaşla hamı dolana bilirdi. Ancaq məlum oldu ki, bu sistem güclü rəqabətə dözmür. Zəif adamlar müflis olurlar. İnsanlar da rəqabətdən çəkinərək rahat həyat istəyirlər. Düşünürlər ki, «mənə pul ver, nəyi istəyirsən imzalayım».

Buna da bax:

XS
SM
MD
LG