Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:54

Yaşar "ZARAFAT" (Hekayə)


Bu dəfə Səlim kəndə vaxtından əvvəl qayıtdı.

Nəsə, darıxdı, başa düşdü ki, yazı gözləməyə hövsələsi qalmayıb.

Bir də ki, nə fərqi, kənd həmin kənddi, uzağı zığ-palçığı azca çox olacaq.

Amma Səlim gəlib gördü ki, vaxtını azdırmayıb, yaz bu kəndə özünü ondan əvvəl çatdırıb.

Deməli, bu bir həftəni əməlli-başlı dincələcəkdi, canına güc toplayacaqdı ki, bir də bura qayıdanacan o uzaq, o yad şəhərdə bir il gecə-gündüz canına zülm verməyə tab gətirə bilsin.

Gözünü açandan özünü yetim görüb onun-bunun qapısının ümidinə yaşamışdı.

Amma bu kəndin vur-tut bircə yetimi olduğundan hamı onu özünün doğması saymışdı - bir ilxı külfətini başlı-başına buraxan da, acından köpük qusan da Səlimi görəndə kişiləşərdi, ondan ötrü var-dövlətindən keçməyə hazır olardı.

Beləcə, bir vaxtlar bu kənddə hamı Səlimə görə bir-biriylə bəhsə girmişdi, bu bəhsə-bəhsdə udan da o yetim uşaq olmuşdu.

Odur ki, böyüyüb özünü tanıyandan Səlimin bircə istəyi o yetim uşağın bu kəndə olan borcunu qaytarmaq idi.

Dabanının təriylə yığdığı pulları hər yaz gətirib bu kəndə çatdırmasaydı canına rahatlıq verməzdi.

Birinin cırıldayan darvazasını yağladardı, o birinin hüzrlü evinə qənddən-düyüdən göndərərdi, ciblərini tamam-kamal boşaldandan sonra bu kəndin havasını doyunca çəkib ciyərinə doldurardı ki, bir də bu kəndə qayıdanacan nəfəsi kəsilməsin.

Bu dəfə elə bil Allah da Səlimin ürəyini oxuyub ona bu hövsələsizliyini bağışladı, hələ desən, ildə bir kərə bu kəndə gələn Səlimin qabağına ildə bir kərə bu kəndə gələn yazı vaxtından əvvəl çıxardı.

Amma Səlim kəndi düz-əməlli görə bilmədi, iki arvad baxmaq nədi, ona göz açmağa da imkan vermədi.

İnişil kəndə gələndə qayıdanbaş Fəxrəndəylə Səltənət də oğlanlarını Səlimə qoşmuşdular.

Fəxrəndənin oğlunun sümüyü bıçağa dirənmişdi - evlənmək istəyirəm, vəssalam.

Dul Səltənətin oğlu da yetim qaldığı gündən özündən müştəbeh idi, elə bilirdi, gedib şəhərdə oxumasa ağıl-dərrakəsinin üstünə nəsə gətirə bilməyəcək, cəmi məxluqat da onun günahı ucbatından bu yer üzündə çaşıb-qalacaq.

Diləyin ürəkdə qalması pis şeydi. Bu iki oğul balaya pul lazım idi, bu pulu da onlara yetirə biləcək bir bəndə vardısa o da Səlim idi.

Odur ki, Səlim inişil bu iki arvadın xətrinə dəyməkdən vaz keçib ikisinin də oğlunu quzu balası kimi qabağına qatdı, özüylə pul dalınca apardı.

Amma indi bu kəndə o iki oğul baladan əvvəl qayıtmağıyla hər şeyi alt-üst elədi.

-Balam hanı?

Bir gün Fəxrəndə, bir gün Səltənət...

Elə bil növbə qurmuşdular, Səlimi çərlətməyincə əl çəkməyəcəkdilər.

Bu bir həftəni burnundan gətirdilər, Səlim də cibində nəyi vardısa arağa verib bu kəndə gözünün qırağıyla da baxmadı.

Bu gecə biryolluq gedirdi, özünü anda vermişdi, bir də bu yerlərə ayağı dəyməyəcəkdi.

***

Fəxrəndə gecənin bir aləmi taqqıltı səsinə yerindən dik atıldı.
Kişisi həmişəki kimi böyründəcə pallı-paltarlı yıxılıb-yatmışdı.

Evin, övlad-uşağın bütün yükü lap siftədən Fəxrəndənin üstündəydi.

Kişisi bir vaxtlar evin kişisi olmağa cəhd eləsə də sonradan Fəxrəndənin arvadlığının qabağında duruş gətirə bilməyib balalarından birinə dönmüşdü.

Bütün günü bağ-bostanda işləyib arvadından sonra yatağa girsə də əynini soyunmazdı ki, ömür-billah səksəkəli yatan arvadı qoy özü yuxudan ayılıb onu sahmana salsın.

Amma bu gecə taqqıltı səsi bu evdə illərdən bəri hökm sürən bu vərdişi pozdu, Fəxrəndə kişisini eləcə pallı-paltarlı qoyub qapıya çıxdı.

Gecənin bu vədəsində bu qapıya kim gələ bilərdi?

Fəxrəndə Səlimi görəndə tamam karıxdı, alt paltarında olduğunu da unutdu. Səlim oğlu yaşında olsa da, hər halda, kişiydi.

Amma bu dəqiqə Səlimin duruşu, baxışı elə bir kökdəydi ki, kişi nədi, onu hansısa məxluqa aid eləməyin özü müşkül məsələydi.

Deyəsən, Səlim nəsə vacib bir xəbəri çatdırmağa gəlmişdi. Amma özünü cəmləyə bilmirdi.

Elə bil deyəcəyi sözlər təsbeh dənələri kimi dağılıb yerə səpələnmişdi, o da bu dənələrə baxa-baxa qalmışdı, bilmirdi əvvələ hansını taxsın, sonraya hansını...

Axır ki, birtəhər özünü dikəldib dilləndi:
-Bilirsən, kəndə niyə gəlmişəm? Neçə gündü, deməyə ürək eləmirəm.

Elə bilirdim, mən burda olanda meyit gəlib-çıxar, amma nəsə gecikirlər, gərək özüm gedib tələsdirəm. Fikirləşdim ki, xəbər eləməyib getsəm düz çıxmaz. Sən allah, o arvadı ovundur ki, özünə bir şey eləməsin.

Meyitlə özüm də qayıdıb gələcəm. Qısası, Səltənət arvadın oğlu ölüb.

Əvvəlini bir zülümlə başladığı bu sözləri Səlim birnəfəsə dedi, sonra da dərhal dönüb getdi, arxaya da qanrılmadı.

Fəxrəndə yerindəcə quruyub-qalmışdı. Bilmirdi neyləsin- qayıdıb kişisini oyatsın,

Səltənətin kişisiz-urvatsız evinə getsin, yoxsa səhərəcən elə burda bu cür dayanıb-qalsın...

Səltənətin evinə nə vaxt gəlib çıxdığından özünün də xəbəri olmadı. Amma qonşusunun da darvazasını nəsə açıq gördü. Elə bil gecənin bir aləmi deyildi, günün günortasıydı,

Səltənət də evində oturub Fəxrəndəni gözləyirdi. Bəlkə elə doğrudan da bu iki eyni dərdli arvaddan ötrü vaxt adlanan şey ancaq gecədən ibarət idi?

Fəxrəndə salam-kəlamsız keçib oturdu, yerini rahatlayanda qəfil küləyin uğultusunu eşitdi. O səsdən elə bil bir balaca keyi açıldı.

Deməli belə, gecənin bir aləmində kişisindən xəbərsiz qonşunun evinə gəlib. Fəxrəndənin bildiyi hələ ki, təkcə bu idi.

Deyəsən, Səltənət də Fəxrəndənin bu qəfil gəlişindən karıxmışdı.

-Fəxrəndə, bu şər vaxtı xeyir ola?

-Havadan hürkdüm, dedim bir sənə baş çəkim.

Uşaq deyildi ki, Fəxrəndənin bu sözləri elə-belə səs çıxarmaq xətrinə dediyini Səltənət başa düşdü, amma özünü o yerə qoymadı.

-Bildim elə ona görə gəlmisən. Yoxsa, gecənin bu vədəsində hansı arvad hansı arvadın qapısını açar.

-Kol-köməksiz, qol-qanadsız arvadsan. Dedim, indi yəqin yağış başını deşir. Bəlkə kişimi göndərim bir əncam qılsın, dam-bacaya bir əl gəzdirsin.

Vallah-billah rahat otura bilmirəm, elə hey səni fikirləşirəm.

-Allah səni mənə çox görməsin, ay bacı.

Bu sözü deyəndə Səltənətin nəsə səsi titrədi. Az qala, Allah sənin balana necə qıydı, deyib bu gecəni indidən korlayacaqdı. Başa düşdü ki, hələ susmağı məsləhətdi, qoy Fəxrəndə özü danışsın.

-Soyuqdu, həm də əynin yalındı, qoy bir çay dəmləyim içək-qızışaq,- deyib, mətbəxə keçdi.

Çay nədi, bu boyda məşəqqətin içində adamın boğazından sumu keçərdi?

Səltənət mətbəxdəcə keyiyib-qalmışdı...

Səlim bayaq gəlib ona hər şeyi danışdı, Səltənət də bir xeyli götür-qoydan sonra dözmədi, üst-başını sahmana saldı ki, nə qədər ağır olsa da bu xəbəri gedib Fəxrəndəyə çatdırsın.

Elə təzəcə qapıdan çıxmağa hazırlaşırdı ki, Fəxrəndə özü gəldi. O arvaddan çıxmayan iş, görən, gecənin bir aləmi bura niyə gəlmişdi?

Bayaq Səlim də Fəxrəndənin oğlunun bəd xəbərini çatdıranda içkiliydi, ayaq üstə güclə dururdu.

" Dilim-ağzım qurusun, bəlkə Səlim qapıları səhv salıb?"

***

Hava get-gedə əməlli-başlı kişiləşirdi, uğultu səsindən az qalırdı, qapı-pəncərə də dil aça. İki arvad qabaq-qənşər oturub maddım-maddım bir-birinə baxırdı.

Bayaqdan süfrəyə gələn iki stəkan çaydan qurtum da içilməmişdi.

-Bir yağış-çovğunun səsinə bax, elə bil quyruğu tapdaqlı qancıqdı, hürür. Yox, sabah kişimi hökmən göndərəcəm, gəlib qapı-pəncərənin dərmə-deşiklərini tıxasın.

Tək-təkinə arvadsan, azarlayıb eləyərsən xəbər də tutmarıq.

Səltənət Fəxrəndəni həm eşidirdi, həm eşitmirdi. Bu saat gözünü, lap elə qulağını da Səlimin bayaqkı o içkili sifəti tutmuşdu.

"Allah, sən özün bu xətəri məndən uzaq elə...

Fəxrəndəyə nə var ki, iş-peşəsi doğub-törətmək olub. Cürüdən biri artıq, biri əskik, dünya dağılmadı ki? Bəs, mənim o bircəciyimə qıysan başıma haranın külün töküm?"

-Ay arvad, fikir vermə, bu yağış-çovğunu azmı görmüşük? Bənd olma, öyrəncəliyəm.

Yağış nədi, bu dəqiqə Fəxrəndənin yadına yağışmı düşürdü? Yağır, cəhənnəmə yağsın, istəyir lap göylə yer birləşsin.

"Yazıq Səltənət hardan biləsən ki, havanı yağış yox, ölüm qoxusu tutub. İlahi, görən, bu arvad o bircə balasının ölüm xəbərini alanda havalanmayacaq ki?"

-Sən dedin, mən eşitdim, bəs adamlığıma nə gəlib? Əgər mənim yerimdə olsaydın sənmi öz kişinə qıymazdın? Dünyasında inanmaram.

Söhbət uzandıqca Fəxrəndə də mətləbdən uzaqlaşırdı.

Deyəsən, belə getsə, gecənin bir aləmində bu evə nədən ötrü gəldiyi də yadından çıxacaqdı. həm də elə bil canında qaldıqca o müdhiş xəbərin vahiməsi də azalırdı, sovrulub-itirdi.

Xəbər köhnəlirdi. Fürsəti tamam qaçırsaydı, Fəxrəndə o dəhşəti Səltənətə elə deyəcəkdi ki, bayaqdan danışdıqlarıyla o xəbərin arasında fərq olmayacaqdı. Yəni, yağış yağır, külək əsir, oğlun da ölüb, vəssalam.

Ya da o xəbəri bura necə gətirmişdisə, lazımsız bir şey kimi eləcə də özüylə qaytarıb-aparacaqdı.

-Belə də dərd-azar olar, düşdük?

"Yaxşı ki, Səlimin adını çəkmədim, Cəltənət o saatca şübhələnərdi."

Səltənət başını qaldırıb bu gecə birinci kərə Fəxrəndənin düz gözlərinin içinə baxdı.

"Oğlunun ölməyindən Fəxrəndənin də xəbəri var? Bəs onda niyə bayaqdan boş-boş zəvziyir, eyninə də deyil. Yəqin Səlim abrına qısılıb, mənə dəyəndən sonra gedib bu xəbəri Fəxrəndənin özünə də çatdırıb.

Bir də Fəxrəndəyə nə var, mənim kimi gözünün ağı-qarası bircə balası deyil ki, durub saçını yola, üz-gözünü cıra."
Səltənət özündə nəsə bir yüngüllük hiss elədi.

"Amma yox, Səlimi söhbətə qatmağın hələ vaxtı deyil, qoy Fəxrəndə özü dillənsin."

-Hə, belə yağsa, zığ-palçığ həyət-bacanı başına götürəcək.
Səltənətin o cür dərdli-dərdli baxmağından Fəxrəndənin ürəyi ağladı.

"Ay Səltənət, axı, hardan biləsən ki, gecənin bu aləmində sənin qapına qonşun Fəxrəndənin qiyafəsində əzrayıl gəlib. İndi hər şeyi biləndən sonra sənə bu xəbəri gətirən Fəxrəndəyə ömrünün axırınacan lənət oxuyacaqsan.

Oğlun hələ sənin üçün sağ-salamatdı, amma bilmirsən ki, canı mənim əlimdədi, istəsəm onu indi də öldürə bilərəm, yarım saat sonra da.

Niyə axı, o yetim köpəyoğlu bu xəbəri gəlib mənə dedi, sənin özünə deyə bilməzdi, o ata-anası bilinməyən?"

Fəxrəndə üzünü yana çevirdi, deyəsən, qorxdu ki, Səltənət içindəkiləri çölündən oxuyar.

"Yox, dilim gəlmir. Bəlkə evə qayıdıb kişimi oyadım, o gəlib desin? Qoy bir səhər açılsın. Deyəsən, hava da yavaş-yavaş işıqlanır. Hələ tələsmək lazım deyil, gözləmək məsləhətdi. Gözləyəcəm... gözləyəcəm... gözləyəcəm..."

Sonra araya ölü bir sükut çökdü.

***

Hər iki arvad qəflətən təpiklə açılan qapının səsindən diksindi. Qapının ağzında dayanıb-duran Səlimin sifəti meyit rəngindəydi.

Deyəsən, içkinin havası da canından tamam çəkilib-getmişdi.
-Allahınız gətirdi ki, hirsimi boğa bildim. Yıxılın-yatın, ölən-zad yoxdu, zarafat eləyirdim.
Səlimin səsi də elə bil o dünyadan gəlirdi. Sözünü deyib açdığı kimi də zərblə qapını çırpıb getdi.

Fəxrəndəylə Səltənət bir xeyli maddım-maddım bir-birinə baxdılar.
-Səhər açılır, bəlkə yer salım elə burda yatasan?

-Yox, kişim yuxudan oyanıb məni yanında görməsə qorxub-eləyər.
Fəxrəndə Səltənəti eləcə qoyub ağır-ağır qapıya sarı getdi. Qapını açanda qəfil içəri dolan işıqdan gözləri qamaşdı.

Hər tərəf ağappağıdı.

YAŞARIN BAŞQA HEKAYƏLƏRİ

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG