Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 06:32

Çelsi klubuna transfer qadağası qoyuldu


Ümumdünya Futbol Federasiyaları Assosiasiyası – FİFA-nın Mübahisələrin Həlli Komitəsi İngiltərənin Çelsi klubuna transfer qaydalarını pozduğu üçün ağır cəza verib.

Çelsi klubu qarşıdakı iki transfer dönəmində heyətinə heç bir oyunçunu qata bilməyəcək. Bu qadağa 2009-2010 mövsümünün qış transfer pəncərəsi və 2010-2011 mövsümünün yay transfer pəncərəsi dönəmində qüvvədə olacaq.

Çelsi Fransanın Lans klubunun şikayəti əsasında cəzalandırılıb. Rusiyalı milyarder Roman Abramoviçin klubu 2 il əvvəl Lansın müqaviləli oyunçusu - 18 yaşlı Geyl Kakutanı klubun razlığı olmadan heyətinə qatmışdı.

FİFA sentyabrın 3-də açıqladığı qərarla oyunçunu da cəzalandırıb. Kakuta Lans komandasına 780 min avro transfer haqqı ödəməli olacaq. Üstəlik Kakutanın 4 aylığına rəsmi oyunlarda oynamasına da qadağa qoyulub.

Həmin qərara görə, əlavə olaraq Çelsi klubu Lansa 130 min avro oyunçu yetişdirmə haqqı da ödəməlidir.

Ümumilikdə Çelsi və oyunçunun Lansa ödəməli olduğu məbləğ 910 min avrodur. Əgər qərarla bağlı apelyasiyası qəbul edilməsə, Çelsi bir də 2011-ci ilin yanvarında oyunçu transfer edə biləcək.
XS
SM
MD
LG