Keçid linkləri

2024, 08 Sentyabr, bazar, Bakı vaxtı 14:07

Şoumen Murad Dadaşov məhkəmədə ifadə verəcək


«GEN» MMC-nin işi üzrə məhkəmə prosesi davam edir. Sentyabrın 2-də prosesə sədrlik edən hakim Eynulla Vəliyev zərərçəkmişlərin nümayəndəsi Vidadi İskəndərovun «GEN» MMC-nin qanunsuz reklam çarxlarını nümayiş etdirmiş televiziya əməkdaşlarının və Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq İdarəsinin rəisi Etibar Mahmudovun məhkəmədə dindirilməsi ilə bağlı vəsatətini təmin etməyib.

Vidadi İskəndərovun digər vəsatəti - şoumen Murad Dadaşovun, onun qardaşı Fərid Dadaşovun, «Azəristar» müsabiqəsinin təşkilatçısı Kamal Çengin, «Eksklüziv» reklam şirkətinin həmtəsisçisi Əzmi Bostanın, Xətai rayon bələdiyyəsinin Həsən adlı əməkdaşının, Elbrus Əliyevin köməkçisi olmuş vəkil Elman Abıyevin, Nadir adlı notariat işçisinin məhkəmədə dindirilməsi - isə təmin edilib.

«GEN» MMC-nin rəhbəri Elbrus Əliyevə məxsus olan və içərisində rüşvət verdiyi şəxslərin siyahısı yazılmış iki ədəd kitabça da məhkəmədə araşdırılacaq.

Məhkəmə Vidadi İskəndərovun adı rüşvətdə hallanan Göyçay, Abşeron və Xətai rayon icra hakimiyyəti başçılarının dindirilməsinə dair vəsatətinə isə ümumiyyətlə, münasibət bildirməyib. Bu da nümayəndəni əsəbiləşdirib:

«Mən adı rüşvətdə hallanan Göyçay, Abşeron və Xətai rayon icra hakimiyyəti başçılarının, Yasamal rayon İcra Hakimiyyətinin məsul şəxslərinin, sahə müvəkkillərinin, bələdiyyə sədrlərinin dindirilməsinə dair vəsatətlər vermişəm, lakin nədənsə bu vəsatətlərə ümumiyyətlə, münasibət bildirilməyib».

Zərərçəkmişlər də həmin şəxslərin məhkəmədə dindirilməsini vacib hesab ediblər. Lakin hakimin məsələyə qeyri-müəyyən münasibəti həm zərərçəkmişlərin, həm də nümayəndənin məhkəməyə etiraz edərək zaldan çıxmasına səbəb olub.

«GEN» MMC-nin rəhbəri Elbrus Əliyev mənzil almaq istəyən 350-dən artıq vətəndaşın külli miqdarda pulunu dələduzluq yolu ilə mənimsəməkdə təqsirləndirilir və bu iş üzrə artıq 3 aydır ki, məhkəmə baxışı keçirilir.
XS
SM
MD
LG