Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 10:36

Siyasi partiyalar sərhədlərin açılması barədə nə düşünür?


Ağrı (Ararat) dağı
Ağrı (Ararat) dağı
Azərbaycanın siyasi partiyaları indiki mərhələdə Türkiyə-Ermənistan sərhədlərinin açılmasının tərəfdarı deyillər. Müsavat Partiyasının başqanı İsa Qəmbər deyir ki, 16 il əvvəl bağlanan sərhədlər açılırsa, bunun bir strategiyası, konsepsiyası olmalıdır. Ki, sərhədlər bağlı olduğu müddətdə həm Azərbaycan, həm də Türkiyə bundan necə istifadə ediblər.

«MƏSƏLƏYƏ KONSEPTUAL YANAŞMA OLMALIDIR»

İ.Qəmbərə görə, əgər indi Türkiyə Ermənistanla sərhədlərin açılmasına razıdırsa, onda izah olunmalıdır ki, bunun Türkiyəyə, Azərbaycana və ümumilikdə bölgəyə hansı faydaları olacaq:

«Məsələyə konseptual yanaşma olmalıdır, yoxsa indi bu, kiməsə lazımdır, ona görə sərhədləri açaq və sabah da bağlayaq düşüncəsi düzgün deyil».

Hələ bir müddət əvvəl Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması məsələsi gündəliyə gələndə, Azərbaycan hakimiyyəti buna sərt etirazını bildirmişdi.
İsa Qəmbər
Hətta prezident İlham Əliyev həmin ərəfədə Türkiyəyə səfərdən imtina etmişdi.

İ.Qəmbər deyir ki, həmin vaxt Azərbaycan hakimiyyəti belə bir görüntü yaratdı ki, guya, Türkiyə bu məsələdə rəsmi Bakı ilə məsləhətləşmələr aparmayıb. Amma bu dəfə Rəcəb Tayyib Ərdoğanın İlham Əliyevlə telefonla danışması, daha sonra Türkiyə Xarici İşlər Nazirliyinin müavinləri səviyyəsində nümayəndə heyətinin Bakıya gəlməsi onu göstərir ki, Azərbaycan məlumatlandırılıb.

İsa Qəmbər deyir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin məsələyə münasibət bildirərkən Ərdoğanın Milli Məclisdə «Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərindən çıxmayana qədər sərhədlər açıla bilməz» mesajını xatırlatması güman etməyə əsas verir ki, bu dəfə rəsmi Bakı daha diqqətli fəaliyyət göstərəcək.

«BU, TÜRKİYƏ-AZƏRBAYCAN MÜNASİBƏTLƏRİNƏ CİDDİ ZƏRBƏ OLA BİLƏR»

Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı isə sərhədlərin açılmasını Türkiyə-Azərbaycan münasibətlərinə ciddi zərbə hesab edir. O, Türkiyə iqtidarını unutqanlıqda günahlandırır. Deyir ki, Ərdoğanın bir neçə ay əvvəl Azərbaycan parlamentində sərhədlərin açılmayacağı barədə verdiyi sözlə indiki hadisələr heç cür uyğun gəlmir:

«Ya Türkiyə öz iradəsinin sahibi deyil, onu kənardan bu işə vadar edirlər, ya da ola bilsin Türkiyə Azərbaycanın başının altına yastıq qoyur. Türkiyə Azərbaycanı bir kənara qoysun, axı Ermənistan Türkiyənin ərazi bütövlüyünü tanımır, soyqırımı iddiasından əl çəkmir və s.
Sabir Rüstəmxanlı
Bunun əvəzində Türkiyə boyda dövlət kiçik bir ölkənin ayağına gedir».

QAFQAZ UĞRUNDA MÜBARİZƏNİN KİÇİK DETALI

Ana Vətən Partiyasının (AVP) sədr müavini, deputat Zahid Oruc isə iki ölkə arasındakı sərhəd məsələsini Qafqaz uğrunda mübarizənin kiçik bir detalı hesab edir. O deyir ki, Rusiyanın Cənubi Osetiya və Abxaziyanı tutması, onların hava məkanını tam nəzarətə alması və Ermənistanda hərbi baxımdan möhkəmlənməsilə Qərb və ABŞ-ın maraqlarına ciddi zərbə dəyib. Qərb və Amerika regiondakı transmilli layihələrin hər an zərbə altında qala biləcəyindən narahatdır.

Z.Oruc hesab edir ki, indi bu məsələləri Türkiyə-Ermənistan sərhədlərinin açılması adı altında gündəliyə gətirilər. Deputat deyir ki, gələcəkdə Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi məsələsi gündəliyə gələcək:

«Amerika və Qərbin strateji institutları hesab edirlər ki, bu regionu bütövlükdə Rusiyanın təsir dairəsindən çıxarmaq üçün əvvəlcə Yerevanın Moskvadan asılılığını azaldıb onu Qərbə istiqamətləndirmək lazımdır. Mən açığını deyim ki, Türkiyənin hazırkı hakimiyyəti bu məsələlərlə bağlı qərar vermiş kimi görünür.
Zahid Oruc
Sadəcə, parlamenti də buna qoşacaqlar və cəmiyyəti də prosesə hazırlamağa çalışacaqlar».

ƏVVƏLKİ SƏRT REAKSİYA NİYƏ YOXDUR?

Əvvəlki sərt reaksiyadan fərqli olaraq indi rəsmi Bakının məsələyə yumşaq münasibət göstərməsini, Zahid Oruc Ankaranın Bakını Azərbaycanın maraqlarının qorunmasına əmin etməsilə izah edir. O, hesab edir ki, əgər Azərbaycan vaxtında sərt münasibət göstərməsəydi, indi bəlkə də Türkiyə məsləhətləşmələr aparmadan sərhədləri açmışdı:

«Türkiyə rəsmiləri Azərbaycanı inandırmağa çalışırlar ki, bu prosesdə Qarabağ məsələsi ən azı bufer zona sayılan ərazilərin işğaldan azad olunmasına aparıb çıxaracaq. Yəni bu, paralel danışıqlar səviyyəsində reallaşdırılmaqdadır».

Z.Oruc düşünür ki, əks halda Azərbaycanın reaksiyası sərhədlərin açılması məsələsinə daha kəskin olacaq.

Türkiyə ilə Ermənistan İsveçrənin vasitəçiliyi ilə «Diplomatik münasibətlərin qurulması», eləcə də «İkitərəfli əlaqələrin inkişafı»na dair protokollar ətrafında məsləhətləşmələri davam etdirmək barədə razılığa gəliblər. Türkiyə Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, siyasi məsləhətləşmələr altı həftə ərzində başa çatmalıdır. Sonra məsələ tərəflərin parlamentlərində müzakirəyə çıxarılacaq və ikitərəfli münasibətləri qaydaya salmaq üçün əsas yaradan iki protokol imzalanacaq.
XS
SM
MD
LG