Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:11

16 il əvvəlki etimadsızlıq...


«Heydər Əliyev o dövrdə nə istəsə idi, o da olacaqdı. Amma o, ən demokratik yolu seçdi»

Düz 16 il əvvəl - 1993-cü il avqustun 29-da Azərbaycanda «Prezident Əbülfəz Elçibəyə etimad göstərilməsi haqqında» Ümumxalq Səsverməsi (Referendum) keçirilib.

Mərkəzi Seçki Komissiyasının rəsmi məlumatına əsasən, həmin səsvermədə iştirak edənlərin 97.5 faizi prezident kimi Əbülfəz Elçibəyə etimad göstərmədiyini, 2.1 faizi isə bunun əksini deyib.

Referendumun nəticəsinə əsasən, Milli Məclis 1993-cü ilin 3 oktyabrında növbədənkənar prezident seçkisinin keçirilməsi barədə qərar qəbul edib.

AXCP sədri Əli Kərimli deyir ki, Əbülfəz Elçibəyə etimadsızlıq məsələsi Heydər Əliyevin təşəbbüsüylə baş tutub. O hesab edir ki, Surət Hüseynov vasitəsilə hakimiyyəti ələ alan Heydər Əliyev gözləmədiyi halda beynəlxalq ictimaiyyətin müqaviməti ilə üzləşib:

«Parlament Əbülfəz Elçibəyi hakimiyyətdən kənarlaşdırmaq haqqında qərar qəbul eləsə də, Heydər Əliyev hiss edirdi ki, beynəlxalq ictimaiyyət onun legitimliyini tanımır. Məhz öz legitimliyini artırmaq, guya, Elçibəyin hakimiyyətdən qanuni yollarla uzaqlaşdırıldığını təsdiqləmək üçün o, referendum təşəbbüsünü irəli sürdü».

AMİP lideri Etibar Məmmədov isə belə bir vəziyyətdə referendum keçirilməsini normal hal sayır. Onun fikrincə, Elçibəy hakimiyyəti qoyub getmişdisə, bu yer boş qalmamalı idi:

«Əgər xalq ona etimad göstərmişdisə, gərək yerində oturaydı».

Politoloq Mübariz Əhmədoğlu isə deyir ki, Elçibəyə etimad məsələsini referenduma çıxarmaqla Heydər Əliyevin məsələnin hüquqi həllini istəyib:

«Elçibəy gedib oturmuşdu Kələkidə, nə gəlirdi, nə də ərizə göndərirdi. Yəni, məsələnin hüquqi tərəfdən həll edilməsinə heç bir istinad yox idi. Belə bir vəziyyətdə referendum ən universal vasitədir. Təbii ki, Heydər Əliyev o dövrdə nə istəsə idi, o da olacaqdı. Amma o, ən demokratik yolu seçdi».

Əbülfəz Elçibəy 1992-ci il iyunun 7-də Azərbaycan prezidenti seçilib. 1993-cü il yunun 17-də hərbi qiyam səbəbindən paytaxtı tərk edərək Naxçıvanın Kələki kəndinə köçüb. İyunun 24-də Milli Məclisin qərarı ilə vəzifədən uzaqlaşdırılıb. Avqustun 29-da bu qərar ümumxalq referendumunda təsdiqlənib.

Ə.Elçibəy Bakıya bir də dörd il yarım sonra - 1997-ci ilin payızında dönüb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG