Keçid linkləri

2024, 17 May, Cümə, Bakı vaxtı 01:36

Fəxri Uğurlu "EHSAN" (Hekayə)


Giriş yerinə

Üstündən illər ötsə də, o məclisin sözü-söhbəti indi də danışılır. Dərisinin altında bir çimdik ət qalmasa da, saçı samana dönsə də, sümükləri ovulub tökülsə də, səsi-sözü-nəfəsiylə Toğrul bəy o dünyadan bu dünyaya hələ də yol çəkir; damarları bu gün də pas tutmayıb, sinirləri yenə də elektrik keçirir. Bu yaşda bir dərsini də boş buraxmır, ayaqları məktəbə gedən yolun hər daşını-çökəyini tanıyır. Yanında təkər saxlayan maşınlara oturmaz, belə ayaqla yol getməyə nə var, deyər, başını buraxırsan, özü aparıb səni mənzilə çatdırır…
Özgə kəndlərdə, özgə şəhərlərdə, özgə ölkələrdə məktublaşıb-dostlaşdığı adamların çoxundan çoxdandı soraq çıxmır – ölən ölüb, unudan unudub, kiminsə də gövdəsi tabuta dönüb içini çölünə qapayıb. Toğrul bəy kimin nə halda olduğunu bilməsə də, məktub yazmağından qalmır. O məktublar bəlkə də yolda azır, poçt atları çərləyəndən, poçt qatarı relsindən sapandan bəri bəlkə heç kənddən qırağa çıxmayıb da, ancaq bütün yer üzü göydə qəzaya düşsə, Toğrul bəyin umuduna xətər toxunmaz. O bütün məktubların gec-tez öz ünvanına çatacağını bilir.

İçindəki gələcəyə kəşfiyyata getməyindən bu gün də qalmır, dərs dediyi uşaqların qabağına düşüb hər gün tarixi o başdan üzübəri gəzə-gəzə gəlib evinə çıxır. Tarix bütün yazılan-yazılmayan günləriylə yatanda da onun yadından pozulmur. Tarixdən ayrı qalmaq ondan ötrü ölümdən də betərdi. O, tarixi yenə də fikir tarixi sayır, tarix fikrimizin bədənidi deyir, min il qabaq deyilmiş sözü bu gün olanlara bağlayan teli tapıb uşaqlara göstərir.
Gözünün qabağında dünya neçə yol sökülüb-qurulub, sərhədlər pozulub-cızılıb, xəritələr dəyişib, ancaq onun tarixinin qanunları hələ də dəyişməyib. O qanunlar fələyin işləklərindən baş açmaqda, görünməyəni görməkdə, gələcəyi bilməkdə bu gün də onun karına gəlir. Çoxları dünya savaşının sovuşduğunu düşünəndə Toğrul bəy üçüncü savaşın artıq başlandığını deyirdi. Dünən ona inanmayanlar bu gün inananlar qədər, hələ ondan da az olar. O, cəbhədən gələn bir xəbəri də gözdən-qulaqdan yayındırmır, deyir bu dava hələ uzun çəkəcək. Hardan, nədən bildiyini soruşanlara qabaqkı kimi bir cavabı var:
- Tarix dəqiq elmdi…

O vaxtlar kənddə məclislər lentə alınmazdı – camaatda videokamera nə gəzirdi! Uzaqbaşı bir fotoqraf çağırıb şəkil-zad çəkdirərdilər, onu da hər adam eləyəmməzdi. Lentə alınmasa da, Toğrul bəyin məclisinin görüntüsü sözün-qələmin yaddaşında bugünə gəlib çatıb. Şəhərdəki adlı-sanlı qəzetdə müxbir işləyən bir yetirməsi o məclisi başdan-ayağa izləmişdi, gördüklərini yazıya alıb işlədiyi qəzetdə çap elətmək istəmişdisə də, yazı redaktorun senzurasından keçməmişdi. O dövrdə dövlətin siyasətinə uyuşmayan yazıları çap eləməzdilər.
Çap olunmasa da, yazı müxbirin sandığında tozlana-tozlana gününü gözləmişdi. İllər sonra kəndə bir də yolu düşən qəzetçi şəhərə qayıdandan sonra yazını eşib çıxarıb sonuna bir varaq da artırmışdı. Sonralar senzura aradan götürülsə də, qəzetçi vaxtı keçmiş yazını çap elətmək fikrindən daşınmışdı. Yalnız indi – yazıldığından az qala otuz il keçəndən sonra yazı işığa çıxıb, bu yaxında yubileyi keçiriləsi qəzetçinin kitabına düşüb.

Yas çadırı, yoxsa toy mağarı?..

Təklifçi kəndi qapı-qapı gəzib hamını filan günün filan saatına Toğrul bəyin məclisinə çağırırdı. Qapıya çıxan, pəncərədən baxan, çəpər üstdən boylanan bir söz soruşmağa macal tapmamış təklifçinin atı tozanaq qoparıb gözdən itirdi.
Ata-anasını Toğrul bəy o dünyaya çoxdan yola salmışdı. Oğlunu evləndirib qızını köçürəndən sonra hesabla onun qapısında hələ uzun illər mağar qurulası deyildi. Ona görə bəyin çağırışından kimsə bir şey anlamırdı, hamı səbirsizliklə deyilən günün yetişməyini gözləyirdi.
Deyilən gündə-saatda el arvadlı-kişili Toğrul bəyin qapısına axışdı. Qapı nə toy qapısına, nə də vay qapısına oxşayırdı, darvazaya nə qırmızı parça, nə də qara parça bağlanmışdı, ona görə gələnlər bilmirdilər ev yiyəsinə gözaydınlığı versinlər, yoxsa ölüsünə rəhmət oxusunlar.

Böyük mağar qurulmuşdu. Mağarın yuxarı başına tutulmuş gəvənin üstündən Toğrul bəyin böyüdülmüş şəkli asılmışdı. Şəklin altındakı qıvraq masanın arxasında kənd mollasının oturmasından məclisin yas məclisi olduğu bilinirdi. Di gəl, molladan azca aralı bütün ölkənin tanıdığı xanəndə – şəhərdə yaşasa da, əsli-kökü bu kənddən olan, bir zaman Toğrul bəyin dərs dediyi muğam ustadı tarlı-kamanlı çalğıçılarla yanaşı qavalı dizinin üstündə oturmuşdu. Ustəlik, masalara içki də düzülmüşdü – bunlar da şənlikdən xəbər verirdi.

Qadın-kişi mağarda qarışıq oturduldu – indiyəcən kəndin xeyirində-şərində, heç bir yığıncağında belə şey görünməmişdi. Məclis başlanan kimi iş aydın oldu – sən demə, Toğrul bəy özünə ehsan verirmiş…
Keçmişdə bu kənd onun babasının mülkü olmuşdu. Dövran dəyişəndən sonra kişinin torpağını əlindən alıb bölüb kəndlilərə paylamışdılar, özünü də gedər-gəlməzə göndərmişdilər. Ağalığı, mülkü əldən getsə də, ağayanalığı, bəyliyi kişinin əlindən ala bilməmişdilər. Torpağından hamıya pay düşsə də, adından ad götürmək hər kəsə qismət olmamışdı. Təkcə dünyaya bəyzadə kimi gəlmiş oğlu yox, bəylik zamanından sonra doğulan nəvəsi də babasının torpağı üstündə bəy oğlu bəy kimi ömür sürmüşdü. Kənddə hamı bu torpağa, bu elə onun ərkini, ixtiyarını sözsüz-sovsuz tanımışdı. Buna görə heç kim ona müəllim demirdi, bəy sözü yasaq olunanda belə hamı onu bəy deyib çağırırdı.

Beləcə, bir zamanlar mülkədarlıq, zadəganlıq bildirən söz onun adıyla yanaşı dura-dura içini dəyişmişdi – adamın çölündən yox, içindən soraq verməyə başlamışdı…
Məclisi rəhmətlik özü açdı, özü də apardı. İndiyəcən bu kənddə çox məclis yola vermişdi, ancaq heç birində belə diri görünməmişdi. Niyə də görünməyəydi – öz vayına oturmaq, öz ehsanını yemək, üstəlik, ehsan aşını toy aşı kimi bəzəmək bu kəndin bünövrəsi qazılandan kimsəyə qismət olmamışdı. Ömrün ən ağır günündən-gecəsindən elin gözü qabağında dəqiqə-dəqiqə, saat-saat sağ çıxan bəy elə bil ölümə getmirdi, ölümdən gedirdi.
O gün kölgəsini də götürüb gedəndən sonra, yeni günün gözü açılar-açılmaz Toğrul bəyə elə gəldi daha ölümdən adlayıb, ölümdən diri çıxıb. Bir gecədə fələklə hesabı çürütmüşdü, köynəyini ölümün caynağında qoyub gəlmişdi. Geri boylandıqca o, qanı daman cəsədini görürdü. O cəsəd ölüm yuvasıydı, qanı axan, can verən, ölən ölümün özüydü. Ölümünü fələyə təhvil verib gecədən çıxmışdı. Ölüm geridə qalmışdı.

Ölənəcən yaşamağa nə var – çətini indən beləni yaşamaqdı. Ölənəcən ölüm hamını diri göstərir; bir də baxırsan sənə diri görünən göz qırpımında yox oldu. Çətini bundan sonradı. Azmı olub ölüb ölümdən qayıdanlar, sonra da ölməməkdən bezənlər, gecə-gündüz yalvarıb fələkdən bir ucuz ölüm istəyənlər?..
Bundan sonra Toğrul bəy lap istəsə də, ölümü hardan alacaqdı? Ehsanını yeyib fatihəsini verənlər onun yasına bir də yığışmazdılar – belə şeylə zarafat eləmək olmaz! Ona görə də indən belə ölümsüz yaşamağa alışmalıydı.
Ancaq ona qədər burda, bu məclisdə, elin gözü qabağında ölüb-dirilməliydi, öldüyünə də, dirildiyinə də camaatı inandırmalıydı…
- Sizi bura halallaşmaq üçün yığmışam. Daha mənim bu dünyayla elə bir alış-verişim qalmayıb. Əllini aşırmışam, üzü altmışa gedirəm. Atamı-anamı torpağa tapşırmışam, oğlumu ev-eşik yiyəsi eləmişəm, qızımı köçürmüşəm, arvadın kəfənpulunu da yığmışam. Daha öz evimdə də qonaq kimi qalıram. Bu məclis mənim sizə son borcumdu. İstəmirəm məndən sonra kiminsə belində yüküm qalsın. Heç kimin, heç doğma balamın da!
Məclisə hazırlıq görəndə oğlum məndən bərk incidi. Dedi məni nə sayırsan, deyirsən dədəmə ehsan verməyə kişiliyim çatmayacaq? Dedim, oğul, bu dünyada kimsə kimsəyə ehsan verə bilməz, hər kəs gərək öz ehsanını özü versin. Yaxşı kişi olarsan, bir gün sən də eli başına toplayıb özünə ehsan verərsən. Ölməmişdən ölə bilsən, öləndən sonra yaşamağın kefini sən də görərsən…

İstəyirəm indən belə məni öldü biləsiz. Nə sizin məndən umacağınız olsun, nə mənim sizdən. Bir-birimizə neyləsək, boynumuzun borcu kimi eləməyək, könüldən eləyək. Nə verdiyimizi borc verək, nə aldığımızı borc alaq. Düzdü, mən bundan qabaq da çalışmışam könülsüz iş tutmayam. Dünyadan az borc almışam, alanda da aldığımı sələmiylə qaytarmışam. Ancaq dünyanın bala dərdi, bala qayğısı da var. Bala qayğısı dura-dura təkcə könül qayğısıyla yaşamaq olmur. Ölməyincə bu dünyanın qayğısından qurtarmaq olmur.
Mən ömrümü başa vurdum. Kəndiri boğazımdan açdım. İndən belə yer üzündə nə yaşasam, demək, artıq yaşamışam, demək, o yaşanan bu ömürdən deyil. Bundan sonra nə alacağım olar, nə verəcəyim; məndən ötrü alım-verim bir-birindən çıxılmaz, üst-üstə gələr. Sabahdan məndən qıraqda nə keçmişim olacaq, nə gələcəyim.

Bir gün cəsədim heydən düşüb yükünü belindən atanda səssiz-küysüz aparıb bir quyuya sallayarsız, üstünü torpaqlayıb dinməzcə evinizə dağılışarsız. Soruşan olsa, deyərsiz onsuz da çoxdan ölmüşdü, qalan qaraltısıydı…
Ehsanımı halal xoşluqla yeyin. Qarşınıza bircə haram çöp də gəlməyəcək – hamısı öz qazancımdı. Özünüzü tox tutun, dünyamı dəyişməkdə mənə kömək göstərin. Mənim bundan ağır günüm olmayıb, olmayacaq da – bu gün, bu gecə mən ölüb ölümdən keçməliyəm. Sabahı diri açsam, demək, ölümdən adladım, demək, öldüm qurtardım…

Molla duamı oxuyub fatihəmi verəndən sonra keçib sizin aranızda oturacaq. İstəmirəm bu məclisi yasa çevirək. Burda oyun havası da çaldıra bilərdim – istəmədim. Onda da məclisimiz toya oxşayardı. Toya oxşamağına sözüm yoxdu – gəlin bu gün hamılıqca könlümüzə toy eləyək. Qoy bu toyda bədənlər yox, ruhlar oynasın. Yeyək-içək, deyək-gülək, həm şənlənək, həm qəmlənək. Qoy bu gün qəmlə sevincin sərhədi bilinməsin, ağlayan kefdən ağlasın, gülən dərdindən gülsün.
Elə ona görə bu məclisə xanəndə çağırmışam. Qoy o da oxuduğunu molla kimi ruhumuza tapşırsın. Qoy bunların çalğısı mağarda yox, içimizdə toz qaldırsın. Yatanlarımız oyansın. Bir yerdə yaşadığımız hər günü, hər saatı yenə yaşayaq. Yaxşımızı-pisimizi ortaya tökək. Mənim rəhmətimi də, lənətimi də üzümə oxuyun. Ürəyinizdə qubarınız qalmasın – çətin bir də danışmağa belə fürsət tapasız.

Bu gün, bu gecə heç kim heç yana tələsməsin. Elə bilin meyidim ortalıqdadı, məni yerdən götürmək üçün sabahı gözləyirsiz. Siz də mənə son borcunuzu belə verin. Ömrüm boyu bu günün arzusunda olmuşam. Yeyək-içək-hallanaq, ölüm bizi ayıq tutmasın…
Molla oxuduğunu tapşırandan sonra xanəndəylə çalğıçılar başa keçdilər. Tar-kaman dillənəndə məclis adamının qırışığı açıldı. Əllər yeməyə uzandı, araq, çaxır şüşələrinin bəzəyi pozuldu. Buyruqçular qabları boş aparıb dolu gətirdilər, içki şüşələri ölüb dirildi.

Nə kimsəyə söz verildi, nə kimsədən söz alındı – sağlıq demək, xatirə danışmaq, şeir söyləmək könüllüydü. Bu kənddə indiyəcən heç bir içki məclisi bu qədər ədəbli ötüşməmişdi. Muğam oxunanda hamı dinməzcə qulaq asdı, danışanın sözünü kəsən olmadı. Ağlayana gülmədilər, güləni qınamadılar. Bir gözdən ağladılar, bir ağızdan güldülər. Nədən danışdılarsa, bir ucu gəlib Toğrul bəyə calandı. Rəhmətliyin sağlığına o ki var içdilər.
El içində deyərlər xeyirlə şər qardaşdı. O məclisdə toyla yas qardaşdan da artığıdı. Bu kəndin adamları toy mağarında vayı, yas çadırında bayramı heç vaxt belə açıq-aydın görməmişdilər, bəlkə bundan sonra da görməyəcəkdilər.

Olumun-ölümün, gəlimin-gedimin həm barışdığı, həm də qurtardığı məclisdə küsülülər də barışdı, düşmənçilik də qurtardı. Bu onun, o bunun içinə axdı, hamı axıb bir-birinə qarışdı, hamının sərhədi pozuldu. Qapı-pəncərəsi, hasar-çəpəri, darvazası, it-pişiyiylə bir-birindən qorunan camaat sayıqlığını itirdi - qazdan ayıq adamların bostanına oğru girmişdi, nələri varsa, ölüm yığıb aparmışdı. Bundan belə sayıqlıq kimin nəyinə gərəyidi?
Ola bilsin, sabah yenə ayılacaqdılar, ayıqlıq yenə sayıqlıq gətirəcəkdi. Təkcə Toğrul bəy içdiyi şərabın dumanında azacaqdı, bir də onu gördüm deyən olmayacaqdı…
O məclisdə deyilənləri, görünənləri köçürməyə on qələmin gücü yetməzdi. Biz yalnız yadımızda ən çox qalan çıxışlardan parçaları yazı dilinə çevirmişik. Neyləmək, bir sel suyu bir bardağa yığmaq olmaz…

XXX

Yerli hökumətin başçısı Dövlət kişinin dediklərindən:
- Çoxdanın söhbətidi, söyüdün altında yeyib-içirdik. Soruşdum, bəy, heç qumar oynamısan? Mən özüm cavanlıqda yaxşı oynayanıdım, bilirsiz. Dedi qumar məclisində çox oturmuşam, udanın-uduzanın üzünə çox baxmışam, ancaq oyuna girməmişəm. Dedim niyə? Dedi oynasam, gərək düz oynayaydım, qumarda da düzlüklə baş girləmək olmaz. Günün birində bir qızılbarmaq əlimə yaxşı xallar verib şirnikdirəndən sonra üç tuzla bütün qazancımı, var-yoxumu, udduqlarım bir yana, mayamı da silib-süpürüb aparacaqdı. Ona görə bu oyunda uduzmamağım mənim ən böyük qazancımdı, qumardan mənim götürdüyüm xeyri oynayıb udanların heç biri götürməyib… A bəy, sən canın, söhbətimiz yadındadı? Yalan deyirəmsə, ağzımdan vur…
Hə, ona görə də, dedi, qumardakı düzlük adamı düzdə qoyar, düzlük, halallıq adama can sağlığı, xoşbaxtlıq gətirsə də, qumarbazın düzlüyü bəhrə verməz. Əyri yolla düz getmək olmaz, dedi, düz adamın gərək təkcə yerişi yox, yolu da düz olsun… Bəy, bəlkə də o söhbəti unutmusan, ancaq sənin o gün dediyin sözləri beynimə elə bil mismarla döyüblər.
İndi, ay camaat, bu məclisi ayaqdan-başa süzürəm, ürəyimdən düz danışmaq keçir. Hökumət adamına ürəkdən söz demək hər saat qismət olmur, bilirsiz. Neçə ildi bu kəndə başçılıq eləyirəm, siz mənim cikimi-bikimi tanıyırsız, mən sizin. Bələkdəki körpənizi göstərib soruşsalar, deyərəm bu filankəsin kökündəndi, bu filankəsin sortundan… Öz aramızdı, çoxumuzun ömrü qumarda keçib, nə udan oyundan əl çəkib, nə uduzan. Bir-birimizin sonuncu qəpiyini də cibindən çıxartmağa çalışmışıq, buna gücümüz çatmayanda demişik heç olmasa uduzduğumuzu qaytaraq. Özgə malını da öz uduzduğumuz bilmişik. Oyunçu oyunçunun əlinə baxdığı kimi gözümuz onun-bunun çəpərinin o üzündə olub. Ömür boyu bir-birimizdən xal gizləmişik, birləşməyimiz, açılışmağımız da kiminsə əlində xalını tutmaqdan ötrü olub. Oyunumuza girməyənə lağ eləmişik, ayama qoşmuşuq, oyun bilmir, səydi, demişik, oyun bilsə, oynayar, lütün biridi, demişik, uduzmağa bir şey tapsa, oynayar. Düz də demişik.

Təkcə bəyi görəndə oyunumuzdan utanmışıq. O dediyimiz sözləri bircə onun qarasınca deməmişik. Deməyə kişiliyimiz çatmayıb. Hamımız bir mətləbi yaxşıca qanmışıq: bəy avam deyil – oyun qaydalarını incəliyinə qədər bilir; kasıb da deyil - babasından qalanı yüz il də indən belə xərcləsə, qurtarmaz. Burdan nə çıxır? Yer üzündə oynamayan adam tapılmaz – dünyaya gəldinsə, demək, səhnədəsən. Belə çıxır bəyin oyunu bizimkindən maraqlı olub, ona görə də bizim oyunumuza qoşulmayıb. Ancaq mən buna yox, bir ayrı işə mat qalmışam, a kişilər! Bəyin bizdən yaxşı olduğunu görə-görə, boynumuza ala-ala niyə heç vaxt onun yerişini yeriməyə çalışmamışıq, niyə onun kimi yaşamaq istəməmişik?..

Hamımız el içində, işdə-gücdə, evdə-eşikdə özümüzü elə göstərmişik guya bizim gördüyümüz iş olmasa, dünya yerindən dəbərməz. Vallah, çoxumuz bu dünyanın belində artıq yükük, olmasaq, bəlkə mənzilə bir az tez çatar. Biz boş qazan danqıldadanda bəy başını aşağı salıb işini görürdü, balalarımızı əlimizdən alırdı. Bizdən adam olmayacağını vaxtında başa düşdü, yoxsa əməyi itəcəkdi. Uşaqlarımızı üstümüzə qaldırdı, necə deyərlər, kənddə mədəni inqilab elədi. Nəticəsi də göz qabağında: mahalın az qala yarısını Toğrul bəyin yetirmələri idarə eləyir. Bir neçəsi də burda, bu məclisdə sizlə böyür-böyürə oturub.
Mən öz-özümə çox demişəm, aya, bəyin bu qədər hörməti, arxası ola-ola nə yanuz bir inqilab da eləyib bizi devirmir? Nə gizlədim, bir ara bəydən əməlli-başlı xoflanmışdım da. Xislətim məni ürkütsə də, bilirəm: bəyə bizim hakimiyyətimiz gərək deyil, olmayıb, olmayacaq da! Onun öz hakimiyyəti var. O bizi havaxt istəsə, devirər, biz onu heç vaxt devirə bilmərik…

Kənd məktəbinin direktoru Maarif müəllimin dediklərindən:
- Dövlət kişinin sözünə qüvvət, mən özüm dönə-dönə Toğrul bəyə yalvarmışam, demişəm sən dura-dura o otaqda oturmağa utanıram, gəl yerini tut, vicdanım dincəlsin. Sizdən nə gizlin, dilim desə də, ürəyim bəyin bu işə qol qoymayacağını həmişə bilib. Bəy də mənim ürəyimdən keçəni bilməmiş deyildi, ona görə təklifimi eşidəndə ya qaşqabaq sallayıb, ya da üstümə çəmkirib. Bir gün də açıldı, nə açıldı! Dedi, a kişi, nə kreslo-kreslo salmısan, atı yəhəriylə tanıtmaq istəyirsən?! Mənim barmaq basdığım işi sənin kimi min kreslo düşgününün qolu-möhürü poza bilməz... Düz üzümə dedi. Odu-budu, bəyə bir də yaltaqlanmadım. Yadınızda saxlayın: yer üzündə yaltaqlıqdan ləzzət alan adamlar olduqca yaltaqlar da olacaq. Gördüm mənim yarınmağım onu iyrəndirir. Öz aramızdı, çox vaxt bizdən umulmayan yerdə yaltaqlıq eləyirik, yoxsa işçi müdirdən yaltaqlıqmı gözləyəsiydi?..
Ondan sonra aramız düzəldi. Bir-birimizin gözünə baxıb danışa bildik. Yarınmağımın da niyəsi vardı: uşaq hamısı – oxuyanı da, oxumayanı da bəyin başına and içirdi. Bir də görürdün bir yaz günü uşaqları başına toplayıb bağa getdi, dərsini ağacların kölgəsində keçdi; ya hansısa oğlanın hansısa qızı sevməsi dərsin mövzusu oldu. Uşaqlar ondan heç nəyi gizlətmirdilər. Bəy özü də onlara hər sirrini verirdi. Düzü, onun bir sirri də yoxudu, uşaqlara hamımızın bildiyimiz, ancaq demədiyimiz, sirr kimi saxladığımız nə varsa, onu danışırdı.

Baxanda bəyin işləkləri elə də qorxulu deyildi, di gəl, uşaqlara o qədər ərk olunması canımıza vəlvələ salırdı. Boynumuza almasaq da, səbəbini bilirdik: biz bir belə azadlıq görmüş uşaqlarla işləməyə hazır deyildik. Üzdə bəyənməsək də, ora-bura yozsaq da, bəyin metodikasına paxıllığımız tuturdu. Əslində bircə addım atsaq, onun gördüyü işi biz də görə bilərdik. Elə o bir addımın çatısını boğazımıza salıb durmuşduq. Mən burda bəyin qılığına girirdim, orda kollektivi onun üstünə qaldırmağa çalışırdım. Ancaq bəyin nə o vecinəydi, nə bu. Hər dərsiylə təkcə uşaqların yox, bizim də dərsimizi verirdi. Öz-özümə deyirdim tez-gec bunu onsuz da mənim yerimə göndərəcəklər, qoy bəri başdan təklifi özüm verim, bəyi utandırım, direktorluq istəyindən daşındırım…
Görürsünüz, əzizlərim, bu kişi başını aşağı salıb öz işini görməkdə, mən də ondan özümə dərd düzəltməkdə, plan cızmaqda. Mən söz vermirəm sabah yenə də o dərdlə yaşamayacam. Ancaq bu gün, bu axşam bu məclisdə, bu mağarda Toğrul bəyə üzümü tutub deyirəm: bəy, sən bizim hamımızdan böyüksən, bizi böyüklüyünə bağışla. Yalanı yoxdu, sağ qalsan, yenə sənə paxıllıq eləyəcəyik, yenə dalınca danışıb ağız büzəcəyik. Bu da bizim yaşayışımızdı, sən bizdən incimə. Çalış öl, canını bizdən qurtar…

Deyirsən mənim yaxşımı-pisimi ortaya tökün. A kişi, biz sənin pisini hansı gözümüzlə görə bilərik?! Sən bizim gözümüzlə özünə baxa bilməzsən, baxsan da, üzünü əyri görərsən. Bəlkə yetirmələrinin gözü işinə yarayar, bilmirəm.
Sənin dediyin hər dərs on ölünün ehsanıdı. Sən özünə bəs deyincə ehsan vermisən, yemək-içmək onun yanında nəmənədi?..
Toğrul bəyin şəhərdə böyük vəzifədə işləyən yetirməsinin dediklərindən:
- Bəy bizə dünya tarixini öz tariximiz kimi, kəndimizin, nəslimizin tarixi kimi öyrədirdi. Elə bilirdin min il qabaq olanları öz gözünlə görmüsən, dünyanın bünövrəsi qoyulandan həmişə işin içində olmusan, torpağa bir ot da sənsiz əkilməyib. Ona görə də yoldan qıraq, gözdən uzaq kənddə otura-otura heç birimiz özümüzü ucsuz-bucaqsız dünyada yad, kimsəsiz bilmirdik. Özumüzü qərib, atılmış, unudulmuş saymırdıq.
Özü də təkcə keçmişdən danışmırdı. Gün boyunca yer üzündə baş verən əsas hadisələri qəzetlərdən, televiziyadan, xarici radiolardan izləyib bizə də söyləyirdi. Hələ bu gündən sabaha proqnoz da verirdi. Onun dedikləri yerini alanda biz bəylə əməlli-başlı öyünürdük, bizə elə gəlirdi baş verənlərdə onun əli var. Tarix gözümüzün qabağındaca yaranırdı.

Bunun sirrini sonralar başa düşdüm: bəy tarixin qanunlarını dərindən mənimsəmişdi, tarixin düsturunu tapmışdı. Hansı tənlik, hansı çətin məsələ olur olsun, o düsturun köməyilə həll eləyirdi. Bəlkə də düz demədim, o düstur tarixin yox, bəyin öz qəlbinin düsturudu, bizim həyatımızın düsturudu – axı tarix də elə bizim həyatımızdan yaranır!..

Böyük şəhərdə yaşayıram – o şəhərə hər gün dünyanın sükanını əlində fırladan adamlar gəlib-gedir, neçəsiylə bir küçədən keçib bir havadan uduram. Əlimdə böyük ixtiyarım var – dünyanın avarını çəkən adamların uzun bir siyahısını tutsalar, o siyahının ayağına mənim də adım yazılar. İnanın, Toğrul bəyin son dərsindən çıxandan bəri ayağımı bircə yol da tarix yaranan torpağa basmamışam. Yatanda da elə bilirəm kiminsə yatmaq göstərişinə əməl eləyirəm. Mənə elə gəlir bütün dünya bir qatara doluşub gedir, mən də əlimdə bilet o qatarın dalınca qaçıram. Kefimin lap kök çağında özümü o qatarın yanınca qaçan görürəm. Hələ sükan arxasında demirəm, barı yolçular arasında görə biləydim özümü…

Görə bilmirəm. Elə bilirsiz təkcə mənəm bu tora düşən? O dediyim adamlar – dünyanın sükanını fırladan adamlar elə bilirsiz tarixin gedişatını dəyişə bilərlər? Ay-hay! Uzaqdan elə görünür guya onlar sükançıdılar, yaxına gedəndə görürsən əllərindəki sükan deyil, avardı. Onlar da mənim kimi avar çəkirlər, üstəlik, gəmi nə qədər böyük olsa, avarçının zülmü o qədər artıq olar.

Bəs onda sükan kimin əlindədi? Hə, bax, bu yerdə məsələ yoğunlayır, mətləb incəlir. Mənə elə gəlir sükan Toğrul bəy kimi adamların əlindədi – özləri bunu bilsələr də, bilməsələr də…
Bəy, bilmirəm hara gedirsən, niyə gedirsən. Bilmirəm üzünü bir də görə biləcəyikmi. Bu ayrılıq günündə mən də yalnız ürəyimdən keçəni demək istəyirəm: mənə elə gəlir hamımız sənin böyür-başını bəzəməkdən ötrü, sənin məclisində oturmaqdan ötrü yaranmışıq. Hamımız səni layiq olduğun yerə yola salmaq üçün bu dünyaya gəlmişik…
Poçtalyon Yolçu kişinin dediklərindən:
- Qırx ilə yaxındı bəyin qapısına məktub aparıb-gətirirəm. Hərdən mənə sataşırdı, deyirdi, Yolçu qağa, Allah olsaydım, mənim Cəbrayılım sən olardın.
Q
abaqlar bəyin tanımadığı yerlərə, üzünü görmədiyi adamlara məktub yazmağı mənə uşaq əyləncəsi kimi görünürdü. Məktubu yazırdı, sonra xəritəni qoyurdu qabağına: ya qonşu mahalın hansısa kəndini, ya qonşu ölkənin bir şəhərini, ya da uzaq, narahat ölkələrdən birini seçib ünvanını konvertin üstünə köçürəndən sonra məktubun başını bağlayırdı. Adresin birindən hay çıxmasa da, o birindən mütləq cavab gəlirdi. Yadınızda olar, bir ara hansısa ölkənin başçısı da bəylə məktublaşırdı; bəyin uzaqdan-uzağa onun hərəkətini izləməsi, hansısa çıxışına görə onu tənqid eləməsi prezidentin xoşuna gəlmişdi, hələ bəyi ölkəsinə də çağırmışdı.

Bəy məktubun üstünü elə usta yazırdı, məktub getdiyi yerdə hərlənib-fırlanıb özü öz ünvanını tapırdı. Bir də görürdün araya nəsə bir dava düşdü – fikir davası; o ordan yazdı, bu burdan, kağız kağızı qovdu, məktub məktubla tutaşdı, bu minvalla üç il, dörd il söz güləşdirdilər. Bir də görürdün yazışa-yazışa bir qızla sevişdilər, bu onun, o bunun dərdindən öldü; aradabir küsüşdülər, sonra yenə barışdılar; sonra qız bunu atıb bir ayrısına qoşuldu, məktubların arası kəsildi… Mən o məktubları açıb oxumasam da, hamısının tarixçəsini bilirəm, bəy özü məktub təsərrüfatını mənə tapşırıb.

Bir gün dedim, bəy, vallah ağıllı adamsan, bu ürəksıxan yurdda, tozun-palçığın içində özünə yaxşı əyləncə tapmısan. Dedi, qağa, səhvin var, bu, əyləncə-zad deyil. Dedim bəs nədi? Dünyanın xəritəsini göstərib dedi bunu görürsən, böyüdüb boyaboy evimin divarına tutsam, yenə bizim kəndimiz o xəritədə seçiləsi deyil. Qoy bizdən uzaqlarda bizim də bu dünyaya gəldiyimizdən xəbər tutsunlar, dedi, qoy bilsinlər bu torpağa, havaya biz də ortağıq. Qoy görsünlər yuxularına da girməyən yerdə onların dərdini çəkən var, dedi, onlardan ötrü darıxan var. Dünyaya gələn təkcə öz canının, öz evinin, kəndinin yiyəsi deyil, dünyanın da yiyəsidi, dedi, ona görə də bu dünyada yaşayan adamların dərdini çəkməyə, işinə qarışmağa bizim ərkimiz çatır – qoy bunu bilsinlər!

Sonra öz-özümə dedim, aya, üzünü görmədiyi, yerini-yurdunu tanımadığı adamlarla bəyi nə birləşdirir? Bir dünyada yaşamaqdan başqa heç nə. Dünya nədi - özü boyda poçt qutusu, rabitə qovşağı. Bir qarış əkin yerindən, bir addım biçənəkdən ötrü baş yarırıq, bir ovuc torpaq aramıza girir. Ancaq elə həmən torpaq yer üzünə bir-birindən xəbərsiz gəlib-gedən nə qədər adamı calaşdırır! Bizi bir göyün altına, bir yerin üstünə yığan həyat özü elə böyük bir məclisdi. Di gəl, çoxumuz öz məclisimizə özgədən təklif gözləyirik, qulağımızın dibindəki çal-çağırdan xəbər tutmamış gedirik. Hayıf! Ayağımızın altındakı torpağa oğulluq eləyirik, yiyəlik eləmirik…
Qonşusu Bağban kişinin dediklərindən:
- Gözümü açandan əkin-biçin suvarmışam, ağac bəsləyib-böyütmüşəm. Bu kənddə məni tanımayan ağac çətin tapılar, hansı ot susuz yansa, adımı dillə çağırar.

Elə bəyin çəpərindən də səsə boylandım. Gördüm həyət-baca çır-çır çığırır, ağaclar mələşir. Bel götürüb arxın suyunu bəyin qapısına döndərdim. Bağ-bostan becərməyə yazığın macalı nə gəzirdi…
Üç gün səhərdən axşama o qapıda əlləşdim. Ağacların dibini bellədim, tənəkləri budadım, dirriyin alağını elədim. Torpaq sudan içdikcə səsini kəsdi, məst olub yuxuya getdi. Torpaq yatanda mənim də qulağım dincəldi.
O üç gündə Sara bacı mənə üç min alqış elədi, çayımı-çörəyimi verdi, əldən-ayaqdan getdi. Bəy məktəbdən qayıdanda işimə baş çəkirdi, həyətdə oturub bir istəkan çay içirdik, sonra yenə mən işimin üstünə gedirdim, o da öz otağına çəkilirdi.

Üçüncü günün axşamı dedim, bəy, səndən bir söz soruşacam, xətrinə dəyməsin. Dedi buyur. Dedim canın üçün sağolunu istəmirəm, sənin sağlığın bizə bəsdi; niyə soruşmursan, a belə-belə olmuşun oğlu, üç gündü mənim qapımda nə gəzirsən, səni bura kim çağırıb?.. Düzü, bəyin saymazlığı məni yaman tutmuşdu, öz-özümə deyirdim, ə, olmaya bu məni nökəri-zadı bilir? Sara bacının xətri olmasaydı, bağa da, bostana da tüpürüb gedərdim.

Dedi, Bağban kişi, buraların məhlə yeri kimi bölündüyü yadına gəlir? Dedim yaxşı yadımdadı, onda sən uşaq olardın. Dedi onda buralarda çəpər-zad vardı? Dedim düzün ortasında nə çəpər? Dedi çəpəri sənlə mən çəkmişik, eləmi? İndi sən bu çəpərin o üzünü özününkü, bu üzünü özgəninki sayırsansa, onda niyə özgənin dərdinə qalırsan? Yox, bu bağı-bostanı da özününkü bilirsənsə, öz işinə görə niyə özgədən muzd umursan? Mənim ağacıma, mənim dirriyimə qulluq göstərirsənsə, demək, mənə qulluq eləyirsən – onda gərək nökər, muzdur olduğunu da boynuna alasan. Yox, ağaca da, dirriyə də özününkü kimi baxıb can yandırırsansa, onda bu bağ-bostan daha mənim deyil, səninkidi. Halal xoşun olsun!..

Meşəbəyi Ormanın dediklərindən:
- Qabaqlar bəy meşəyə tez-tez gələrdi. Gedib-gedib meşənin tünlüyündə özünü azdırardı. Soruşanda, bəy, o qalınlıqda nə itirmisən, deyərdi özümü gəzirəm, özümü itirmişəm. Görürdün bir palıdla üz-üzə durub bir saat yerindən qımıldanmadı. Deyirdi belə olanda ağacla aramda sərhəd pozulur, ağacın içində də özümü tapıram, ağacdakı gözümlə üzümə baxıram. Deyirdi belə vaxtda bilmirəm ağaca baxan adamam, yoxsa adama baxan ağacam… Quşları güdməkdən də yorulmazdı. Deyirdi göydə süzən quşa baxanda elə bilirəm yeri göydən görürəm, uçan günlərim yadıma düşür, istəyirəm göydən yenim çiynimə qonum…

Dərs ili başlananda uşaqları yığıb meşəyə gətirirdi, birinci dərsini ağac kölgəsində keçirdi. Deyirdi meşə bizim keçmişimizdi, tarix burdan başlanır. Yox, ay camaat, demirdi əcdadımız meşədən çıxıb, yox, deyirdi meşə özü bizim əcdadımızdı, biz adam olana qədər, deyirdi, bu meşədə dondan-dona girmişik… Mən uşaqların arasında uşaq kimi ona qulaq asırdım, həmən vaxt meşəni qırıb aparsaydılar, xəbərim olmazdı.

Tay-tuşlarımın yadına gələr, mən çox sərrast atırdım. Bir yol mərc gəlib quşu gözündən vurmuşam. Bəy məni danlayanda dedim, bəy, qoruyanda yaxşıdı, yeyəndə yox? Yüzünü qoruyuram, birini də meşədən haqq alıram. Qayıdıb dedi, meşəbəyi – belə vaxtda məni adımla çağırmazdı, qaşını da, səsini də qaldırardı – onda sən meşənin bəyi olmadın, oldun meşəqulduru. Quldur da payını alandan sonra karvana yol verir, hələ desən, karvanı özgə qaçaq-quldurdan qoruyur da. Sən quldursan meşədən xərac alasan? Qorumaq budusa, onda talamaq nə təhər olur? Səninki qorumaq deyil, meşəbəyi, qənaətlə yeməkdi, tikəni sabaha saxlamaqdı… Dedim axı dövlət də bizi qorumaq üçün bizdən qurban istəyir, vergi yığır… Sözümü ağzımda qoydu, dedi dövlət də quldurdu… Bəyi o günkü kimi qəzəbli görməmişdim – elə dedi, dedikləri yeddi qatımdan keçdi. Odu-budu, nə meşəyə güllə atdım, nə qoruqdan bac aldım.

Bir sarsaq vərdişimi də bəyin sözüylə tərgitmişəm. Hər dediyimə təbiətdə dəstək gəzirdim, bitkilərdən, heyvanlardan özümə tutalğa düzəldirdim, otdan-ağacdan, atdan-eşşəkdən, nə bilim, tülküdən-dovşandan misal çəkirdim. Belə danışdıqca bəy əlini əlinə vurub uğunurdu, sən hərləyib-fırlayıb bizi meşəyə qaytaracaqsan, deyirdi, bəsdi camaatı itə-pişiyə, qoyuna-keçiyə oxşatdın…
Bir yol uşağı buyruğa göndərmişdim, yarıtmayıb üstümə qayıtmışdı. Bərk danlayandan sonra uşağı getdiyi yerə bir də göndərdim. Bəy də ordaydı. Uşağın dalınca baxa-baxa dedim, bəy, deyəsən, bu gədədən mənə yönlü oğul olmayacaq. Dedi, oğlan, dilindən tora düşmüsən. Təbiəti çox gözümüzə soxurdun, de görüm hansı canlı verdiyi yemi balasının başına qaxır? Hansı quş, hansı heyvan balasını bəsləyib-böyütməkdən xeyir güdür, hansı yırtıcı balasından dünyaya gəlməyinin əvəzini istəyir?..

Kənd xəstəxanasının müdiri, can həkimi Şəfa xanımın dediklərindən:
- Əsgərlikdən qayıdanda ona dedim kaş heç gəlməyəydin. Dedi niyə belə danışırsan? Dedim sənə məktub yazanda elə bilirdim bütün dünya qarşında əsgər nizamıyla sıraya düzlənib, məktubumu dünyanın gözü qabağında açıb oxuyacaqsan, yazdığımı aləm hamı eşidəcək. Əlim əsirdi, dodağım titrəyirdi, gözüm dolurdu, yazdığımı pozub-qaralayıb-cırıb bir də yazırdım… Dedi mən də elə bilirdim cəmi mahal səhər-axşam yol qırağına çıxıb yolumu gözləyir. Heç evdəkilərin də gəldiyimdən xəbəri olmadı, səhərə yaxın barını aşıb həyətə düşdüm, evə oğru kimi girdim, dinməzcə uzanıb yorğanı başıma çəkdim…

Düzü, heç o zaman da mən ona gələcək ərim kimi baxa bilmirdim, onu nəsə özgə cür istəyirdim, gəlişini də ayrı cür gözləyirdim. O, tək gəlməməliydi, özündən qabaq xəbəri çatmalıydı, gəlişi görünməmiş bir bayram olmalıydı. Mən istəyirdim onun arxasında bütün dünyanı görüm, bütün dünya onun çiyni üstündən boylanıb mənə baxsın, bir-birindən soruşsunlar: o qız bu qızdı?.. Görünür, o da öz qarşılanmağını ayrı cür gözləyirmiş. İkimiz də xəyal ağacından yıxılmışdıq.

Beləcə, yavaş-yavaş aramız soyudu. Yaş da artmışdı, daha qabaqkı kimi görüşə də bilmirdik. Görüşüb nədən danışaydıq? Köhnə söhbətlərə qayıtmaq gülünc olardı, yeni söhbətə də mövzu tapılmamışdı. Yay vaxtıydı, bir azdan hərəmiz bir şəhərə oxumağa gedəcəkdik, ona qədər yükü çiynimizdən atıb keçmişlə qurtarmalıydıq. Ancaq birinci addımı heç birimiz atmaq istəmirdik. Onun yaxınları onu, mənimkilər məni qınayırdılar. Səbəb axtarırdılar, tapmayanda özlərindən uydururdular…

Ayrılsaq da, bir gün yenə bu kənddə yolumuz kəsişdi. Onun arzusu çin oldu. Hayıf, o vaxt səbirsizlik eləyib əsgərlikdən yazdığı məktubları yandırdım; yazırdı bir gün gələr, sən o kəndin canına əlac taparsan, mən ruhuna…
Ayrı evdə yaşasaq da, ayrı sənətin yiyəsi olsaq da, bu neçə ildə ikimiz də bir işi görmüşük: camaatı xəstəlikdən qorumağa, xəstədisə, sağaltmağa çalışmışıq. Bunu başa düşəndən mən onu yenə qabaqkı kimi istəməyə başladım.
Bir həkim kimi deyirəm: dünyada sağlam bədən yoxdu, sağlam ruh var. Ruhda zəiflik olar, gücsüzlük olar, xəstəlik olmaz. Ancaq ən sağlam can da, dəmir kimi bədən də xəstədi, can sağlığı özü də bir azardı. Hər cür xəstəlik orqanizmin yaşamaq istəməsindən törəyir – bu mərəzin adına həyat deyərlər. Həkim xəstənin ağrısını kəsə bilər, lap quduz iştahın, quduz tamahın da qarşısına bənd vurar, ancaq bunla xəstə bədən sağalmaz. Ən yaxşı müalicə xəstənin könlünü yerindən oynatmaqdı – buna deyərlər ruh terapiyası. Ruhu işlək bədənin sinirindən nur damar, siniri sağlam olan can ağrımaz.
İkimiz də bir divarın üzünü ağartmışıq – mən çöldən, o içəridən. Görün nə qədər yaxın olmuşuq – bir divarın o üz-bu üzündəki adamlar kimi. Bu gün bizim işimizə ara verib divar dalından çıxan günümüzdü.

O vaxt bir damın altına girsəydik, hərəmizin ruhuna iki bədən düşəcəkdi. Həkim kimi deyirəm – bir könülə iki can ağır yükdü. Ancaq indi ikimiz də canımızda iki könül gəzdiririk. Bir bədənə iki ruh çox faydalıdı – həkim kimi deyirəm…

Şofer Qulunun dediklərindən:
- Gözümü açandan bu kəndlə şəhərin arasında yol ölçürəm, bilirsiz. Marşrutumu dəyişdiyim, xətdən çıxdığım yadıma gəlmir. Marşrutumdan qıraq kəndləri, şəhərləri sükan əlimə keçənəcən gördüyümdü. Bu başdan o başa gedib çıxanacan hərdən yolda yatıram da – hər çala-çökəyi, döngəni-dikdiri gözüyumulu tanıyıram. Qabaqlar bu var-gəl məni bezdirirdi, sonra gedib gələ-gələ alışdım. Özü də elə alışdım, elə bilirdim xətdən çıxsam, ya çörəyimi itirəcəm, ya sağlığımı. Marşrut boyu o baş-bu başa diyirləndikcə özümü inandırırdım, deyirdim belə yaxşıdı, adam bir yolu çox gedib-gəldikcə yolun dilini də öyrənir, əyrisini-düzünü tanıyır, xatadan-qəzadan uzaq olur. İnandıra-inandıra elə inandım, odu-budu, inandığıma şəkk eləməmişəm.
Tək bircə yol. Onda da bəy məni bərk səksəndirib, elə bil yatdığım yerdə başıma bir ləyən su əndəriblər. Ayılıb öz-özümə demişəm mən hardayam, nə iş görurəm, bu kəndlə bu şəhərin arasında cavan ömrümü niyə çürüdürəm? Dunyada o qədər gəzməli-görməli yerlər var, o qədər şütüməli yollar var, mən niyə özümü it kimi bu beş addımlıq yola bağlamışam?.. Öz-özümə belə deyə-deyə az qalmışam havalanam, maşını yoldan çıxarıb şumun içinə sürəm. Di gəl, bəy düşüb gedəndən sonra beynim yenə dumanlanıb.

Üzü şəhərə gedirdik. Bəy yanımda oturmuşdu. Soruşdu, Qulu, bu maşını alandan şəhərdən o üzə adlamısan? Dedim, bəy, adlamaq istəyərdim, ancaq oralara heç müştəri düşməyib. Neyləyək, biz də boğazımızdan bu yola bağlıyıq, bir tikə çörəyin quluyuq. Dedi sən çörəyin yox, bu yolun qulusan. Heç istəməmisən yolun uzansın, ayrı yerlər, ayrı adamlar görəsən, ayrı adamlar da səni görsün-tanısın? Dedim istəməyinə istəmişəm, ancaq əlacım nədi. Ayağımı qaza basıb kənddən qopanda elə bilirəm uzaq səfərə çıxıram, birdən lap kövrəlirəm, gözüm də dolur, geridə qalanlarıma yazığım gəlir. Di gəl, şəhərə çatanda baxıram yolum qurtarıb, burdan o yana getməyə yerim yoxdu. Dedi fikir vermişəm, kənddən çıxanda güllə kimi çıxırsan, qayıdanda suyun süzülə-süzülə qayıdırsan. Sən bu halınla bilirsən nəyə oxşayırsan – zənciri uzun qapı itinə. Dedim o nə deməkdi? Dedi bizim bir itimiz vardı, uzun zəncirlə ağaca bağlamışdıq. Doqqazdan içəri girən olanda yerindən elə qopurdu, deyirdin indi gələni alıb-yatacaq. Bilənlər arxayın-arxayın həyətin ortasına yeriyirdi, bilməyənlər qayıdıb qapıya qaçırdı. İrəli nə havayla cumurdusa, zəncir dartılanda it göydə mayallaq vururdu, ilgək az qalırdı başını üzsün. Ən gülməlisi də bilirsən nəydi – o it hər qapıdan girənə o hikkəylə cumurdu, zəncirdə olduğu yadından çıxırdı.
Bundan sonra sol əlini kürəyimə vurub dedi, hə, Qulu kişi, bax, bu yol sənin zəncirin, o şəhər də ilgəyindi…
Qanım it qanına döndüsə də, dinmədim. Bir az sonra boğazımı arıtlayb dedim, bəy, sən özün də ora-bura çox gedən deyilsən. Dedi haqlısan, ancaq məni dünyaya çox yollar calaşdırır. Səninki bircə bu qır döşənmiş yoldu, o da şəhərdə qurtarır…

Qızı Nərgizin dediklərindən:
- Atam bizə evdə dərs öyrətməzdi, deyərdi mən sizin məktəbdə müəlliminizəm, evdə yox. Vay o günə evdə sizə müəllimlik eləyəm, məktəbdə atalıq… Çətinə düşəndə köməyimizə anamız çatardı.
Öz-özümə deyərdim bəlkə atam düz eləmir, bəlkə evdə bir cür, məktəbdə ayrı cür olmaq yaxşı iş deyil? Sonra başa düşdüm, yox, ailən-uşağın varsa, evdə evin kişisi, arvadının əri, uşağının da atası olmalısan. Ustadlığını, müəllimliyini məktəbə saxlamalısan. Vay o gunə, atam demiş, ustadlığını evdə sınaqdan keçirib dədəliyini məktəbdə göstərəsən.
Atam evdə bizi göydən yendirən atamızıdı, məktəbdə – göyə qaldıran atamız…

XXX

Şənbə günü günortadan başlanan məclis bazara adlayan gecə yarıdan keçənəcən uzandı. Səhərə yaxın qonaqlar Toğrul bəyin fatihəsini verib mağarı boşaltdılar, bəyə rəhmət oxuya-oxuya evlərinə dağıldılar.
Dan yeri ağaranda Toğrul bəy bir ulduzu uçan göyə, bir boşalan mağara baxıb əlini oğlunun çiyninə qoydu:
- Həə, - dedi, - deyəsən, yaxşı qurtardıq…

P.S.On səkkiz ildən sonra

İllər boyu kəndə qaçaraq gedib-gəldiyimdən dəyişənləri görməyə macalım olmamışdı. Göz açılırdımı görəsən? Şəhərdə aclıq, qıtlıq, üsyan, qiyam, savaş, çevriliş… hamısı bir-birinə qarışmışdı. Bu harayda kəndmi yada düşərdi!..
Aradan keçən illər çox dərdi, çox qayğını özüylə aparsa da, gələn illər yenilərini gətirmişdi. Torpaq çox yaraları sarımışdı; bir zaman yası ellikcə tutulan, qəbirə bir mahalın çiynində gedən kişilərin adı indi öz ocağının başında anılmırdı. Əvəzində yeni qan yataqları tapılmışdı, qan quyuları qazılmışdı; yeni qan fontanları vurulmuşdu, qan ocaqları çatılmışdı. Yenicə sarınmış yaraların sarığı qanlı-qanlı qızarırdı.

Köhnə dərdlər ortalıqdan yığılıb dərd yiyələrinin sandığına atılmışdı. Təzə dərdlər soyumağa başlasa da, hələ göz qabağındaydı, ortadan götürülməmişdi.
Köhnə illərdən hamının yadında ancaq Toğrul bəyin ehsanı qalmışdı. Dünya sökülüb-qurulmuşdu, sərhədlər pozulub-cızılmışdı, xəritələr dəyişmişdi, bu kənd o günü yaddan çıxartmamışdı.
Xəritələr, dövlətlər, qanunlar dəyişmişdi, Toğrul bəyin düsturu dəyişməmişdi. Onun qanunlarının bir hərfi pozulmamışdı.

Məktəb daha məktəbdən çox tövləyə oxşasa da, o nə öyrənməkdən, nə öyrətməkdən qalırdı, uşaqların qabağına düşüb hər gün tarixi gəzə-gəzə gəlib evinə çıxırdı.
Fatihəsini oxudandan bəri sinifdən qıraqda kimsəylə danışmırdı, evdən məktəbə başaşağı gedib başaşağı qayıdırdı, dindirən olmasa dinmirdi, çağıran olmasa dönmürdü. Yanından ötənlər onu o dünyadan qayıdan ölüyə, diri meyidə oxşadırdılar, ürküb-eymənib gendən-gendən keçirdilər, əllərini əllərinə vurub başlarını bulayırdılar: pah atonnan, bu kişi deyəsən ölməyəcək!..

Onun yasında oturan, ehsanını yeyən adamların çoxu ölüb getmişdi, ölməyənin də yarı canı qalmışdı:
Dövlət kişi hökumət dəyişəndə uşaq-muşağın üstünə ayaq alıb onu devirməsini heç cür sinirə bilməmişdi, çərləyib ölmüşdü;
Maarif müəllim can üstəydi, deyirdilər mədəsində xərçəng var, nə yeyirsə, qaytarır, nə görürsə, iyrənir, özündən də diksinir;

Toğrul bəyin şəhərdəki yetirməsi qabaqkından qat-qat aşağı vəzifədə işləyirdi, özgənin yediklərini ört-basdır eləməklə dolanırdı, oturmaqdan, piylənməkdən neçə xəstəlik tapmışdı;
Köhnə poçt sistemi dağılanda Yolçu kişinin bədənindəki rabitə qovşağı da sıradan çıxmışdı;
Bağban kişinin qapı-bacası, həyəti çoxdan vağam olmuş kövşənə dönmüşdü;
Ormanın şəkərdən gözü tutulmuşdu, quş nədi, ağac nədi, meşəni də görmürdü;
Şəfa həkim təqaüdə çıxmışdı, ayağını yel qurutmuşdu, evdə divardan tuta-tuta yeriyirdi, divar dalından çıxa bilmirdi, divar qurtaranda yıxılırdı;
Şofer Qulu bircə yol marşrutundan çıxmaq istəmişdi, maşını var gücüylə şuma sürüb zəncirini qırmışdı;
Nərgiz nənə olmuşdu…

Toğrul bəy hələ də o dünyadan bu dünyaya yol çəkirdi. Yanından ötənlər ayaq saxlayıb dalınca baxırdılar, əllərini əllərinə vurub başlarını bulaya-bulaya:
- Bu bəy yaman bic adammış - deyirdilər, - ölümə kələk gəldi, ehsanını verib ölümü azdırdı, ölməyəcək - deyirdilər - bu kişi, dünyasında ölməyəcək…

Gəncə, 16 mart 2007

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG