Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:36

Sel Şəkini susuz qoydu


Almaniya rejissoru Fayt Helmerin Şəkidə çəkdiyi filmdən bir kadr
Şəkidə su problemi o qədər məşhurdur ki, 2006-cı ildə Almaniya rejissoru Fayt Helmerin də diqqətini cəlb etmişdi. Onda alman rejissor sevgi çalarları da əlavə etməklə Şəkiyə gəlib susuzluq problemindən kino da çəkmişdi.

Həmin vaxt Helmer filmin ssenarisi haqqında mənə danışırdı ki, ssenari uyğun yeri tapana qədər çox ölkələri gəzib, Azərbaycana gəlib çıxanda isə bilib ki, axtardığını tapıb:

«Dünyanın 11 ölkəsində oldum, filmi çəkmək üçün uyğun kənd axtarırdım. Azərbaycanda axtardığım yeri tapdım. Bir neçə il əvvəl qəzetdə oxumuşdum ki, kiçik bir kənddə belə bir hadisə baş verib. Su kəməri xarab olub, qadınlar çarəsiz qalıb ərlərinə deyiblər ki, su kəməri düzəlməyincə kişilərlə yatağa girə bilməzlər. Bu hadisəni baza kimi götürüb, məhəbbət hadisəsi qurdum».

ŞƏKİNİN SU PROBLEMİ HƏLL OLUNMUR Kİ OLUNMUR…

Fayt Helmerin 2006-cı ildə çəkdiyi film dünyanın çox ölkəsində göstərilib, Şəkinin su problemi isə həll olunmur ki, olunmur.

Şəkinin su probleminə hər yay sel-daşqın əlavə problem gətirir. Güclü yağış yağan kimi lil-palçıq Şəkinin su təsərrüfatını iflic edir. Keçən həftə də Şəkidə daşqın oldu. Üstündən neçə gün keçsə də camaat susuzdur:

«Bir göy çatladı ki, sel-su az qaldı bizi götürüb aparsın. Ondan sonra yağış aləmi götürdü. Sular kəsildi. Çayın suyu aşıb-daşırdı. Kəndlərə, yollara çox ziyan dəyib. Su gəlmir, məcburuq maşınla alırıq».

Şəki sakini Teybə Əliyeva deyir ki, daşqından sonra neçə gündür susuzluqdan əziyyət çəkirlər. Suyu maşınla almaqsa camaata əlavə problem gətirib: «Elə ailələr var ki, suyu maşınla almaq imkanı yoxdur. Su problemini birdəfəlik həll eləmirlər ki, canımız dincəlsin».

Şəki sakinləri deyir ki, daşqından sonra yaranan problemlər təkcə suyla bağlı deyil, xəstəliklər də artıb: «Sel-daşqından sonra uşaqlarda allergiya, yüksək hərarət var. Sel suları həyətlərə ilanlar da gətirib. Kanalizasiya tutulur, zirzəmilər suyla dolur, evlər nəmişlik çəkir. Hamımız xəstəyik».

«VƏZİYYƏT NƏZARƏT ALTINDADIR»

Camaata dəyən ziyan haqda Nazirlər Kabinetinə məlumat verilib. Şəkinin Fövqəladə Hallar Komissiyasının sədri Valeh Ələkbərov deyir ki, Kiş çayında suyun səviyyəsinin qalxması rayonun içməli su təchizatı iflic vəziyyətinə salmışdı. Rayonun Vərəzət və Zəyzit kəndlərini birləşdirən 25 metr uzunluqlu körpünü isə sel aparıb. İşıq da verilmirmiş. Valeh Ələkbərov deyir ki, işıq verilməsi bir neçə gün əvvəl, suyun verilməsi isə avqustun 27-dən bərpa olunub: «Vəziyyət nəzarət altındadır, şəhərə su da verilməyə başlanılıb».

Şəki Su Kanal İdarəsinin baş mühəndisi Nüsrət İsrafilovsa deyir ki, bu gündən su verilsə də lillidir. O ki qaldı Şəkinin yağış, sellə artan su probleminə, baş mühəndis deyir ki, bu su stansiyasının yararsız olmasıyla bağlıdır:

«Bizim sular 5-6 ay lilli olur. 1963-cü ildə tikilən stansiya 30 minlik əhali üçün nəzərdə tutulub, Şəkidə isə 80 min əhali var. Çatdıra bilmirik. Stansiya tamamilə yararsız haldadır. Noyabr ayında yeni stansiya tikiləcək. Layihə işləri başlayıb, tender qurtarıb».

Baş mühəndis əmin edir ki, yeni stansiya tikiləndən sonra Şəki əhalisinin canı su problemindən birdəfəlik qurtaracaq.
XS
SM
MD
LG