Keçid linkləri

2024, 14 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 12:50

Deputat Əhəd Abıyevin adı «GEN» MMC işində hallandı


Avqustun 25-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə «GEN» MMC-nin rəhbəri Elbrus Əliyevin məhkəməsi davam edib. Prosesdə zərərçəkmişlər dindirilib.

Maraqlı ifadələrdən biri zərərçəkmiş Şamil Əliyevə məxsus olub. Zərərçəkmiş ifadəsində göstərib ki, Ağayev Fariz, Rzayev Sabit, Şirinov Elçin və digər qohumlarıyla birlikdə (onlar da iş üzrə zərərçəkmiş kimi tanınıblar) hər birisi «GEN» MMC-yə 8 min manat ödəməklə mənzil krediti müqaviləsi bağlayıblar. Lakin sonradan mənzil ala bilməyəcəklərini başa düşərək pullarını geri tələb etməyə başlayıblar.

«Mənzil krediti bağlamış digər qohumlarımla birlikdə «GEN» MMC-nin ofisinə gəldik ki, müqaviləni pozub pullarımızı geri alaq. Orada bizi Elman Abıyev qarşıladı. Məqsədimizi biləndən sonra dedi ki, Elbrus burda heç kimdir, şirkətin əsl sahibi deputat Əhəd Abıyevdir, mən də Əhəd Abıyevin qardaşıyam. Arxayın ola bilərsiniz, mənzillərinizi alacaqsınız. Bir müddət də o aldatdı bizi. Sonra bizi Xırdalana apardı, bir villa göstərdi, dedi ki, bu villa da bizimdir. İstəyirsiniz, bir az da pul verin, villanı verək sizə. Özünüz satıb pulunu bölərsiniz aranızda. Həmin villaya bizi üç dəfə apardı. Sonradan xəbər tutduq ki, həmin villada yaşayan var» - deyə zərərçəkmiş şəxs ifadəsində göstərib.

Zərərçəkmişlərin nümayəndəsi Vidadi İskəndərov təqsirləndirilən Elbrus Əliyevə zərərçəkmişin ifadəsi ilə bağlı suallar verərkən Elbrus Əliyev bildirib ki, «mənim bunlardan xəbərim yoxdur, bu məsələni Elman Abıyevlə aydınlaşdırarsınız».

Elman Abıyev Elbrus Əliyevin «GEN» MMC-nin hüquqi məsələlərində köməkçisi olub. Bu şəxs Elbrus Əliyevin Abşeron rayon İcra Hakimiyyətinə 70 min manat rüşvət verməsində vasitəçi olub.

Zərərçəkmişlərin nümayəndəsi Elman Abıyevin məhkəməyə çağırılması barədə vəsatət verib.

Məhkəmə prosesi davam edir.
XS
SM
MD
LG