Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:29

Baş tutmayan görüşün faciəli tarixçəsi…


Kamran Novruzəli Məmmədovun böyük oğlu olub. Atasının həbsindən 7 ay sonra - 2007-ci il sentyabrın 8-də vəfat edib
Kamran Novruzəli Məmmədovun böyük oğlu olub. Atasının həbsindən 7 ay sonra - 2007-ci il sentyabrın 8-də vəfat edib
«- Hiss edirdim ki, nəsə olacaq. Dedim ki, 5 dəqiqə mənə icazə verin, görüm onu.
- İcazə vermədilər ?
- Yox icazə vermədilər. Dedilər ki, bu ayın 22-si görüş gününüzdür. Çox yalvardım onlara. Dedilər ki, sonra şərait yaradarıq, görüşüb ürək sözlərinizi deyərsiniz. Ancaq elə görüşüb deyə bilmədim, ürək sözlərimi ona…»

Məryəm xanım həbsxanada vəfat edən həyat yoldaşı Novruzəli Məmmədovla baş tutmayan görüşünün nisgilinə qapılıb. O avqustun 16-da Penitensiar Xidmətin tibb müəssisəsində olsa da, həyat yoldaşı ilə görüş ala bilməyib. Bir gün sonra isə onun ölüm xəbərini eşidib. Görəsən Məryəm xanım həyat yoldaşına nə demək istəyirmiş?

«- Bax, uşağım xəstədir. Mən ona bir tikə ət bişirib yedizdirə bilmirdim. Deyirdi ki, qoy «papa»ya qalsın. İki pensiya ilə birtəhər dolanırdıq. Sağ olsun qohumlar, kömək edirdilər. Ona bunları çatdırmaq istəyirdim. Kamran haqqında demək istəyirdim…»
«Hiss edirdim ki, nəsə olacaq. Dedim ki, 5 dəqiqə mənə icazə verin, görüm onu. İcazə vermədilər»


OĞLU KAMRANIN ÖLÜMÜNÜ NOVRUZƏLİ MƏMMƏDOVDAN GİZLƏTMƏYƏ ÇALIŞIBLAR…
Kamran ailənin böyük oğlu olub. Atasının həbsindən 7 ay sonra - 2007-ci il sentyabrın 8-də vəfat edib. Uzun müddət Almaniyada yaşayan bu oğlunun ölümünü Novruzəli Məmmədovdan gizli saxlamağa çalışıblar. Vəkil Ramiz Məmmədov deyir ki, Kamran atasına həbsxana sovqatı apararkən bir neçə dəfə oğurlanıb fiziki işgəncələrə məruz qalmışdı. Elə o bir neçə dəfə qaçırılıb-qaytarıldıqdan sonra ürək tutmasından vəfat edib.

Məryəm xanım xatırlayır ki, iki il əvvəl sentyabrın 8-i, səhər Kamranın otağına girəndə onu əlləri qoynunda keçinmiş görüb. İndi Novruzəli Məmmədovun Bakıdakı mənzilinin divarları Kamranın əl işləri ilə bəzədilib.

Ailənin kiçik oğlu Emilin də başı az faciələr çəkməyib. Atasının məhkəməsindən 7 gün əvvəl, 2008-ci il iyunun 17-də onu qanunsuz narkotik maddə saxlamaq və gəzdirmək ittihamı ilə həbs ediblər. Vəkil Ramiz Məmmədov deyir ki, Emil də həbsindən əvvəl bir neçə dəfə oğurlanıb fiziki işgəncəyə məruz qalmışdı. Müdafiə tərəfinin fikrincə, Emili həbs etməklə Novruzəli Məmmədovdan İran xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməsi barədə ifadələr almaq istəyiblər. Sonradan bir il şərti cəza alan Emil indi azadlıqdadır:

«Mənim böyük qardaşım da, mən özüm də az əziyyət çəkmədik. İndi bunu deməyin vaxtı deyil. Ancaq bu adam o qədər öz millətinə, öz dilinə, öz kökünə bağlı idi ki, bizi də qurban verdi… desəm deyərlər ki, nəyisə nədənsə üstün tutur…»

Emil Məmmədov qohumlarının deməsinə görə, 4 ildir ruhi dispanserdə qeydiyyatdadır. Hətta atasını bəzi etiraflara məcbur etmək istəyəndə heç onun xəstəliyini də nəzərə almayıblar. Emil Məmmədov özü isə deyir ki, heç olmasa atasında olan cəsarətin bir faizi də onda olaydı.

NOVRUZƏLİ MƏMMƏDOV KİM OLUB?..
Novruzəli Məmmədovu ailəsi vəkillərinin iştirak ilə Avropa İnsan Haqları Məhkəməsinə müraciət hazırlayırlar
Filologiya elmləri namizədi Novruzəli Məmmədov uzun müddət Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunda bölmə müdiri işləyib. 1989-cu ildən Talış Mədəniyyət Mərkəzini yaradan Novruzəli Məmmədov elə həmin il «Tolişi sədo» qəzetini təsis edib.

Həbsindən bir qədər əvvəl isə o talış, Azərbaycan və rus dillərində lüğət nəşr etdirib. Vəkil Ramiz Məmmədov deyir ki, Novruzəli Məmmədov düz 40 il idi ki, talış dilini araşdırırdı. Məqsədi talış ədəbi dilini formalaşdırmaq idi. Ancaq Dərbəndin bütün ətraf kəndlərini gəzib Azərbaycan dilinin Dərbənd dialektini də araşdırmışdı. Üstəlik ingilis dilini də bilirdi. Elə həbsxanada da yoldaşlarına ingilis dilini öyrədirmiş.

Vəkilin fikrincə, Novruzəli Məmmədovun həbsinə onun talış, Azərbaycan və rus dillərində lüğət nəşr etdirməsi səbəb olub. Rəsmi ittihamlarda isə onun İran xüsusi xidmət orqanları ilə əməkdaşlıq etdiyi bildirilir. Ancaq vəkil iddia edir ki, Novruzəli Məmmədov həbsindən əvvəl İrandan yox Azərbaycanın hökumət orqanlarından sifarişlər alıb:

«2005-ci ildən Novruzəli müəllimə təzyiqlər artdı. Ona sifarişli yazılar vermək üçün təkliflər gəldi. Maliyyə dəstəyi boyun olundu. Ancaq Novruzəli müəllim bu təklifləri rədd etdi».

Novruzəli Məmmədovun evindəki bütün zəruri əşyalar müsadirə edilib. Televizordan tutmuş ta elektrik qızdırıcısına qədər. Vəkilin deməsinə görə, o iki il əvvəl fevralın 2-də həbs edilərkən fiziki zorakılığa məruz qalıb. Elə bunu ört-basdır etmək üçün polisə müqavimət adı ilə ona 15 gün həbs cəzası verilib. Daha sonra isə ona qarşı vətənə xəyanət ittihamı irəli sürülüb.

Vəkil deyir ki, dəfələrlə rəsmən müraciət etsə də, Novruzəli Məmmədovun məhkəmə tibbi ekspertizadan keçirilməsi 1 ay yarım yubadılıb. Nəticədə işgəncə yerləri silinib gedib. 2008-ci ildə məhkəmə ona 10 il həbs cəzası verilib. Vəkil deyir ki, Novruzəli Məmmədovun 15 saylı cəzaçəkmə yerinə gətirilərkən dərhal cərimə kamerasına salınması onun xəstəliyini şiddətləndirib:

«Siz təsəvvür edin, yanvar ayı kameranın pəncərəsinin şüşəsi yox. 7 gün sən belə şəraitdə yaşayırsan. Bu onun ölümünü sürətləndirdi…»

Vəkil deyir ki, Novruzəli Məmmədovun müalicə müəssisəsinə köçürülməsi üçün məhkəməyə müraciət edib. Məhkəmə mart ayının 6-da bu müraciəti təmin etsə də, müalicə müəssisəsinə köçürülmə düz 4 ay yubadılıb. Nəticə isə artıq hamıya bəllidir…
İndi Novruzəli Məmmədovun iş otağında dərin sükut hökm sürür


NOVRUZƏLİ MƏMMƏDOVUN BOŞ QALMIŞ İŞ OTAĞI…
İndi Novruzəli Məmmədovun iş otağında dərin sükut hökm sürür. Otağa daxil olub, onun iş masasını, kitab rəfini çəkmək istəyirəm. Otağın işığını yandırmaq istəyirəm, yanmır. Bu otağın lampası deyəsən birdəfəlik sönüb…
XS
SM
MD
LG