Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:12

Səddam tərəfdarları sufi dərviş qiyafəsinə girib


Səddam tərəfdarlarının etiraz aksiyası. Tikrit, 1 yanvar 2007
Səddam tərəfdarlarının etiraz aksiyası. Tikrit, 1 yanvar 2007
İraqın devrilmiş diktatoru Səddam Hüseynin tərəfdarları sufi qiyafəsinə giriblər. Bunu İraq və Amerika komandirləri deyir. Onlar hesab edir ki, bu, İraqın şimal bölgəsində - Kərkükdə sabitliyə ciddi təhlükə törədir.

Sufi mistik cərəyanı tarix boyu Şərq ölkələrində çox nüfuzlu olub. İndinin özündə də İraqda onların xeyli tərəfdarı var. İraq və Amerika komandirləri bildirirlər ki, Səddam tərəfdarlarının İraqdakı sufi qruplarının geniş şəbəkəsindən istifadə etməsi əl-Qaidə terror təşkilatından da təhlükəlidir.

“Onların uzun müddətli perspektivdə ölkə üçün ciddi təhlükəyə çevrilmək potensialı var”. Bunu İraqdakı Amerika Ordusunun 1-ci kavaleriya diviziyasının 2-ci briqadasında kəşfiyyat bölməsinin rəhbəri olan mayor Çak Assadourian deyir.

Səddamçılar “Nəqşibəndiyyə Ordeni Tərəfdarları Ordusu” adlı qrup yaradıblar. Həmin qrupa rəhbərlik edənlərdən biri də keçmiş diktatorun gizlənən tərəfdarları arasında “nömrə 2” olan İzzət İbrahim əl-Duridir.

HƏR ŞEY EDAM GÜNÜ BAŞLADI

Assadourian deyir ki, qrup 2006-cı ilin sonunda - bəşəriyyətə qarşı cinayətlərdə təqsirli bilinən Səddam Hüseynin edam edildiyi gün - gecə yaradılıb.

Qrupun silahlı qanadında əsasən Səddamın Baas partiyasının və ləğv edilmiş silahlı birləşmələrin keçmiş üzvləri cəmləşib. Səddam Hüseyn sünnü təriqətindən olduğu üçün tərəfdarları da eyni təriqətə tapınanlardır.

ISəddam Hüseynin edamı. 30 dekabr 2006

Əvvəl sünnü müqaviməti daha çox əl-Qaidə çətiri altında birləşmişdi. Amma əl-Qaidəçilərin ifrat təməlçiliyi uzun müddət dünyəvi dövlətdə yaşayan əhalini getdikcə daha çox boğaza yığır. Təməlçilərin sərt qaydaları arasında alkoqola, siqartetə qadağalar da var. Onlar qəddar metodlardan istifadə edirlər.

“Nəqşibəndiyyə Ordeni Tərəfdarları Ordusu” əhali arasında bu anti-əl-Qaidə ovqatından istifadə etməyə çalışır. Səddam “dərvişləri” taktiklarının da fərqli olduğunu deyirlər. Əl-Qaidə daha çox dinc əhaliyə qarşı əməliyyatlar keçirir, bazarları, məscidləri partladır. Səddamçılar isə iddia edirlər ki, hədəfləri iraqlılar yox, Amerikaya aid obyektlərdir. Amma Kərkük polisində hesab edirlər ki, bu, yalandır, səddamçılar da imkan düşən kimi dinc əhaliyə qarşı əməliyyat keçirirlər.

SÜNNÜ ƏRƏBLƏR SIXIŞDIRILDIQLARINI DÜŞÜNÜR

Assadourian deyir ki, sufizm pərdəsi altında artan təhlükənin önlənməsi üçün ilk növbədə hərbi yox, siyasi tədbirlər görülməlidir. Onun fikrincə, indi daha çox şiə çoxluğunu təmsil edən İraq hökuməti sünnülərin də dövlət orqanlarındakı təmsilçiliyini artırmalıdır.

Səddam dövründə hakimiyyətdə olan sünnü ərəblər indi sıxışdırıldıqlarını düşünürlər və onların əksər siyasi qrupları 2006-cı ildəki parlament seçkilərini boykot etmişdilər. Assodourian hesab edir ki, Baas Partiyasının keçmiş liderlərinin heç də hamısının Səddam rejimi ilə ideoloji bağlılığı yoxdur. Onlar arasından texnokratları hökumətə cəlb etmək olar.

Amerika qoşunları İraqa girəndən sonra Baas Partiyası liderlərinin rəhbər orqanlarda təmsil olunmasına qadağa qoyulub.

“Nəqşibəndiyyə Ordeni Tərəfdarları Ordusu” Səddamın anadan olduğu Səlahəddin əyalətində də fəaldırlar. Xüsusən də Səddamın doğma şəhəri Tikrit ətrafında.

Onlar yol kənarı bombalardan və qumabaralardan istifadə edir və öz uğurlarını çox şişirdirlər.

“Onlar əməliyyatlarını videoya çəkirlər və insanlara göstərirlər ki, baxın, biz xarici işğalçıların cavabını verən qüvvəyik. Onlar öz videolarının aylıq buraxılışlarını hazırlayırlar. Amma gülməlisi odur ki, həmin buraxılışlarda eyni videosüjetlərin müəyyən dövrdən sonra təkrarlandığını da görmək olar. Amma bunlar müxtəlif yerlərdəki əməliyyatlar kimi təqdim edilir” – deyə Assadourian bildirir.

TERRORÇULARIN AYLIQ VİDEOBURAXILIŞLARI

Yanvarda qrup 4 Amerika əsgərini öldürüb. Bundan başqa onlar 2 Amerika vertolyotunu vurduqlarını iddia edirlər.

Amerika ordusu əvvəl vertolyotların qəzaya uğradığını desə də, sonradan onların “düşmən atəşi” ilə vurulduğunu etiraf etmişdi.

İraqın şimalındakı sünnü ərəblər Kərkükdə çoxluq təşkil edən kürdlərin hakimiyyətə yiyələnməsini, bölgənin zəngin neft ehtiyatlarını öz nəzarətlərinə almasını da qəbul etmir.

İraq üzrə zorakılıq qurbanlarının ümumi sayında azalma olsa da, bəzi müşahidəçilər Kərkükdəki vəziyyəti təhlükəli sayırlar.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG