Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:01

«Mən Minsk Qrupuna bel bağlamazdım»


Masej Folkovski

«Azərbaycan və Ermənistan Dağlıq Qarabağ münaqişəsində yeganə oyunçular deyil».

Şərq Tədqiqatları Mərkəzinin eksperti Masej Folkovski AzadlıqRadiosuna müsahibəsində belə deyib. Həmin müsahibəni sizə təqdim edirik.

- Azərbaycan və Ermənistan prezidentləri arasında çoxsaylı görüşlərin keçirilməsinə baxmayaraq, Qarabağ danışıqlarında irəliləyiş olmayıb. Bunu necə izah etmək olar? Biz nizamlanma prosesinə yaxınıq, ya uzaq?

Dosye
  • Masej Folkovski 2002-ci ildən Polşanın Şərq Tədqiqatları Mərkəzində (Osrodek Studiow Wschodnich) işləyib. O, Qafqaz və Mərkəzi Asiya məsələləri üzrə ekspertdir. M.Folkovski regionla bağlı Polşa mətbuatı üçün məqalələr də yazır. 2006-cı ildən o, Kaukaz.net Fonduna rəhbərlik edir.
- Dağlıq Qarabağ münaqişəsində əsas problem danışıqlar prosesi barədə məlumatın az olmasıdır. Biz nəyin müzakirə olunduğunu bilmirik. Odur ki, yalnız danışıqların intensivləşməsinə görə bütünlükdə irəliləyişin olub-olmayacağını söyləmək çətindir. Şəxsən mən irəliləyiş gözləməzdim. Sənəd təqdim oluna bilər, lakin münaqişə tam həll olunmayacaq. Hər şeydən əvvəl tərəflər buna hazır deyil və uzun müddət də olmayacaqlar.

- Niyə?

- Onlar güzəştlərə hazır deyillər. Hətta ermənilər işğal olunmuş əraziləri qaytarsa, Azərbaycan Qarabağın yekun statusunu sonraya saxlasa, «Laçın dəhlizi» müvəqqəti Yerevanın nəzarətində qalsa belə, bu, cəmiyyət və siyasi elitada güclü müqavimət doğura bilər. Bu, Ermənistanda hətta dövlət çevrilişinə gətirib çıxara bilər. Yerevanda işğal olunmuş ərazilərin qaytarılmasını siyasi elitanın böyük əksəriyyəti xəyanət kimi qəbul edir. Ermənistan prezidenti mümkün güzəştləri götür-qoy edərkən bunu bilir.

Başqa bir məsələ isə Rusiya, Avropa Birliyi və ABŞ arasında maraqların toqquşmasıdır. Qərb Dağlıq Qarabağ məsələsində Rusiyanın «sülhün təminatçısı» olmasını istəmir. Rusiya isə liderliyin ABŞ və ya Türkiyənin əlinə keçməsini arzulamır.

Başlanğıcda elə görünürdü ki, Rusiya və Türkiyə bir komandada oynayırlar. Hər ikisi bundan faydalana bilər. Türkiyə Ermənistanla sərhədi açar və Cənubi Qafqazın kommunikasiya yollarına çıxışı olar. Rusiya «sülhün qarantı»na çevrilə bilər. Ancaq hər şey düşünüldüyü kimi olmadı. Onlar addımlarını məsləhətləşir, ancaq bir-birlərinə inanmırlar. Münaqişənin tənzimlənməsi istiqamətində Türkiyə-Rusiya tandemi yoxdur. Ruslar Türkiyəni Cənubi Qafqazda fəal oyunçu kimi görmək istəmir və onun Dağlıq Qarabağ danışıqlarında vacib rol oynamasına imkan verməyəcək.

- Rusiya sülh danışıqlarında artıq liderliyi ələ keçirməyibmi?

- Onlar buna çalışırlar, ancaq mənim fikrimcə, onların səyləri iflasa məhkumdur. Əvvəl düşünürdüm ki, tənzimlənmənin əsas şərtlərindən biri sülhməramlı qüvvələrin - təbii rusların yerləşdirilməsi olacaq. Yoxsa rusların iştirakı olmadan Ermənistan işğal olunmuş əraziləri qaytarmaqdan qorxar. Ancaq Azərbaycanın mövqeyi birmənalıdır: Dağlıq Qarabağda Rusiya sülhməramlıları olmamalıdır.

- Bəs Minsk Qrupu necə? Həmsədrlər - Rusiya, ABŞ və Fransa münaqişənin tənzimlənməsi istiqamətində birgə işləyirlər.


- Mən inanmıram ki, Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsini həll etmək iqtidarında olsun. Cənubi Qafqazda Rusiya və Amerikanın ziddiyyətli maraqları var. Onlardan heç biri liderliyi itirmək istəmir. Münaqişənin həlli amerikanların mövqeyini möhkəmləndirə biləcəyindən, Rusiya Qarabağ münaqişəsinin hələ uzun illər «donmuş» qalmasına üstünlük verəcək. İxtiyar Rusiyada olsa idi, amerikanlar da eyni reaksiya verərdi. Ona görə burada mən Minsk Qrupuna bel bağlamazdım.

- Bu cür fikirlər nədən qaynaqlanır? Cənubi Qafqazda sülh və sabitlik bütün tərəflərin, o cümlədən rusların və amerikanların da marağında olmalıdır.

- Bu fikir Qafqazda Sovet İttifaqı dağılandan bəri var. Mən deyərdim ki, Rusiya münaqişələrdən öz şəxsi maraqları üçün istifadə edir. Nəinki Qafqazda, həmçinin Mərkəzi Asiyada da. Rusiya əməkdaşlıq üçün cazibədar yol təklif edə bilmir. Osetiya və Qarabağ kimi münaqişələr Rusiyanın regionda mövqeyini hələ də qoruyur. Əks təqdirdə, bu ölkələr Qərblə münasibətə can atardı. Bunu Ermənistana da şamil etmək olar. Ermənistanın Rusiya ilə yaxın münasibətləri var, bu ona görə deyil ki, Yerevan belə istəyir, sadəcə, belə olmalıdır.

- Minsk Qrupunun alternativi kim ola bilər?

- İndi heç kim. Qarabağ münaqişəsi sadəcə ermənilər və azərbaycanlıları masa arxasına oturtmaqla həll oluna bilməz. Onlar məsələni müstəqil nizamlamaq iqtidarında deyillər.

Sovet Rusiyası 20-ci əsrin əvvəllərində Dağlıq Qarabağ üstündə mübahisəyə yeni sərhədlər cızmaqla son qoydu... Bu gün Cənubi Qafqazda hər iki tərəfin yerinə qərar qəbul edəcək fövqəldövlət yoxdur.

- «Madrid prinsipləri» danışıqlar üçün yaxşı əsasdır?

- Onlar mükəmməl deyil, ancaq hazırkı şəraitdə daha yaxşısını hazırlamaq çətindir. Qarabağın statusunu sonraya saxlamaq münasib qərar olardı. Prezident Əliyev sonuncu müsahibələrindən birində deyib ki, Azərbaycan bu məsələni hətta 100 il təxirə sala bilər. Bu, Azərbaycanın güzəştə getməyə hazır olmasının əlamətidir.

- Prezident Əliyev həmçinin Dağlıq Qarabağa geniş muxtariyyət verilə biləcəyini də deyib.


- Həqiqətən. Bir neçə il əvvəl bu cür bəyanatlar mümkün deyildi. İndi Əliyev Qarabağın muxtariyyətini qeyd edir və Azərbaycanın «Laçın dəhlizi»ni Ermənistana verməyə hazır olduğuna işarə vurur. Əgər sülh prosesində irəliləyişdən danışsaq, bu, Azərbaycan timsalında daha çox nəzərə çarpır. Bakı güzəştlərə hazır olması barədə aydın ismarışlar yollayır. Ermənilər isə hələ ki, yox.

- Niyə? Ermənistandakı siyasi vəziyyət prezident Sarkisyanın danışıqlarda güzəştə getməsinə təsir edir?

- Bu, hər iki ölkənin siyasi sistemindən irəli gəlir. İlham Əliyev güclü mövqedədir. Azərbaycanda güclü müxalifət yoxdur və insanlar prezidenti devirmək üçün küçələrə çıxmayacaq. Tarix göstərir ki, Ermənistanda isə bu, baş verə bilər. Ola bilsin, Sarkisyan danışıqlarda çox uzağa gedəcəyi halda öz həyatı və əlbəttə, prezidentliyi üçün qorxur.

- Necə hesab edirsiniz, Aland Adaları Dağlıq Qarabağ münaqişəsi üçün nümunə ola bilərmi? Finlandiyanın suverenliyi altında qalan və əhalisi isveçlilər olan ada sakinləri bir vaxtlar Finlandiyadan ayrılmaq və İsveçlə birləşməyi tələb edirdi. Nəticədə muxtariyyət statusu ilə razılaşdılar və münaqişə həll olundu.

- İcazə verin suala Azərbaycanda eşitdiyim bir lətifə ilə cavab verim. Xarici sülhyaratma təşkilatı Ermənistan və Azərbaycan nümayəndə heyətini Aland Adalarına gətirir. Səfərin məqsədi onları münaqişənin həllinin mümkünlüyünə, onun Adaların nümunəsində uğurla həyata keçirildiyinə inandırmaq idi. Axırda Azərbaycan nümayəndə heyətindən kimsə erməni həmkarına deyir: «Bura bax, biz də eyni şeyi edə bilərik! Aland Adalarında olduğu kimi Qarabağa muxtariyyət verilə bilər». Erməni sərt şəkildə cavab verir: «Əgər siz Finlandiya olsaydınız, sərhədləriniz daxilində muxtariyyətə razılıq vermək problem olmazdı. Ancaq uğursuzluqdan, siz Azərbaycansız». Lətifə nə barədədir? Böyük inamsızlıq və hətta nifrət bu cür həllin baş tutmasına imkan vermir...

- Başqa sözlə, erməni və Azərbaycan xalqı arasında ilk növbədə inam yaradılmalıdır. Milyon dollarlıq sual: Bəs bunu necə etməli? Qarşılıqlı ədavəti necə neytrallaşdırmalı?

- Burada başqa problem var. Azərbaycan və Ermənistan hökumətlərinin heç biri bunun baş verməsini istəmir.

- Necə?

- Qarabağ münaqişəsi onlara öz cəmiyyətlərini itaətdə saxlamaq imkanı verir. Siz etirazları yatızdırır, kimisə həbsə atır, sonrada da «Qarabağda müharibə başlaya bilər» deməklə bunlara haqq qazandırırsınız. Keçən il Yerevanda böyük nümayişlər olanda, Qarabağda vəziyyət pisləşmişdi.

- Azərbaycan və Ermənistan tamamilə demokratik olsaydı, onda inam yaratmaq asan olardı?

- Bəli. Mətbuatda açıq müzakirələr aparıla, daha çox insan güzəştə, barışığa çağırışlar edə bilərdi. Hökumətlərin mətbuat və cəmiyyətə nəzarət etdiyi avtoritar sistemlərdə bunu etmək daha çətindir. Hər iki ölkədə demokratik müxalifət və bir çox ekspertlər də bu məsələni qaldırırlar. Deyirlər ki, ilk növbədə ölkələrimizi demokratikləşdirməli, daha sonra Qarabağ münaqişəsinin həllinə keçməliyik.

- Sizin münaqişə ilə bağlı təhliliniz ümumilikdə pessimistdir.

- Təəssüflər olsun.

- Gəlin, cəhd edək və gələcək barədə danışaq. Necə bilirsiniz, 10 ildən sonra nə baş verəcək? Dağlıq Qarabağda nə isə dəyişəcək?

- Çox şey Cənubi Qafqaz regionundakı ümumi vəziyyətdən asılıdır. Ötən ilki Gürcüstan-Rusiya müharibəsinin təsirinə baxsaq, indi müharibə istisnadır. Azərbaycan Rusiyadan çəkindiyinə görə Qarabağı güclə qaytarmağa cəhd etməyəcək. Bu, həmçinin Ermənistan-Türkiyə münasibətlərindən və Rusiyanın Qafqazdakı mövqeyindən asılıdır. Kremlin mövqeyi zəifləsə, imkanlar üçün yeni pəncərə açıla bilər.

- Onda bəs nə baş verəcək?

- Çox güman ki, heç nə dəyişməyəcək. Gələcəkdə nələr olacağını demək həqiqətən çətindir. Əlbəttə, beynəlxalq münasibətlərdə möcüzə baş verir və Qarabağ münaqişəsində irəliləyişin olması mümkündür. Ancaq davamlı sülh yox, mən buna inanmıram. Bəzi kiçik addımlar atıla bilər, çərçivə sazişi hazırlana və Ermənistanla Azərbaycan arasında müəyyən əlaqələr qurula bilər.

- Necə bilirsiniz, beynəlxalq ictimaiyyət diqqətini rəsmilərdən daha çox xalq diplomatiyasına yönəltməlidirmi?

- Bəli. Ancaq başqa tərəfdən, rəsmi danışıqlarda hətta cüzi irəliləyiş olmadan bu, çətin olar. İndi Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsinə ehtiyac yoxdur. Ancaq sərhədi niyə açmayasan? Nəyə görə insanların Ermənistandan Azərbaycana və əksinə səyahət etmək imkanı olmasın? Bu cür əlaqələr qurulsa, bu, böyük nailiyyət olacaq. Hələlik ermənilər azərbaycanlıların kimə oxşadıqlarını bilmirlər, Ermənistanın dövlət televiziyasına görə, onlar əsl şeytandırlar...

Münaqişə davam etsə də, azərbaycanlılar və ermənilər Moskvada görüşür, birgə iş qururlar. Gürcüstanın cənubunda azərbaycanlı və ermənilərin alver etdikləri böyük bazar var. Azərbaycan çayı bu yolla Ermənistana da gedib çıxır. Birbaşa əlaqələr qurulsaydı, şübhəsiz ki, münaqişə zəifləyərdi...
XS
SM
MD
LG