Keçid linkləri

2024, 16 May, Cümə axşamı, Bakı vaxtı 21:34

Foqtsun gülən siması və əsəbi azarkeşlər…


Berti Foqts
Berti Foqts
Azərbaycanla Almaniya yığmasının oyunundan bir gün əvvəl almanların müdafiəçisi Per Mertezakerin «Azərbaycan yığmasına qol vurmaq çətindir, buna görə də işimiz ağır olacaq» deməsi azərbaycanlı futbol azarkeşi Sahib Əliyevi təəccübləndirmişdi. Almaniya yığmasının kapitanı Mixael Ballakın «Azərbaycanla oyunun çətin keçəcəyini bilirəm» deməsi onun təəccübünü bir az da artırmışdı. Rəqibin meneceri Oliver Birhoffun «Bilirik ki, rəqibimiz çox az qol buraxır» deməsi isə təəccübü heyrətə çevirmişdi. Çünki iyunun 9-da İspaniya ilə keçirdiyi yoldaşlıq görüşündə Azərbaycan yığmasının 0:6 hesabıyla məğlub olması təkcə Sahibin yox, bütün azarkeşlərin yadındadır.

FUTBOL ŞƏRHÇİSİ DEYİR Kİ, RƏQİBİN GÜCÜ FONUNDA MİLLİ YAXŞI OYNAYIB

Dünənki oyunda millinin Almaniyaya 0:2 hesabıyla məğlub olmasını isə futbol mütəxəssisləri gözlənilən sayır. «Futbol +» qəzetinin baş redaktoru Mahir Rüstəmli deyir ki, Azərbaycan yığması hətta yaxşı oyun göstərdi. Ancaq komandada qol vuran ayaq olmadığından yenə məğlub oldu:

«Xüsusən ikinci yarıda yığmamız çox yaxşı oynadı. Rəqibə daha çox qol vurmaq imkanı vermədi. Əksinə, əgər qol vəziyyətlərinə baxsaq, ikinci hissədə bizim daha çox qol şansımız oldu. Sadəcə, təcrübə çatışmır. Son illər Azərbaycan futbolunun ən böyük xəstəliyi vuran ayaq problemidir. Bizdə güclü hücumçu yoxdur. Bunu düzəltmək çox çətin görünür. Biz qapının ağzına qədər irəliləyirik, istəyirik ki, birbaşa qapı xəttindən qol vuraq. Avropada indi belə qol vurmurlar. Kifayət qədər uzaq məsafələrdən, cərimə meydançasının uzaq xaricindən, məsələn, dünən bizim qapıya vurulan ilk qolda olduğu kimi qol vururlar. Bizdə təəssüf ki, səviyyəli oyunçu qıtlığı var».

BERTİ FOQTSUN MƏMNUN SİFƏTİ

Oyundan sonra Azərbaycan millisinin almaniyalı baş məşqçisi Berti Foqtssa məğlub olmuş komandanın baş məşqçisinə oxşamırdı. Əksinə, o, məmnun görünürdü, gülürdü. Oyundan sonrakı mətbuat konfransında isə məmnunluğunu bu cür ifadə etdi:



«Fikrimcə, siz bu gün yaxşı oyun göstərən Azərbaycan milli komandasını gördünüz. Amma təəssüf ki, biz uduzduq. Yetirmələrim bütün bacarıqlarını nümayiş etdirdilər. Onlar yalnız qol vura bilmədilər. İnanıram ki, gələn oyunlarda bunun da öhdəsindən gələcəklər».

YIĞMANIN HÜCUMÇUSU QOLLARIN BİRDƏN GƏLƏCƏYİNƏ VƏD VERİR

Yığmanın hücumçusu Vüqar Nadirov da dünənki oyunu məşqçisi kimi qiymətləndirir:

«Uşaqların nə bacarığı vardısa, meydanda qoydular. Əlimizdən nə gəlirsə, elədik. Ancaq çalışacağıq ki, Finlandiyayla oyunda daha yaxşı oynayaq. Qol yoxdur, ancaq olacaq. Qollar birdən gələcək».

ALMANİYA YIĞMASI QALİBDİR, BAŞ MƏŞQÇİSİ İSƏ BİZİMKİNDƏN FƏRQLİ OLARAQ NARAZIDIR

Almaniya yığmasının baş məşqçisi Yoahim Lövünsə komandası qələbə qazansa da, yetirmələrinin oyunundan razı görünmürdü:

«Məqsədimiz qələbə qazanmaq idi. Buna nail olduq. Amma etiraf edim ki, yüksək səviyyədə oynamadıq. Azərbaycan yığması sürətli oynayırdı, uzaqdan zərbələr vururdu. Ona görə də futbolçularımdan meydanda tam güclərini qoymalarını xahiş etdim.
Yoahim Löv
İkinci hissədə tez qol vurmalarını istədim. Qrupdan kimin birinci çıxacağı isə Azərbaycan-Rusiya matçından sonra məlum olacaq».

AZARKEŞİN ƏSƏBİ TARIMA ÇƏKİLİB

Azərbaycan yığmasının bir-birinin ardınca 6 oyundur qol vura bilməməsi, baş məşqçininsə nikbin görünüşü azarkeşlərdə qıcıq yaradır. Futbol azarkeşi Sahib Əliyev deyir ki, o, yığmanın bütün oyunlarına gedir, hər dəfə də əsəbindən bir neçə gün özünə gələ bilmir:

«Bu oyun da göstərdi ki, Azərbaycan yığması futbol oynaya bilmir. Foqtsa külli miqdarda maaş verirlər, ondansa bu pulu uşaq futboluna, futbol məktəblərinin tikilməsinə qoysunlar. Foqts gələndən komandanı irəli aparmaq əvəzinə milli daha da geriləyib. Müdafiə olunan komanda heç vaxt xal, qələbə haqqında düşünə bilməz».

«NÖVBƏTİ OYUNLARI GÜLÜŞLƏ YOLA VERMƏK ÇƏTİN OLACAQ»

Futbol şərhçisi Mahir Rüstəmli isə deyir ki, azarkeşlərin baş məşqçiyə və yığmaya bu cür reaksiyası təbiidir. O ki qaldı Foqtsun oyundan sonrakı gülüş qonmuş simasına, Mahir Rüstəmli bunları deyir:

«Sadəcə Foqtsun tərəfində olan dünənki yaxşı oyun idi. Ancaq bu cür gülüşün arxasında artıq Finlandiyayla oyunda qələbə, Lixtenşteynlə səfərdə xal almaq, Rusiyanı büdrətmək dayanmalıdır. Əgər bunlar olmayacaqsa, mənə elə gəlir ki, Foqts komandayla vidalaşacaq. Nə ictimaiyyətin, nə də elə AFFA-nın təzyiqinə dözməyəcək».

Azərbaycan yığması növbəti oyununu sentyabrın 5-də Finlandiya yığmasıyla öz meydanında keçirəcək.
XS
SM
MD
LG