Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:53

«Kürd problemi» həll oluna bilərmi?


Türkiyə polisi Öcalana dəstək aksiyası keçirən kürd qruplarına qarşı gözyaşardıcı qazdan istifadə edir. İstanbul, 19 oktyabr 2008
Türkiyə polisi Öcalana dəstək aksiyası keçirən kürd qruplarına qarşı gözyaşardıcı qazdan istifadə edir. İstanbul, 19 oktyabr 2008
Türkiyə hökumətinin “kürd problemini” həll etmək üçün “əhatəli proqram həyata keçirmək” istəyi uğurla nəticələnə bilərmi? Avqustun 10-da Azadlıq Radiosunun İstanbul müxbiri Mais Əlizadə öz məqaləsində Ərdoğan hökumətinin “kürd problemini həll etməyə cəhd” proqramına görə ciddi ittihamlarla üzləşdiyini yazmışdı. Azad Avropa və Azadlıq Radioları Korporasiyasının mərkəzi xəbər xidmətinin müxbiri Çarlz Rihagel isə məsələ ilə bağlı Vaşinqtondakı Beynəlxalq Sülh üçün Kornegi Fondunun regional eksperti Henri Barkeylə söhbət edib.

- Düzdü, Türkiyə hökuməti hələ ki öz yeni təşəbbüsünün təfərrüatını açıqlamayıb. Amma indidən demək olarmı ki, əsas yeniliklərin nədən ibarət ola bilər?

- Əlbəttə ki, birinci məqam – Konstitusiyaya yenidən baxılmasıdır. İndiki Konstitusiyada vətəndaşlıq anlayışı yalnız türkləri ehtiva edir. Bu məsələdə çətinlik ondan ibarətdir ki, bu məqam Türkiyə dövləti anlayışı ilə uzlaşmır.

Türkiyədə çoxlu sayda insan var ki, Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dediyi, yazdığı nə varsa, hamısını müqəddəs sayır və düşünür ki, ona əl dəymək, dəyişmək olmaz.

İkinci məqam mədəni sahədə islahatlardır. Necə etmək olar ki, kürd dili gündəlik həyatda daha işlək olsun. Məsələn, dövlətin müdaxiləsi, senzurası olmadan kürd dilində televiziya və radio kanallarının açılması və fəaliyyət göstərməsi.

Türkiyə vertolyotları ölkənin kürdlər yaşayan bölgəsində separatçılara qarşı əməliyyat keçirir. 2007

Bundan başqa bəzi dövlət tədbirlərində kürd dilinin istifadəsi, misal üçün, kürdlərin toplu halında yaşadığı ərazilərdə kürdcə siyasi çıxış etmək imkanı. İndi bu qanunsuzdur və dərhal həbs cəzası ilə nəticələnir.

Üçüncü məqam isə mərkəzi hakimiyyətin əlində cəmləşən bəzi səlahiyyətlərin bölgələrə verilməsidir. İndi Türkiyə dünyada hakimiyyətin ən çox mərkəzləşdiyi ölkələrdəndir.

Hətta ucqar bir kəndə müəllimi də mərkəzi hakimiyyət orqanı təyin edir. Bundan başqa hüquq-mühafizə orqanlarının rəsmiləri də bölgələrə mərkəzdən göndərilir.

- Yəqin ki dördüncü məqam da PKK-çılarla bağlı olacaq. Necə eləmək olar ki, onlar silahı yerə qoymağa razı olsunlar. Onlara amnistiya verilə bilərmi?

- Bu, çox səmimi bir amnistiya aktı olmalıdır. Elə bir amnistiya ki, insanlar öz kəndlərinə qayıdıb rahat yaşaya bilsinlər. Bundan başqa həbsdən çoxlu sayda insanı azad etmək lazımdır. 17,19 ildir ki, həbs cəzası çəkən siyasi məhbuslar var. Onları qanunsuz təşkilata üzv olmaqda ittiham edib tutublar.

- Ərdoğan hökuməti bildirib ki, öz təşəbbüsünü parlamentə göndərməzdən əvvəl onu siyasi partiyalarla müzakirə edəcək. Hələ ki müzakirələrdə ancaq kürdlərin DTP-sı iştirak edib.

Respublikaçı CHP istəyir ki, hökumət əvvəlcə planın detallarını ictimaiyyətə açıqlasın, millətçi MHP isə plana qabaqcadan mənfi münasibətini bildirib. Əgər hökumət öz planını parlamentdən keçirə bilərsə, bu, onun həyata keçirilməsi üçün kifayət edəcəkmi? Yoxsa əlavə maneələr yarana bilər?


- Əsas problem odur ki, planda təklif olunan əsas dəyişikliklər Konstitusiya Məhkəməsi tərəfindən rədd edilə bilər. Əslində Konstitusiya Məhkəməsi tam azad bir qurum deyil. Bu, ideoloji bir təşkilatdır və AKP-nin təklif etdiyi hər şeyin əleyhinə gedir.

- Bəzi müşahidəçilər hesab edir ki, Konstitusiya Məhkəməsi özünü Türkiyə dövlətinin qarantı və Atatürkün siyasi baxışlarının qoruyucusu sayan Türkiyə Ordusundakı ovqata çox həssaslıq göstərir. Ordunun “kürd məsələsi”nə münasibətini necə səciyyələndirərdiniz?

- Ordu nəhayət ki başa düşüb ki PKK, yaxud kürdlərlə müharibəni uda bilməz. Kürd yaraqlılarına qarşı əməliyyatlar 25 ildir davam edir, amma yenə də dağlarda təxminən 25 il əvvəl olduğu qədər kürd var. Orduda da hesab edirlər ki, burada bir siyasi həll olmalıdır.

Türkiyə - türk tələbələr PKK-ya qarşı aksiya keçirir. İstanbul, 26 oktyabr 2007

Amma onlar siyasi həll deyəndə Türkiyə dövlətinin baza prinsiplərinə əsaslanan siyasi həll variantını nəzərdə tuturlar. Ona görə də hökumətin ordunun bu mvqeyi ilə mübarizəsi çox çətin olacaq. Amma açığı mən bilmirəm ki, hökumət nə dərəcədə dərin islahat aparmaq istəyir. Sual yaranır ki, görəsən bu, kosmetik dəyişikliklər olmayacaq ki?

- PKK-nın həbsdə olan lideri Abdulla Öcalan da məsələ ilə bağlı öz “yol xəritəsi”ni açıqlayacağını deyib. O bunu avqustun 15-də, yəni 1984-cü ildə kürdlərin silahlı mübarizəyə başlamalarının 25-ci ildönümündə edəcəyini deyib. Amma bilinmir ki, o , Ərdoğan hökumətinin planını dəstəkləyirmi? Bu məsələdə Öcalanın mövqeyi nə dərəcədə əhəmiyyətli sayıla bilər?


- Bir tərəfədən bu, yerinə düşür, o biri tərəfdən yersizdir. Hökumət Öcalanla danışıqlara gedə bilməz və bu, istənilən islahat planını məhv edə bilər. Çünki türklər arasında Öcalana dərin nifrət var.

Amma məsələnin təzadlı tərəfi odur ki, kürdlərin çoxu Öcalanı qəhrəman sayır. Hətta PKK-nın taktikasını və ideologiyasını bəyənməyən kürdlər də. Onlar düşünürlər ki, PKK olmasaydı, indi Türkiyə hökuməti kürdlərlə bağlı problemi həll etmək üçün təşəbbüslə çıxış etməyə məcbur olmazdı.

Amma əgər Öcalan desə ki, silahlı mübarizədən imtina edir, onda PKK-nı silahı yerə qoymağa sövq etmək, mənalı bir amnistiya vermək daha asan olar. Yəni Öcalan məsələsini inkar etmək olmaz, amma ondan istifadə etmək də mümkündür.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG