Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:56

«Yeni Müsavat»ın suyu niyə kəsilmişdi?


Qəzet bu binanın 2-ci mərtəbəsində olur
Qəzet bu binanın 2-ci mərtəbəsində olur
«Şənbə günü saat 12-də gördük burda bir traktor dayandı, yanında da mənzil istismar idarəsinin bir dəstə işçiləri. Ling və bellə gəldilər dağıtmağa. Biz də bir sakin kimi düşdük binanın qarşısına ki, aydınlaşdıraq görək nə baş verir».

«Yeni Müsavat» qəzetinin əməkdaşı Elşən Məmmədli deyir ki, əslində, həmin adamlar gəlməzdən əvvəl redaksiyanın suyunu kəsiblər. Belə texnika və fəhlələrlə gəlməkdə məqsədsə binanın kanalizasiya sistemini bağlamaq olub. Həmsöhbətim bildirir ki, onlar vaxtında bu məsələyə müdaxilə etməsəydilər, yəni - binanın girişində yerləşən kanalizasiya xəttinin keçdiyi ərazi qazılsaydı, daha bir problemlə üzləşəcəkdilər - redaksiyaya girib-çıxmaq mümkün olmayacaqdı.

«Yeni Müsavat» qəzeti baş verənləri Nizami rayon İcra Hakimiyyətinin qəzetə təzyiqləri kimi dəyərləndirir. Qəzet yeni binaya köçəndən sonra rayonda yaşıllıqların necə məhv edilməsilə bağlı çoxsaylı yazılar dərc edib. Hətta bundan sonra demələrinə görə, onlara xəbərdarlıq da olub.

Elşən Məmmədli deyir ki, bina sahibləri onlara etiraf edib ki, problemlər «Yeni Müsavat»ın burada yerləşməsi ilə bağlıdır. Bu da onlarda belə bir əminlik yaradır ki, problemlərin arxasında siyasi təzyiqlər dayanır.

Bizimlə söhbətdə həmin binanı tikən «İnteryer» MTK-nın icraçı direktoru Rasim Aslanov isə bu deyilənləri nə təkzib, nə də təsdiq etdi. Şirkət nümayəndəsi binanın bütün sənədlərinin qaydasında olduğunu bildirsə də, onu hələ ki Dövlət Komissiyası qəbul etməyib.

Ancaq «Yeni Müsavat» artıq bir müddətdir həmin binanın 2-ci mərtəbəsində fəaliyyət göstərir.

«BİNADA QƏZETİN YERLƏŞMƏSİNDƏN XƏBƏRİMİZ OLMAYIB»

Nizami rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin baş mühəndisi Bayram Bayramov deyir ki, onlar həmin binada mətbu orqanın yerləşdiyindən xəbərsiz olublar. Onun sözlərinə görə, binanı tikənlər qanunları pozublar, su və kanalizasiyanı aidiyyatı qurumların razılığı olmadan, icra hakimiyyətinə müraciət etmədən qoşublar.

Nizami rayon İcra Hakimiyyəti
«Orda «Yeni Müsavat»ın yerləşməsi də düzgün deyil, çünki bina Bakı Şəhər İcra Hakimiyyətinə təhvil verilməyib. Amma gərək mətbuatdır yola verəsən. Jurnalistdirlər, mütəxəssis deyillər. Onlar bizim üstümüzə düşmüşdülər, dedik ki, siz əslində, bunu bina rəhbərliyindən tələb edin, onlar binada yaşayanlar qarşısında xidmətlə bağlı öhdəlik götürüblər».

Bayram Bayramov deyir ki, indi həmin binada adamlar yaşamır. Amma yaşayış olandan sonra böyük bir binanın kanalizasiya sisteminin köhnə sistemə qoşulması xeyli fəsadlar törədə bilər.

Bayram Bayramov onların qəzetlə hər hansı probleminin olmasını inkar edir. Üstəlik, yuxarıdan tapşırıq almalarını da təkzib edir:

«Əksinə icra hakimiyyətindən bizə dedilər ki, mətbuatdır, dəyməyin, gedin suyu birləşdirin. Bütün məsələləri bina sahibinə izah edin».

BU HƏNA O HƏNADAN DEYİL

İndiyə qədər bir neçə qəzet və agentliklər müxtəlif problemlərin olması adıyla öz redaksiyalarından çıxarılıblar. Məsələn, «Gündəlik Azərbaycan» və «Realnıy Azerbaydjan» qəzetləri öz redaksiyalarından yerləşdikləri binanın divarlarında hansısa çatların əmələ gəlməsi adıyla çıxarılıblar. Amma sonradan məlum olub ki, bu, heç də hansısa təhlükəsizlik problemlərilə bağlı deyil, sadəcə, həmin qəzetlərin yazdıqları ilə əlaqəlidir. Sonradansa yerləşdiyi ünvandan zorla çıxarılan həmin qəzetlərin baş redaktoru Eynulla Fətullayev 8 il azadlıqdan məhrum edilib.

Bundan başqa «Turan» İnformasiya Agentliyi də kirayə götürdüyü mənzilin sahibindən aldığı xəbərdarlıqdan sonra başqa ünvana köçməli olub. «Azadlıq» qəzeti isə yerləşdiyi ünvandan polis gücünə çıxarılıb. Qəzetin redaksiyadan çıxarılması Müəllimlərin Təkmilləşdirmə İnstitutunun iddiası əsasında olub. İnstitut «Azadlıq» qəzetinin yerləşdiyi Xəqani küçəsi 33 ünvanındakı binanın ona məxsus olduğunu bildirirdi. Bu institutun təmir işlərindən sonra həmin binaya köçəcəyi bildirilsə də, sonradan həmin bina sökülərək yerində hündürmərtəbəli bina tikildi.

Ancaq «Yeni Müsavat» qəzetinin kollektivi belə bir aqibətlə üzləşəcəklərinə inanmırlar. Qəzetin üzləşdiyi problemi araşdıran Elşən Məmmədli deyir ki, artıq onları inandırmağa çalışıblar ki, problem bir daha təkrarlanmayacaq. Kollektiv də rəsmi qurumların verdiyi bu sözə inanmaq istəyir.
XS
SM
MD
LG