Hilmi Hacaloğlu Keçən ilin avqustunda Tsxinvalidə ölümlə üz-üzə gəlmiş «NTV-Türk» müxbirinin «Azadlıq» radiosuna müsahibəsi- Rusiyanın Gürcüstanı işğalından sonra bölgəyə getmişdiniz. Orada ölümlə üz-üzə gəlməyiniz hamını həyəcanlandırmışdı. O anları necə xatırlayırsınız? - Savaşın başladığı bazar günü idi. Biz bir gün qabaq Tbilisiyə getmişdik. Savaş bölgəsinə getməyi qərarlaşdırdıq. Yolumuz üzərindəki bir qəsəbədə yaradılmış informasiya mərkəzinə dəydik. Orada heç kim yox idi. Vuruşmaların olduğu bölgəyə doğru irəlilədik. Şlaqbaumlar belə qaldırılmışdı. Təcrübəmizə istinad edərək kiminsə bizim qabağımızı kəsəcəyinə inanırdıq. Ancaq heç kim bizi dayandırmırdı. Nəhayət, yolda qalan bir tank gördük. Uçmuş bir divardan o tərəfə keçəndən sonra uzaqdan atılan güllə «Kanal Türk»ün müxbiri Leventə dəydi. Biz maşını saxlayıb baş verən hadisələrin mahiyyətini anlamağa çalışırdıq. Levent ağrılara dözə bilmədiyini deyərək geriyə qayıtmağımızı istəyirdi. Maşını dala verəndə atəş başladı və motora dəyən güllələr onun sönməsinə səbəb oldu. Bir neçə dəqiqə maşından çıxa bilmədik. Daha sonra rus əsgərləri gəldi. Onlarla birlikdə Leventi Tsxinvali xəstəxanasına apardıq. Ona ilk təcili tibbi yardım göstərildi. Təxminən 1.5 gün xəstəxanada Leventin yanında qaldıq. Daha sonra bizi rus əsgərlərinin qaldığı düşərgəyə apardılar. Ondan sonra isə Rusiyaya göndərdilər. Bölgəyə gedəndən 4 gün sonra Türkiyə Xarici İşlər Nazirliyinin ciddi cəhdləri sayəsində ölkəmizə qayıda bildik. - Yəni bölgəyə Tbilisidən gedib Rusiyadan qayıtdınız. - Bəli, Vladiqafqazdan xüsusi təyyarə bizi Türkiyəyə gətirdi. - Müharibənin birinci ildönümündə bölgədən yenə də savaş qoxuları gəlir. Silah səsləri gəlsə, yenə də jurnalist vəzifənizi yerinə yetirmək üçün bölgəyə gedəcəksinizmi? - Təbii ki. Buna şübhə yoxdur. Savaşın birinci ildönümündə xəbər mərkəzimiz məni yenidən oraya göndərərsə, əlbəttə ki, gedərəm. Bu günlərdə bölgədən gələn xəbərlər ürəkaçıcı deyil. Qafqazda ABŞ ilə Rusiyanın «bilək güləşi»ndən söhbət gedir. Bunun içində Türkiyə, Azərbaycan, Ermənistan, Gürcüstan da var. Buna görə də hal-hazırda Qafqazda sabitliyin yaranmasından danışmaq çətindir. |
Azadlıq Trend
1