Keçid linkləri

2024, 08 Oktyabr, çərşənbə axşamı, Bakı vaxtı 00:49

««Bakı» bir qol vura biləcək, amma bu bəs edəcəkmi?»


«Bakı» - «Ekranas» qarşılaşması
«Bakı» - «Ekranas» qarşılaşması
Avropa Çempionlar Liqasının təsnifat mərhələsindən növbəti oyunun – «Levski»-«Bakı» qarşılaşmasının başlanmasına bir neçə saat qalır. Bu oyunun nəticələri Azərbaycandakı futbolsevərləri qane edəcəkmi, bəri başdan demək çətindir, amma azarkeşlər hələlik bir şeyə sevinirlər: bu qarşılaşmanı televiziyada canlı izləyə biləcəklər. Azərbаycan televiziyası yayımla bağlı az qala son anda Almaniya televiziyalarından biriylə razılаşıb. Qalır saat 22.30-da oyunu izləmək.

…Ötən həftə Bakıda keçən qarşılaşma heç-heçə (0-0) başa çatdı. Bu dəfəsə oyun rəqib meydançasında keçirilsə belə, qola ümid bağlayanlar var. «Bakı» klubunun vitse-prezidenti Zeynal Məmmədov da onların sırasındadır.
«Şansımız 50-nin 50-yədir. Biz döyüşsüz təslim olmayacağıq».

«STEFAN BATESİ OYUNA BURAXMASINLAR»

Azərbaycan Tələbə Futbol Federasiyasının vitse-prezidenti Vüqar Qasımov isə bu fikirdədir ki, «Levski» ilə qarşılaşma asan olmayacaq, Bolqarıstan komandası yetərincə güclü komandadır. Həmsöhbətimi bir az da ümidsizləşdirən özünün dediyi kimi «Bakı»nın müdafiədə zəif oynamasıdır. Hətta həmsöhbətim baş məşqçiyə tövsiyə də verir ki, beş nömrəli oyunçu Stefan Batesi müdafiədən çıxarsın:

«Yunusoğlu milli komandanın oyunçusudur, onu oyuna buraxmırlar, amma Stefan Batesi buraxırlar. O da ağırdır və səhvlər buraxır. Topu ondan həmişə ala bilərlər. Məncə, bu dəfəki oyunda Yunusoğlunu buraxsalar, müdafiə baxımından daha səmərəli ola bilər, Bakıda baxdığımız oyunla müqayisədə…»

Baş məşqçi Qyoko Hacıyevski Bolqarıstanda meydana kimləri çıxaracaq, hələ açıqlanmayıb. Amma «Bakı»nın vitse-prezidenti Zeynal Məmmədov deyir ki, müdafiəni gücləndirmək yönündə bəzi işlər görülür: «Çalışırıq müdafiədəki boşluqları aradan qaldıraq».

«BAKI» MÜDAFİƏDƏ OYNAMALIDIR»

Futbol şərhçisi Çingiz İsmayılova görəsə «Bakı»nın müdafiəsi o qədər də zəif deyil. Və komandanın rəqib meydançada qələbə şansı 40-nın 60-adır.

«Çünki bizimkilər Bakıda qələbə qazansaydılar, növbəti mərhələyə adlaya bilərdilər. «Neftçi» vaxtilə Avropa turnirlərinin birində Bolqarıstan komandası ilə oynayıb, 2-1 udmuşdu. Amma sonra həmin komanda «Neftçi»ni böyük hesabla məğlub etdi, oyun 3-1 hesabı ilə başa çatdı. Bolqarıstan komandası böyük təcrübəyə malikdir, Avropa turnirlərində iştirak edir. Məncə, üstünlük az da olsa yerli futbolçuların tərəfindədir».

Amma Çingiz İsmayılov bunu da deyir ki, bu futboldur, meydançada 90 dəqiqəlik oyunda hər şey mümkündür. İstənilən halda isə «Bakı» oyunu heç olmasa, 1-1 hesabı ilə başa çatdırmalıdır.

«1-1, 2-2 Azərbaycan futbolçularını qane edir. Amma 0-0 olsa, üstünlük yenə də meydan sahiblərinin tərəfində olacaq. «Bakı» çox çalışmalıdır, bolqarlar öz meydanlarında ikiqat-üçqat qüvvəylə oynayacaqlar. Amma mənə elə gəlir ki, «Bakı» ilk dəqiqədə müdafiədə oynasa, qapıdan top buraxmasa, ola bilməz 90 dəqiqədə əks tərəfi bir-iki dəfə hücumda yaxalamasın. İnanıram ki, bir top vuracaqlar. Amma bu bəs edəcəkmi? Məsələ budur...»
XS
SM
MD
LG