Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:14

Analar ana südünün əhəmiyyətini bilsələr...


Alimlər süni olaraq ana südü yaratmağa cəhdlər eləsələr də, bu mümkün olmayıb
Alimlər süni olaraq ana südü yaratmağa cəhdlər eləsələr də, bu mümkün olmayıb
«Mən əkiz uşaq anasıyam, onları südümlə qidalandırmışam. Faydasını da görmüşəm. Dişlərinə, baş-beyin inkişafına, zəkalarına çox müsbət təsir göstərib. Ana südü bütün mikroblara qarşıdır, deyərdim peyvənddən də güclüdür. Analara uşaqlarını ana südü ilə bəsləmələrini tövsiyə edirəm...»

Bu 3 ildir Bakıda yaşayan türkiyəli gənc ana Reyhan Şahinin dedikləridir. O bildirir ki, tanışlarında, qonşularında anaların körpələrinə süd verməməsiylə çox rastlaşıb. Bu onu çox təəccübləndirib.

CƏMİ 50 FAİZ KÖRPƏSİNƏ ANA SÜDÜ VERİR

Statistik rəqəmlərə görə, Azərbaycanda hazırda 50 faizə yaxın ana 1 yaşına qədər körpəsinə ana südü verir. 1992-ci ildəsə bu rəqəm 25 faiz olub. Azərbaycanın baş pediatrı Nəsib Quliyev deyir ki, pediatrlar bu rəqəmin 90-95 faizə yüksəlməsini arzulayırlar:

«Dünyada ana südünün əvəzedicisi yoxdur. Alimlər süni olaraq ana südü yaratmağa cəhdlər eləsələr də, bu mümkün olmayıb, bundan sonra da olmayacaq. Çünki ana südü canlı orqanizmdə yaranır. Ana südü alan uşağın böyümə və inkişafı normal getməklə bərabər onu xəstəliklərdən də qoruyur. Tibdə belə bir ifadə var ki, körpələrin ilk peyvəndi ağız südüylə baş verir. Dünyada çoxdan sübut olunub ki, ana südüylə qidalanan uşaqların intellektual və fiziki sağlamlıq göstəriciləri digərlərindən dəfələrlə yüksək olur».

Samirə Əliyeva isə uşağına süd verməyən 50 faizin tərkibinə aiddir. Deyir ki, ilk uşağına ana südü verməyib, indi bundan çox peşmandır. Doğulacaq ikinci körpəsinə isə ana südü verməyi planlaşdırır:

«Necə deyim, uşaqda çatışmazlıq çox olur. Tez-tez xəstələnir. Elə bil, harda xəstəlik varsa, birinci onu tapır. İndi bilirəm ki, hər bir qadın uşağına ana südü verməlidir. Ana südünə heç nə çatmaz...»

MAARİFLƏNDİRMƏYƏ EHTİYAC VAR

Baş pediatr Nəsib Quliyev deyir ki, körpəsinə süd verən anaların sayının artırılması üçün maarifləndirməyə çox böyük ehtiyac var:

«Təəssüf ki, elə adamlar var ki, uşaq doğulan kimi onu ana südündən məhrum edib süni qida verirlər. Onlar anlamırlar ki, bu hərəkətləri ilə o körpənin həyatına qəsd edirlər. Bu uşağın hüquqlarını ən kobud şəkildə pozulmasıdır. Ana südünün tərkibində elə maddələr var ki, o heç bir qidada yoxdur. Məsələn, əsəb sisteminin inkişafı üçün oraxedol turşusu var, o başbeyin formalaşmasının mənbəyidir».

ANA SÜDÜ, DAĞ ÇİÇƏYİ

Ana südünün məlhəm olması «Kitabi-Dədə Qorqud» dastanında da vurğulanır. Filologiya elmləri doktoru, professor Sədnik Paşa Pirsultanlı deyir ki, dastandakı bu epizod ana südünün əhəmiyyətini aydın göstərir:

«Yaralı igidə ana südüylə dağ çiçəyi kömək edir. Bu südün müqəddəsliyini göstərir. Bizim folklorda «südlə gələn sümüklə çıxar», deyimlərimizdə «halal süd əmmiş» alqış kimi «ananın südü halal olsun» kimi ifadələr də var».

Bəs nə etmək lazımdır ki, ananın südü olsun? Nəsib Quliyev deyir ki, bunun üçün körpəni çox əmizdirmək lazımdır, onda süd də bol olur: «Körpənin qidalanması sərbəst rejimdə olmalıdır. Körpə bunu özü yaxşı bilir. Yoxsa bu saatda, o saatda əmizdirmək lazımdır demək olmaz. Qaydalar əsgərlərə və böyüklərə aiddir».

2003-cü ildə ölkədə «Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında» Qanun qəbul olunub. Qanunun 3-cü maddəsində göstərilir ki, ana südünün üstünlüyü təbliğ olunmalı, analara maddi, hüquqi, tibbi-sosial təminat verilməlidir.

Azərbaycanda artıq bir neçə ildir ki, kütləvi informasiya vasitələrində süni qida qatışıqlarının reklamlarına qadağa qoyulub. UNICEF-lə birlikdə Səhiyyə Nazirliyi ana südünün əhəmiyyətiylə bağlı doğum evlərində, qadın məsləhətxanalarında, təbliğat aparır. Oktyabr ayında Bakıda ana südünün əhəmiyyətiylə bağlı həftəlik keçirilməsi planlaşdırılır.
XS
SM
MD
LG