Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:02

«Əliyev Azərbaycanında həyat səviyyəsi yüksəlib»


Azərbaycan vətəndaşlarının 77%-i ölkə rəhbərliyindən razıdır. Baxmayaraq ki, iqtisadi göstəricilər yüksəlsə də, siyasi azadlıqlar geriləməkdədir. Belə bir nəticəyə mərkəzi ABŞ-da yerləşən, dünya üzrə insan təbiətini və davranışlarını öyrənən «Gallup» təşkilatı gəlib.

Gallup bildirir ki, məhz bu göstəricisinə görə Azərbaycan keçmiş Sovet ölkələri arasında birinci yerdədir.

«YAXIN GƏLƏCƏKDƏ AZƏRBAYCANLILAR RƏHBƏRLİKDƏN 90% RAZI OLACAQ»

Ancaq bəzi yerli ekspertlər bildirir ki, «Gallup»ın bu göstəricisi daha yüksək ola bilərdi. Politoloq İlqar Məmmədov hesab edir ki, yaxın gələcəkdə bu göstərici «Gallup»ın metodologiyası əsasında təxminən 90 faizə çata bilər. Onun fikrincə, əgər bu araşdırma Şimali Koreyada aparılsaydı, əhalinin böyük əksəriyyəti Pxenyan hökumətinə öz dəstəyini bildirəcəkdi.

İlqar Məmmədov deyir ki, Azərbaycanın siyasi sistemi repressiv olduğundan insanların səmimi şəkildə rəhbərliyə münasibət bildirəcəyini gözləmək olmaz.

«Mühit qorxu ilə doludur. İnsanların hətta küçədə şəkil çəkməsinin, azadlığın digər elementləri barədə danışmasının qarşısı alınır. Azərbaycanlılar ictimai rəy sorğularına ehtiyatla cavab verirlər».

LUKAŞENKO İLƏ ƏLİYEVİN FƏRQİ...

Belə olan halda sual oluna bilər ki, nəyə görə bəs Belarusda insanlar Lukaşenkonu bəyənmədiyini deməkdən çəkinmirlər?

İlqar Məmmədov deyir ki, Minskdən fərqli olaraq Bakı Qərbin yaxın müttəfiqidir. Qərb Belarusla müqayisədə Azərbaycanla ehtiyatla davranır: «Məsələn, əgər Qərb belorusları prezident Lukaşenkonun «bizim adam» olmadığına inandırmaq istəyirsə, Azərbaycanda vəziyyət fərqlidir. Qərb deyir ki, «İlham Əliyev pis adam deyil, o, bizi dəstəkləyir və biz də onu dəstəkləyirik».

İlqar Məmmədov deyir ona görə də heç bir siyasi biliyi olmayan adi vətəndaş elə bilir ki, bu hökumətin siyasəti üstündür və düşünür ki, nəyə görə narahat olmalıyam.

«GALLUP» RAZILAŞMIR

«Gallup»ın nümayəndəsi və hesabatın müəlliflərindən Neli Esipova isə rəy sorğusunun nəticələrinin qorxu ilə əlaqəli olması fikri ilə razılaşmır. Esipova deyir ki, siyasi xarakterli suallar yalnız o zaman respondentə verilir ki, o, özünü rahat hiss edir. Yəni heç kimin «qapısını döyülüb deyilmir ki, sənə bir neçə siyasi sualımız var».

Esipovanın bildirdiyinə görə, rəy sorğusunda sualların əksəriyyəti iqtisadi məsələlərlə bağlı olur, siyasətlə yox.

Britaniyanın Chatham House təşkilatında Rusiya və Avrasiya üzrə araşdırma aparan Ceyms Nixey də vurğulayır ki, liderlik reytinqində iqtisadi göstəricilər mühüm əhəmiyyət kəsb edir.

O deyir ki, Əliyev Azərbaycanında həyat səviyyəsi yüksəlib. Ceyms Nixey etiraf edir ki, ölkənin sərvəti səpələnib. Böyük hissəsi elitanın cibinə gedir, ancaq bununla bərabər külli miqdarda pul infrastruktur layihələrinin həyata keçirilməsi üçün «qrant layihələri» adı altında sərf olunur.

Bununla belə, ekspert Azərbaycanda sorğu zamanı qorxu amilinin rolunu inkar edir.

Ancaq statistik rəqəmlərə görə, siyasi hadisələrə münasibət bildirilən zaman qorxu da öz sözünü deyə bilər.

«Gallup»ın rəy sorğusunda yer alan az saylı siyasi suallardan biri belə olub. «Sizcə, ölkənizdə nə qədər insan siyasi baxışlarını azad ifadə etməkdən qorxur?»

Respondentlərin 60 faizi deyib ki, çox insan açıq şəkildə öz baxışları barədə danışmaqdan çəkinir. 21 faiz hesab edir ki, bəzi adamlar qorxur. Cəmi 11 faiz deyib ki, Azərbaycanda heç kim siyasi baxışlarını bölüşməkdən qorxmur.

2007-ci ildə də «Gallup» Azərbaycanda eyni rəy sorğusunu keçirmişdi. Həmin vaxt rəyi soruşulanların 66 faizi hökumətdən məmnun olduğunu demişdi. Bir ildən sonra isə hökumətə simpatiya 10 faiz artıb.

Keçmiş Sovet ölkələrinin 12-ni əhatə edən rəy sorğusu 2008-ci ildə keçirib, araşdırmanın nəticələri isə 5 gün əvvəl iyulun 31-də açıqlanıb. Araşdırmaya Türkmənistan və Tacikistan daxil edilməyib. «Gallup» belə bir nəticəyə gəlib ki, bu ölkələrdə insanlar suallara səmimi cavab verməyəcəklər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG