Keçid linkləri

2024, 04 Dekabr, çərşənbə, Bakı vaxtı 15:19

«Hakimiyyət nə özünün, nə də dövlətinin imicinin qayğısına qalır»


Rauf Mirqədirov və Rasim Musabəyov
Bunu «Panorama» verilişində «Zerkalo» qəzetinin şərhçisi Rauf Mirqədirov deyir. Onun fikrincə, hakimiyyət BMT İnsan Hüquqları Komitəsinin hesabatında qaldırılan məsələləri çözmək əvəzinə, onu ört-basdır etmək yolunu tutacaq. O, bunu hakimiyyətin özünə arxayınlığı ilə izah edir:

«Bir tərəfdən, ölkəyə gələn neft pulları Azərbaycan hakimiyyətini arxayın salıb. Hakimiyyət nümayiş etdirmək istəyir ki, nə Qərbdən, nə də onun partnyorlarından asılıdır. Başqa tərəfdən, bu, subyektiv amillərlə bağlıdır. Nə qədər qəribə səslənsə də, Heydər Əliyev özünün və dövlətin beynəlxalq imicini qorumağa çalışırdı. Ölkədə bir tərəfdən, azadlıqlar boğulsa da, başqa tərəfdən, onun inkişafına imkanlar açılırdı. İndiki hakimiyyət isə özünü ərköyün aparır. Nə özünün, nə də dövlətin imicini düşünür».

Politoloq Rasim Musabəyovun fikrincə isə, hakimiyyət azadlıqları ona görə boğur ki, neft pullarını istədiyi kimi sağa-sola xərcləyə bilsin:

«O istəmir ki, kimsə ayağına dolaşsın. Nəyinə lazımdır azad mətbuat ki, bu pulların necə xərclənməsi ilə maraqlansın».

Rasim Musabəyov Azərbaycandan fərqli olaraq, Moldovada bu həftə nisbətən demokratik parlament seçkilərinin keçirilməsini də təsadüf saymır:

«Moldovanın Azərbaycanla müqayisədə demokratik seçki təcrübəsi var. Hətta kommunistlər də bu ölkədə nisbətən demokratik seçkiylə hakimiyyətə gəliblər. Üstəlik, Qərb Moldovaya daha ciddi dəstək verir. Moldova müxalifəti də Azərbaycan müxalifəti ilə müqayisədə müəyyən resurslara malikdir».

Rauf Mirqədirov isə deyir ki, Moldovada Qərb dəyərləri daha çox oturuşub. Baxmayaraq ki, orada hakimiyyətdə kommunistlərdir:

«Rusiya və Çin kommunistlərin qələbə çalacağı təqdirdə bu ölkəyə ciddi maliyyə dəstəyi vədi vermişdilər. Söhbət Çinin 1 milyard dollar yardımından gedirdi. Ancaq nə Moldovanın kommunist hakimiyyətinə, nə də ictimaiyyətə bunu yedizdirmək mümkündür. Çünki onlar başa düşür ki, bu, ölkənin Qərbə inteqrasiyasının qarşısını tam kəsmək olardı…».

Buna da bax:

XS
SM
MD
LG