Keçid linkləri

2024, 11 Oktyabr, Cümə, Bakı vaxtı 16:26

Böhran dövründə şıdırğı maşın alveri


Qlobal maliyyə böhranının Amerikanın avtomobil istehsalçılarına böyük ziyan vurduğu məlumdur. Bir çox insanlar maşın almaq planlarını təxirə salıblar.

Amma Amerika hökumətinin başladığı yeni plan maşın zavodlarındakı istehsalı qaydasına sala bilər.

4500 DOLLAR YARDIM – AMMA BİR ŞƏRTLƏ

Yeni proqramın mahiyyəti odur ki, dövlət təzə maşın almaq istəyənlərə 4500 dollaracan yardım ayırır – amma bir şərtlə - onlar öz çox benzin işlədən köhnə maşınlarını az benzin “yeyən” təzə maşına dəyişməyə razı olmalıdırlar.

Yeni dövlət proqramına iyulun 27-də start verilib, amma cəmi bir neçə gün ərzində proqram üçün dövlət büdcəsindən ayrılan 1 milyard dollar qurtarıb.

Ölkə boyu bu yolla 23 minə qədər təzə maşın satılıb. İndi prezident Barak Obamanın administrasiyası proqramı davam etdirmək üçün pul axtarır.

BİR GÜLLƏ İLƏ ÜÇ DOVŞAN VURAN PROQRAM

Amerikada ən çox benzin "yeyən" maşınlardan biri - Hammer
Yeni proqramın məqsədi böhran dövründə maşın satışını artırmaqla yanaşı həm də neft idxalından asılı olan Amerikanın enerji təhlükəsizliyini yaxşılaşdırmaq, eyni zamanda atmosferə buraxılan istixana qazlarını azaltmaqdır.

Amma yeni proqramın ideyası Amerikaya məxsus deyil. Bu proqram Fransa, Almaniya, İtaliya və İspaniyada da müəyyən uğur qazanıb.

BƏS KASIBLAR?

İki amerikalı senator – demokrat Dayan Faynşteyn və respublikaçı Süzan Kolinz deyiblər ki, proqramın davam etdirilməsi zamanı yanacağa qənaət işinin yaxşılaşdırılması və atmosferə buraxılan qazların əhəmiyyətli dərəcədə azaldılması ilə bağlı daha sərt şərtlər tətbiq edilməlidir.

Senatorlar təklif edirlər ki, proqrama düzəlişlər edilsin və az gəlirli vətəndaşlara öz maşınlarını dəyişmək imkanı yaradılsın. Hazırda onlar bu proqramdan yararlana bilmirlər.

Senatın spikeri Nensi Pelosi deyib ki, senatorlar məsələ ilə ciddi məşğil olub proqramın nəticələrini cəld nəzərdən keçirəcəklər. Bundan sonra proqramın davam etdirilməsi mümkün ola bilər.
XS
SM
MD
LG