Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 12:07

Azərbaycanlı jurnalistin xofu


Mirzə Sakit deyir ki, qardaşı da küçədə getdiyi yerdə şərləndi və xuliqanlıq maddəsiylə azadlıqdan məhrum edildi
Mirzə Sakit deyir ki, qardaşı da küçədə getdiyi yerdə şərləndi və xuliqanlıq maddəsiylə azadlıqdan məhrum edildi
«Azadlıq» qəzetinin satirik yazarı Mirzə Sakit deyir ki, iyulun 25-də dostları ilə çay içərkən tanımadığı adamlar onu təxribata çəkməyə çalışıblar. Xoşagəlməz nəticədən qaçmaq üçün o da işin dərininə, mübahisəyə getməyib:

«Başladılar söz atmağa. Hətta gördüm oğlum da narahat olur. Dedi ki, ata, bunlardan xoşum gəlmir. Mən də Sabirin şerini dedim ki, mən belə əsrarı qana bilmirəm. Bu adamlardan biri qayıtdı ki, qanarsan, yaxınlarda yaxşı qanarsan. Sonra başladılar saqqalıma ilişməyə. Dostlardan biri dedi ki, bunlardan biri keçmiş polis mayorudur, bizə ilişirlər. Durun gedək».

ÇAYXANADA TƏXRİBAT VƏ YA PİS ZARAFAT
Gözü çıxan qardaş göz qabağında olar deyirlər. Mirzə Sakit deyir ki, qardaşı, «Azadlıq» qəzetinin redaktoru Qənimət Zahid də küçədə getdiyi yerdə şərləndi və xuliqanlıq maddəsiylə dörd il azadlıqdan məhrum edildi. Və ya elə bu yaxınlarda restoranda dostları ilə yeyib-içən gənc fəallar Adnan Hacızadəylə Emin Milli də təxminən eyni şəkildə təxribata çəkildi və indi onlarla bağlı cinayət işi açılıb. Mirzə Sakitə görə, hələ bu hamısı deyil, o jurnalistləri, ictimai fəalları qandallayıb tutan hakimiyyətdən hər cür əcaiblik gözlədiyini deyir:

«Yaxın zamanlarda həbslər ola bilər, kimisə vurub öldürə bilərlər. Həm ictimai qınaq yoxdur, həm ictimai fəaliyyət. Ona görə də bundan ilhamlanıb qabaqlarına keçəni susdurmağa çalışırlar».

Yeri gəlmişkən, Mirzə Sakitin işlədiyi qəzet onun satirik yazılarının çapına məhdudiyyət qoyub. Bu da belə deyək qəzetin ehtiyatlılığından xəbər verir. Onu da deyək ki, Mirzə Sakit narkotik maddələrdən istifadəyə görə, üç il müddətinə azadlıqdan məhrum edilmişdi, bu ilin aprelində azadlığa çıxıb.

Mirzə Sakitin bizə danışdıqları bəlkə kiminsə yersiz zarafatı, təsadüfi bir hadisə, bəlkə də özünün dediyi kimi təxribata cəhd olub.

AZƏRBAYCAN JURNALİSTLƏRİNİ XOFLANDIRAN HALLAR
Amma fakt budur ki, son illərin həbsləri, hətta həbslə nəticələnməyən bəzi hadisələr jurnalistlər arasında tədricən də olsa xof yaradıb, onları özünüsenzuraya vadar etməklə yanaşı həm də suyu da üfürə-üfürə içməsinə səbəb olub. «Gündəlik Azərbaycan» qəzetinin keçmiş əməkdaşı Çingiz Sultansoy deyir ki, bu da səbəbsiz deyil:

«Fakt odur ki, Mirzə Sakiti narkotikə görə yox, şerlərinə görə həbs eləmişdilər. Bu adam həbsdə yatdı. Başına gələnlərdən sonra bu cür hiss yaşaması, bu əməlləri provakasiya cəhdi kimi başa düşməsi qorxu ya xof deyil, sadəcə ehtiyatdır. Əgər bu qorxu cəmiyyətdə varsa, bu da təbiidir. Gəlin Emin Milliylə Adnan Hacızadənin vəziyyətinə baxaq. Burda açıq-aşkar görünür ki, bu qurama işdir, ilişiblər, dava eləyiblər, sonra da müqəssir biliblər».

Çingiz Sultansoya görə, hakimiyyət bilərəkdən belə metodlardan yararlanır və tək jurnalistləri yox, müxalif düşüncəli insanları xof, qorxu içində yaşamağa sövq edir. Bəs xof yaradacaq hadisələr nə ola bilər?

Həmkarımla son illər mətbuatda yaşanan bəzi hadisələri xatırlayırıq. Məsələn, jurnalist qadına sataşmaqda ittiham oluna, azadlıqdan məhrum edilə bilər və sonradan məlum olur ki, həmin qadın özü axtarışda imiş. «Azadlıq» qəzetinin redaktoru Qənimət Zahid kimi.

Və ya ordudakı ərzaq qıtlığından yazan jurnalist əsgəri xidmətə göndərilə bilər, özü də təkcə atəşkəsin tez-tez pozulduğu cəbhə xəttinə yox, həm də aclıqla, bit-birəylə mübarizə aparan bölüyə. «Yeni Müsavat»ın köşə yazarı Zamin Hacı kimi.

Bir başqa nümunə - jurnalist Dağlıq Qarabağdan reportajına görə, böhtanda ittiham oluna bilər. «Gündəlik Azərbaycan» qəzetinin redaktoru Eynulla Fətullyaev kimi. Və az sonra həmin redaktor terrorla hədələmədə, dini, milli, irqi ayrı-seçkilik salmaqda da günahlandırıla, 8 ilə yaxın həbs cəzası ala bilər.

Başqa misal, jurnalist işdən çıxarkən naməlum şəxslər tərəfindən başına torba salınıb oğurlana, ayaqları sındırıla və sonra da avtomobil yoluna atıla bilər. «Bizim yol» qəzetinin redaktoru Bahəddin Həziyev kimi.

Və ya ağacların kəsilməsindən yazan jurnalist yolda bıçaqlana, bundan sonra isə cinsi azlıqlarla əlaqədə ittiham oluna bilər. «Azadlıq» qəzetinin keçmiş əməkdaşı, hazırda mühacirətdə olan Aqil Xəlil kimi…

«Gündəlik Azərbaycan» qəzetinin keçmiş əməkdaşı Çingiz Sultansoy deyir ki, bütün bu nümunələr bir az da sovet dövrünü xatırladır.

XOFA ƏSAS YOXDU?
Amma deputat, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Gültəkin Hacıyeva bu fikirdədir ki, jurnalistlərin xof içində yaşamasına əsas yoxdur. Əksinə dövlət son zaman mətbuata qayğısını artırıb. Mətbuata Yardım Fondu bir sıra mətbu orqana, hətta ən kəskin müxalifət qəzetlərinə də maddi yardım göstərdi.

«Düzdür, jurnalistikamızda xoşagəlməz hadisələr baş verdi. Bəzi jurnalistlər həbsdədir. Və jurnalistin həbsdə olması arzuolunan hal deyil. Amma o biri tərəfdən bir müxalifət qəzetinin əməkdaşının məsuliyyətə cəlb olunması o demək deyil ki, bu jurnalistlər arasında xof yaratsın. Hər insan öz fəaliyyətinə, əməlinə görə məsuliyyət daşıyır».

ELMAR HÜSEYNOVUN QATİLİNİN TAPILMAMASI JURNALİSTLƏRƏ HANSI MESAJI VERİR?
Çingiz Sultansoy isə başqa fikirdədir: «Hakimiyyət cəmiyyətdə, xüsusən də vətəndaş cəmiyyətinin üzvlərində xof, qorxu yaratmaq, onları sındırmaq, sıxmaq, əzmək istəyir. Müstəqil jurnalist oyuna çəkilir, döyülür, qorxudulur. Elə Elmar Hüseynovu götürək, jurnalist öldürülür. Elmar kimi jurnalist öldürülür və qətlinin üstü açılmırsa, bu özü jurnalistə hansı mesajı verir?..»
XS
SM
MD
LG