Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:05

«Heç kim bu yataqları Türkmənistana verən deyil»


Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban
Bir-neçə gün əvvəl Türkmənistan Azərbaycanla mübahisəli neft yataqlarının sahibliyinə aydınlıq gətirmək üçün Beynəlxalq Arbitraj Məhkəməsinə müraciət etmək qərarına gəlib. Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bu hadisəyə skeptik yanaşır. «Azadlıq» Radiosunun «İşdən sonra» proqramında o bu barədə fikirlərini bildirib:

«- Azərbaycan və Türkmənistan arasında problemin çözülməsi əslində asan bir prosesdir, yoxsa məsələ o qədər dərinə gedib ki, nəsə etmək gündən-günə çətinləşir?

- 1994-cü ildə Azərbaycan Azəri-Çıraq-Günəşli yataqlarına aid Neft Konsorsiumu ilə birgə saziş imzalamağa çalışırdı. Həmin dövrdə Azərbaycana ən böyük təsir İran və Rusiyadan idi. Digər Xəzəryanı ölkələr gözləmə mövqeyində dayanmışdılar. Bu yataqlardan 1997-ci ildə neft çıxanda belə, Türkmənistanın neqativ münasibətini görməmişdik».

Ekspert hesab edir ki, Azərbaycanla Türkmənistan münasibətlərində soyuqlaşma 20-ci əsrin sonunda gündəmə gəlib. Belə ki, Türkmənistanın o vaxtkı prezidenti Saparmurad Niyazov ilk dəfə olaraq Azərbaycana məxsus yataqların bölünməsi məsələsini önə çəkib.

«2001-ci ildə isə ölkələr arasında artıq diplomatik gərginlik yaşanırdı. Türkmənistan maliyyə problemləri adı altında hətta öz səfirini geri çağırdı. Yalnız keçən il diplomatik missiya bərpa edildi».

İlham Şaban daha sonra bildirib: «Düşünmürəm ki, sözügedən yataqların mənsubiyyətini Beynəlxalq Arbitraj Məhkəməsi səviyyəsinə qaldırmaq lazım idi. Azərbaycanın neft sahəsinə artıq 21 milyard dollar sərmayə qoyulub. Və heç kim bu yataqları Türkmənistanın nəzarətinə verən deyil. Tarixdə belə şey olmayıb.

İstənilən halda, Türkmənistanın bu hərəkəti neft-qaz üzrə ekspertlərdə şok effektini yaratdı. Təkcə «məhkəmə» sözü Azərbaycanda özü şok yaradır».
XS
SM
MD
LG