«İyulun 23-də Qırğızıstanda keçirilmiş prezident seçkisi bir çox beynəlxalq standartlara cavab verməyib». ATƏT-in Qırğızıstandakı prezident seçkisini müşahidə edən missiyası belə bəyanatla çıxış edib. «Təəssüf ki, biz bu seçkilərdə ümid etdiyimiz irəliləyişləri görmədik. Seçki Qırğızıstanın götürdüyü əsas beynəlxalq öhdəliklərə cavab vermir». ATƏT bildirib ki, müşahidəçilər seçki məntəqələrinin yarısından çoxunda səsvermə və səslərin sayılması zamanı ciddi pozuntular aşkarlayıblar. ATƏT-in bu bəyanatına baxmayaraq, rəsmilər seçkinin baş tutduğunu və ilkin nəticələrə görə, prezident Kurmanbek Bakiyevin 90 faizə yaxın bir göstərici ilə qalib gəldiyini bildirirlər. Qırğızıstan Mərkəzi Seçki Komissiyasının sədri Timur Lisovski deyib ki, müxalifətin ən əsas namizədi - sosial demokrat Almazbek Atambayev çox cüzi səslə ikinci olub: «Atambaev Almazbek 59 887 səs yığıb, yəni 6.19 faiz». Əslində, Atambayev artıq cümə axşamı - seçkinin ortasında namizədliyini geri götürdüyünü və bu tamaşada iştirak etmək istəmədiyini bildirmişdi. Atambayev qərarını partiyasının üzvü olan iki deputatın həbsi və çoxlu pozuntularla əlaqələndirmişdi. O, tərəfdarlarını seçki saxtakarlığına etiraz olaraq küçələrə çıxmağa çağırmışdı: «Lazım olsa, biz bu gün və sabah camaatı küçəyə çıxıb etiraz etməyə çağıracağıq. Mərkəzi Seçki Komissiyasını da xəbərdarlıq edirik ki, bu qədər pozuntuyla keçirilən seçkini qanuni saysa, daha çox etiraza səbəbkar olacaq. Deputatların həbsi də fikrimcə, İsık-Kuldakı vəziyyəti gərginləşdirəcək». Amma Atambayevin bu hədələrinə baxmayaraq, ölkədə vəziyyət ümumilikdə sakitdir. Yalnız seçki günü İsık-Kuldan olan iki sosial demokrat deputatın həbsi 1000-ə yaxın adamın etirazına səbəb olmuşdu. Ancaq polis səs qumbaraları, gözyaşardıcı qaz və havaya atəş açmaqla bu aksiyanı dərhal dağıdıb. İndi müxalifət tərəfdarlarının qarşıdakı günlərdə seçkinin nəticələrinə etiraz olaraq dinc aksiyalar keçirməsi gözlənilir. Çünki Atambayevin seçki qərargahının qanun pozuntuları ilə bağlı şikayətləri elə ATƏT-in Müşahidə Missiyasının bəyanatında da yer alıb. Yəni, seçki siyahıları qarışıq olub, qutulara toplu bülletenlər atılıb, «karusel» üsulundan istifadə edilib. Qırğızıstan Mərkəzi Seçki Komissiyası isə hələlik ancaq bir məntəqədə seçkinin nəticələrini ləğv edib. Qırğızıstanda 2005-ci ilin martında seçkidən sonra baş verən kütləvi etirazlar nəticəsində o vaxtkı prezident Əsgər Akayev ölkədən qaçmış, hakimiyyətə həmin inqilabla indiki prezident Kurmanbek Bakiyev gəlmişdi. |
AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib
Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.
Ətraflı məlumat üçün bura klikləyin.
Azadlıq Trend
1