Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:34

Prezidentə müraciət etdi, həbs olundu


58 yaşlı Salyan rayon sakini Səməd Məmmədov prezidentə məktub yazıb
«Bu ilin mayın 25-də 19 yaşlı oğlum Mənsur Məmmədov günün günorta çağı Salyan rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən faktiki olaraq oğurlanıb. Mənsuru qanunsuz olaraq 2 gün saxladıqdan sonra məndən azad olunması üçün 20.000 manat tələb ediblər. Uzun danışıqdan sonra ev əşyalarımı girov qoyaraq 6000 manat borc pul tapıb polisə rüşvət vermişəm ki, övladımı azad etsinlər».

AİLƏ DANIŞMAQ İSTƏMİR

Bunu bir neçə gün öncə 58 yaşlı Salyan rayon sakini Səməd Məmmədov prezidentə müraciətində yazıb. Bu müraciətdən sonra o həbs edilib. İndi rayon polis bölməsində saxlanılır. Yaxınları «Azadlıq» radiosuna deyib ki, məsələnin tezliklə həll olunacağına, yeganə pul qazanan ailə üzvünün azad olunacağına ümid etdiklərindən müsahibə vermək istəmirlər. Bəzi məlumatlara görə, Səməd Məmmədovun ailə üzvlərindən biri Salyandan Bakıya –Daxili İşlər nazirliyinə gəlib ki, həbsin qanunsuz olduğunu nazirin diqqətinə çatdırsın.

«ADAMLAR BUNDAN SONRA PREZİDENTƏ ŞİKAYƏT YAZMAĞA QORXACAQLAR»

İndiyə qədər Salyandakı haqsızlıqla üzləşənlərə yardım göstərən hüquq müdafiəçisi Emil Məmmədov (məhbusun qohumu deyil) hesab edir ki, Səməd Məmmədov hansısa danışıqlardan sonra buraxılsa da, bu problemlə üzləşən insanların ziyanına olan bir məsələdir. Onun sözlərinə görə, əslində Səməd Məmmədovu Salyandakı problemlər və oğlunun həbsdən azad olunması üçün rüşvət alındığı barədə prezidentə yazdığı məktuba görə cəzalandırılar. Hüquq müdafiəçisinin dediyinə görə, Səməd Məmmədov prezidentdən əvvəl rayon prokurorluğuna müraciət edibmiş. Elə həbs edilən gün də o rayon prokurorluğunda izahat verib evə qayıdırmış:

«Bu, çox pis bir ənənənin təməlini qoyacaq, adamlar bundan sonra yuxarı orqanlara, prezidentə şikayət yazmağa qorxacaqlar. Bu hüquq müdafiəçilərinin işinə də mənfi təsir göstərəcək. Adamlar deyəcəklər ki, filankəs harasa müraciət eləmişdi sonradan onu həbs elədilər. Onlar öz hüquqlarını müdafiə etmək üçün başqa yollar axtarmağa başlayacaqlar. Adamlarda öz hüquqlarını müdafiə etməkdə passivlik və bir qorxu hissi yaranacaq».

Emil Məmmədov bu kimi hadisələrin baş verməsində daha çox günahı yuxarılarda görür. Deyir ki, qanun buna yol verməsə də, yenə də vətəndaşın yuxarılara göndərdiyi müraciət araşdırılmaq üçün narazılığa səbəb olan quruma göndərilir. Nəticədə problem həll edilmir, şikayətçi qorxudulur və ya həbs edilir.

POLİS RƏİSİ ŞƏXSİN NARKOTİK ÜSTÜNDƏ TUTULDUĞUNU DEYİR


Salyan Rayon Polis Şöbəsinin rəisi Fuad Məmmədli Səməd Məmmədovun həbsini təsdiqləsə də, polis idarəsində ondan 20 min manat pul istənilməsini ironiya ilə qarşıladı.

«Səmədin heç iyirmi biti yoxdur, ondan 20 min manat necə istənilə bilər?»

Polis rəisinin sözlərinə görə, Səməd Məmmədov iyulun 22-də narkotik maddə ilə saxlanılıb, yəni onun həbsi harasa şikayət etdiyinə görə deyil. O deyir ki, Səməd Məmmədovun oğlu bir müddət əvvəl namus məsələsilə bağlı dindirilib və bu barədə də araşdırmalar davam edir.

«Eşitsəniz ki, bir aydan və ya iki aydan sonra Səmədin oğlu da tutulub, bəri başdan xəbərdar edirəm ki, təəccüblənməyəsiniz»

Hüquq müdafiəçisi Emil Məmmədov isə polisin sözlərini həbs olunanın ailəsinə açıq hədə - təzyiq kimi qiymətləndirir. Onun fikrincə, məqsəd ailənin növbəti şikayətlərinin qarşısını almaqdır.

Saxlanılan şəxs prezidentə məktuba görə həbs edildiyini deyir

Saxlanılan şəxsin vəkili Əziz Zeynalovun «Azadlıq» radiosuna dediyinə görə, onun müdafiə etdiyi Səməd Məmmədov özünü günahkar bilmir və hər hansı sənədə imza atmaqdan da imtina edir. Vəkilin dediyinə görə, müdafiə elədiyi şəxs bir müddət əvvəl oğlunun həbs edilməsi və azad olunması üçün ondan rüşvət istənilməsilə bağlı yuxarılara etdiyi müraciətə görə həbs olunduğunu bildirib. O, hazırda Salyan rayon polis şöbəsinin müvəqqəti saxlanma təcridxanasındadır.

Salyandan aldığımız məlumata görə, artıq Səməd Məmmədovun oğlunu polis axtarır.

NAXÇIVAN ƏNƏNƏSİ

Hələ 2007-ci ildə də Naxçıvanın Sədərək rayonunda üzləşdiyi problemlə bağlı paytaxt Bakıya şikayət göndərdiyi üçün 78 yaşlı Ələsgər İsmayılov həbs edilmişdi. Daha sonra o, məcburi şəkildə Bakıdakı 1 saylı Respublika psixiatriya xəstəxanasına yerləşdirilmişdi. Həmin vaxt o «Azadlıq» radiosuna verdiyi müsahibəsində hər hansı xəstəlikdən əziyyət çəkmədiyini həbsinin və xəstəxanaya gətirilməsinin yeganə səbəbinin prezidentə etdiyi müraciət olduğunu bildirmişdi.

«Sorğu-sualın sonu o oldu ki, sən yerli hökumətə şikayət etməli idin, nə üçün Bakıya prezidentə müraciət eləmisən».

Ələsgər İsmayılovun yerli orqanlara uzun müddət etdiyi şikayətsə, evinin qəza vəziyyətinə düşməsilə bağlı olub. İstəyib ki, buna bir əncam çəkilsin. Amma yerli qurumlardan bu müraciətə baxan olmadığı üçün o, prezidentə müraciət edib.

«Mənim günahım bu olub. Prezidentə yazdım ki, bəlkə ondan sonra bu işə baxalar. Budur mənim günahım. Mən göz qabağında olan evimlə bağlı şikayət edirəm, onlar da mənim keçmişimlə bağlı danışırlar. Axı bir qədər pis çıxmasın, mənim etiketim var mən axı cəbhəçiyəm».

Bu fikirləri Ələsgər İsmayılov müxbirimizə psixiatriya xəstəxanasında yatarkən deyib.

Bir müddət sonra xəstəxanadan çıxan Ələsgər İsmayılov bir daha Naxçıvana qayıtmayıb. Hazırda onun Bakıda övladlarından birinin yanında qaldığı bildirilir.
XS
SM
MD
LG