Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:11

Ailə qətlləri niyə artır?


Sağlam siyasi-iqtisadi mühit formalaşmayana qədər cəmiyyətdə mənfi enerji tükənməyəcək, əksinə, bəlkə də artacaq
Sağlam siyasi-iqtisadi mühit formalaşmayana qədər cəmiyyətdə mənfi enerji tükənməyəcək, əksinə, bəlkə də artacaq
İctimai TV-də «Özgə günahları» adlı teleserial yayımlanır. Bir seriyasında təxminən belə bir süjetin şahidi oldum: qızı anasının sevgilisiylə ona xəyanət eləyir, oğul varlı anasını oğurlatdırır, istənilən pulu verməsə onu öldürməyi əmr eləyir. Bu serialın çoxlu tamaşaçısı var və maraqla hadisələri izləyirlər. «Mənəvi dəyərlərdən uzaq filmə niyə baxırsız» sualının cavabında isə «kinodu də!» söyləyirlər.

Bu isə kino deyil: «Gəncə şəhərində oğul atasını qətlə yetirib. Daxili İşlər Nazirliyinin məlumatına görə, Gəncə şəhəri M. Hüseynzadə küçəsində yaşayan P.İ ailə münaqişəsi zəminində atasına ölümcül bıçaq xəsarəti yetirib. Ata aldığı xəsarətdən xəstəxanada keçinib».

Bir ayrı oxşar hadisə isə Azərbaycanın başqa bir şəhərində olub: «Sumqayıt şəhərində oğul atasını qətlə yetirib. Daxili İşlər Nazirliyinin məlumatına görə, şəhərin 8-ci mikrorayon sakini A.Yaqubov ailə münaqişəsi zəminində atasını balta ilə vurub».

Azərbaycanın gündəlik mətbuatında az qala hər gün bu cür kriminal xəbərlər oxumaq mümkündür. Özü də təkcə bu xəbərlər ata qətlləriylə kifayətlənmir, həm də ailə faciələrində qatillər təkcə kişilər olmur, qatillərin və qurbanların qohumluğu müxtəlifdir.

Qətl hadisələri, xüsusilə yaxın adamlarına qarşı zorakılıq halları niyə artır? Məsələn, sərxoş ər hamilə qadınını bıçaqlayır, ürəyi soyumayıb 2 yaşlı uşağını öldürür. Və ya ata-ana öz balasının qatilinə çevrilir. Niyə? Bu qətllərin kökü hardan şirələnir? Nəyə görə insan emosiyasının girovuna çevrilir?

«CƏMİYYƏTDƏ PSİXOPATYİA ARTIR»

Psixoloq Dəyanət Rzayev deyir ki, əslində azərbaycanlılar qohumcanlıdırlar, yaxın qohumlar arasında belə faciələrin baş verməsi də ona görə təəccüblü və dəhşətli görünür. Psixoloqun fikrincə, qohumcanlılıqla yanaşı həm də ailələr özünə müdaxiləyə imkan vermir:

«Məsələn, ailədə ana-bala arasında münaqişə var. Heç biri ağlına da gətirmir ki, problemi həll etmək üçün kənar adamlardan istifadə eləsinlər. Ana öz balasını polisə vermir və ya oğul anasından şikayət eləməyi özünə sığışdırmır. Ancaq münaqişə qalır və getdikcə dərinləşir. Nəticəsi də qanlı bir olayla bitir».

Dəyanət Rzayevə görə, bu cür ailə qətllərinin çoxalmasına səbəb cəmiyyətdə müşahidə olunan psixopatiyadır: «Psixopat o insandır ki, nə özü yaşayır, nə də başqasını qoyur. Cəmiyyətdə bu cür adamlar çoxalıb, amma onlar nəzarət altında deyil. Adicə bir misal deyim: bəzən avtobusda heç nəyin üstündə sürücü sərnişini təhqir eləyir. O sürücü psixopatdır».

Bir çox müşahidəçilər zorakılıq epizodlarıyla yüklənmiş kino və cizgi filmlərinin də insanlarda aqressivliyi artırdığını düşünür. Amma cəmiyyətdə bir əsəb gərginliyi müşahidə eləyən psixoloqun fikrincə, bunun kökləri təkcə filmlərdən qaynaqlanmır, həm də bərbad təhsildən və gün-güzəran ağırlığından doğur:

«Məktəblərdə nə təhsil, nə təlim-tərbiyə var. Azərbaycanda güclü təbəqələşmə gedir. Məsələn, əvvəllər az adamın maşını var idisə, indi maşınlıların sayı çoxalıb. Sən də fikirləşirsən ki, məndə niyə yoxdur. Artıq paxıllıq hissi dərinləşir. Yəni neqativ hisslər çoxalır».

EMOSİYALI, HİSSİZ CƏMİYYƏT

Yazıçı Uğurlu Fəxri isə deyir ki, əslində öz əzizini öldürmək elə özünü öldürməkdir: «Adam öz arzularını həyata keçirə, həyatla mübarizə apara bilmir, öz emosiyasını boşaltmağa yer tapmır, nəticədə gücü özünə, özününkünə yönəlir. Məsələn, qardaş qardaşı tamah məqsədilə öldürür. Qətlin motivi tamahdır, amma əslində qatil qardaşın özünə ev almaq imkanı olsaydı, bunu bacarsaydı, bir daxmanın üstündə qardaşını öldürməzdi».

Yazıçı indi Azərbaycan cəmiyyətində daha çox emosiya bolluğu duyur, nəinki hisslərin olduğunu görür: «Əslində emosiya instinkdir. İnsanı heyvandan fərqləndirən onun hissləridir. Bu gün bizim cəmiyyətdə hisslər kütləşib. Ona görə də hər gün ailə faciələri barədə eşidirik». Müsahibim deyir ki, cəmiyyətdə emosiyaları qadağalar, yasaqlar çoxaldır.

QƏTLƏRİN MOTİVİ ÖYRƏNİLMİR

Hüquq elmləri doktoru, professor Kamil Səlimov isə deyir ki, qətllərin motivini öyrənən mərkəzlərə ehtiyac var: «Kriminalistlər, sosioloqlar belə qətllərlə bağlı tədqiqat aparılmalıdır. Tədqiqat nəticəsində də bu cür hadisələrin qarşısını almaq üçün standartlar hazırlamaq olar». Kriminalist Səlimova görə, əvvəlki profilaktik tədbirlər kompleksi indi dağılıb: «Həm ailədaxili, həm də mənəvi problemlərlə bağlı iş aparılırdı».

Psixoloq Dəyanət Rzayev də ailədaxili problemləri öyrənən sosioloji-psxoloji mərkəzlərin yoxluğundan narahatdır: «Məsələn, sosioloq öyrənə bilər ki, bu evdə uşaq döyülür, ya yox. Ər-arvad arasında münasibətlər necədir. Ailə faciəsi riski qiymətləndirilməlidir. Yerli dövlət qurumları ailələrlə iş aparmalıdır. Əgər biz faciələr istəmiriksə, bu işlər görülməlidir».

D.Rzayevə görə, sağlam siyasi-iqtisadi mühit formalaşmayana qədər cəmiyyətdə mənfi enerji tükənməyəcək, əksinə, bəlkə də artacaq. Amma o hesab eləyir ki, insanlar bir fərd olaraq, özlərini xilas eləyə bilərlər, bunun üçün bacardıqları bir yaradıcı işlə məşğul olmaq onların enerjisini müsbət məcraya yönəltməkdə kömək eləyə bilər.

Bəs siz necə bilirsiniz, niyə ailə qətlləri çoxalır?

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG