Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:27

«Liftə minmisən, pulunu ver!»


Bakı Şəhər Lift Təmiri İstehsalat Birliyinin baş mühəndisi İqbal Şəfiyev deyir ki, onların xidməti pulludur
Bakı Şəhər Lift Təmiri İstehsalat Birliyinin baş mühəndisi İqbal Şəfiyev deyir ki, onların xidməti pulludur
Yazı dinləyicilərin şikayətləri əsasında hazırlanıb.

«ÖZƏLLƏŞDİRİLMƏMİŞ «ZAPRAVKA» KiMƏ LAZIMDIR?»

Tovuzun Qovlar qəsəbəsində yaşayan Vahid öz firmasına el dilində «kupça» deyilən özəlləşdirmə sənədini ala bilmir.
Vahid Hüseynli yanacaqdoldurma məntəqəsi işlədir. Bir neçə ildir çalışır ki, bu məntəqəni özəlləşdirsin: «Sənədim olsa, kredit götürərəm. Amma indi kredit götürmək istəsəm də, girov qoymağa başqa əmlakım yoxdur. Sata da bilmirəm, kimsə yaxın gəlmir ki, özəlləşdirməsi yoxdur».

Vahid Hüseynli deyir ki, o, yanacaqdoldurma məntəqəsinin yerləşdiyi torpağı bələdiyyənin sərəncamıyla alıb: «Tovuz rayon Daşınmaz Əmlakın Reyestr Xidmətinin rəhbərliyi mənə məktub verdi ki, filan sənədləri topla. Mən də topladım. Amma məndən pul istədilər. Vermədim deyə özəlləşdirmə də aparılmadı».

Problemlə üzləşən Vahid Hüseynli hüquqlarını məhkəmədə müdafiə eləyib və prosesi udub: «İndi də məhkəmə qətnaməsi icra olunmur. Hara gedirəm, faydası yoxdur».

Dövlət Əmlak Komitəsinin mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov deyir ki, Vahid Hüseynli heç nədən narahat olmasın.
- Bizim yerli idarəmizə müraciət eləsin, əgər sənədləri qaydasındadırsa, özəlləşdirmə sənədini almaqda problemi olmayacaq.
- Vahid Hüseynli müraciət eləyib, amma ordan deyiblər ki, Dövlət Reyestr Xidməti Əmlak Komitəsinin tərkibinə verildiyi üçün struktur dəyişikliyi hələ başa çatmayıb.
- Ola bilər. Bir müddətdən sonra müraciət eləsin, elə bilirəm, sənəd almaqda problemi olmayacaq.
- İşdi-şayət, bu dəfə də onun firmasına özəlləşdirmə sənədi verilməsə, onda Vahid Hüseynli hara müraciət eləsin?
- Onda siz mənə yenidən deyin, amma əminəm ki, problemlə üzləşməyəcək.

MÜHƏRRİKİN TƏMİRİ

Hündür mərtəbəli binanın üst mərtəbəsində yaşayasan, amma liftin işləməyə. İndi gəl bu istidə bu pilləkənləri qalx yuxarı. Bakının Xətai rayonu Namiq Əliyev 28-də yaşayan Elşad Əhmədov da elə bundan şikayət eləyir. Deyir ki, onlar öz pullarına lifti təzələyiblər, indi mühərriki xarab olub, yenə də onlardan pul istəyirlər: «Şikayətimiz Xətai rayon liftindəndir. 5-6 ay qabaq 300 manata reduktor aldıq. İndi də mühərriki xarab olub. Bizə deyirlər ki, 150 manat verin, düzəldək, dövlət hesabına heç nə yoxdur».

Bakı Şəhər Lift Təmiri İstehsalat Birliyinin baş mühəndisi İqbal Şəfiyev deyir ki, onların xidməti pulludur və bu barədə müqavilədə açıq-aydın yazılıb:

- Liftin təmiri ya liftin sahibi, ya da digər mənbədən maliyyələşməlidir. Bizim sakinlərdən aldığımız pulun bir hissəsi vergiyə, bir hissəsi sosial müdafiə fonduna gedir. Bəs fəhlə maaş almasın? Mühərrikin təmiri də 151 manata başa gəlir. Bu cür hallarda təmir üçün əlavə ödəniş olmalıdır.

Lift xidmətinin əraziyə məsul baş mühəndisi Vaqif Rzayev də deyir ki, onlar yalnız ehtiyat hissələrini dəyişirlər, mühərrikin təmiri texniki xidmətə aid deyil.

- Axı dövlət bu sahəyə dotasiya ayırır…
- Düzdür, ayırır, bu vəsaitə əsasında da kiçik ehtiyat hissələri alırıq, təmir edirik. Amma bu məsələdə mühərrikin təmiri texniki xidmətə aid deyil.

Mühərrik ona görə texniki xidmətə aid deyil ki, onun xarab olmasına enerji gərginliyi səbəb olub. Ona görə də məsuliyyət lift-təmir idarəsinin üzərində deyil. Bəs məsuliyyəti daşıyanları məhkəmə vermək olarmı? Vaqif Rzayev deyir ki, bu onların səlahiyyətində deyil. Bu səlahiyyəti binanın sahibi, yəni mənzil-kommunal təsərrüfat birliyi eləyə bilər. İndi bu, sakinlərdən asılıdır. Onlar öz yaşadıqları yerdən normal istifadə etmək hüququnu müdafiə edə bilsələr, yuxarı mərtəbələrdə yerləşən mənzillərinə də yorucu pilləkənlərlə yox, liftlə qalxa biləcəklər.

KİM KİMƏ BORCLUDUR? NİYƏ BORCLUDUR?

Lift söhbətimiz bitmir. Bakının Qaradağ rayonu, Müşfiqabad qəsəbəsinin sakinlərinin də həftə səkkiz, mən doqquz lifti işləmir. Qəsəbə sakinləri «Qaynar xəttə» liftlərinin tez-tez dayanmasından şikayət ediblər:

«Gah nəyisə qırılır, bir neçə həftədən sonra gəlib düzəldirlər. İndi də sadəcə söndürürlər. Maraqlanmışıq, deyiblər ki, yerli şəbəkə borc üzündən söndürüb. Kim kimə borcludur, niyə borcludur, niyə ödəmir, bu sualların cavabını ala bilmirik».

Liftə gələn elektrik xəttini Sumqayıt Elektrik Şəbəkəsi dayandırıb, çünki Qaradağ Rayon İcra Hakimiyyətinin uyğun şöbəsinin onlara borcu var. Necə deyərlər, lift işlətmisən, pulunu ver! Sumqayıt Elektrik Şəbəkəsinin mətbuat xidmətinin rəhbəri Anar Quliyev deyir ki, indiyədək borcu hansı icra hakimiyyətinin öz öhdəsinə götürəcəyini aydınlaşdırıblar. Çünki qəsəbə həm Binəqədi, həm Qaradağ, həm də Abşeron rayonlarının sərhədinin qovşağında yerləşir. Nəhayət, borca Qaradağ Rayon İcra Hakimiyyəti yaxın durub, çünki qəsəbə bu rayonunun xəritəsindədir. Yerli icra nümayəndəliyi də Qaradağ rayon icra hakimiyyətinə tabedir.

- Biz borcla bağlı onlara məktub göndərmişik. 4 min manatdan çox borc var. Xəbərdarlıq kimi liftlərin elektrik enerjisini dayandırdıq.

Qaradağ rayon İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Məhərrəm Zülfüqarov isə deyir ki, Sumqayıt Elektrik Şəbəkəsi onlara borcla bağlı hesab-faktura təqdim eləmir:

- Şifahi ödəmək olmaz ki! Gərək sənəd təqdim eləsinlər, biz də o pulu ödəyək.

Doğrudanmı Sumqayıt elektrik şəbəkə borcunu şifahi istəyir? Qurumun mətbuat xidmətinin rəhbəri Anar Quliyev:

- Biz ötən ay onlara borcla bağlı sənəd göndərmişik. Hesab-faktura hər ayın 15-16-sı təqdim olunur. Yenisini də göndərəcəyik.

Biri elə deyir, biri belə. Hər halda borcun ödənib-ödənilməməsini sakinlər bir də gələn ay biləcəklər. Çünki «Qaynar xətt» hazırlanan ərəfədə sakinlər yenidən zəng etdilər ki, artıq liftləri işləyir, amma onlar bilmirlər ki, problem həllini köklü tapıb, ya yox. İki qurum arasındakı siçan-pişik oyununun uzun çəkməyindən isə çox narahatdırlar.

Sizin də şikayətiniz, hər hansı məsələylə bağlı rəyiniz, fikriniz varsa, buyurun, 436 77 41 nömrəli telefona zəng eləyin, ya da efir@azadliqradiosu.az ünvanına yazın.

Buna da bax:

XS
SM
MD
LG