Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:51

Zərdabi XX əsrdə doğulsaydı...


Həsən bəy və həyat yoldaşı Hənifə xanım
Həsən bəy və həyat yoldaşı Hənifə xanım
«Azadlıq» radiosunun «İz» proqramında Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabini anırıq. Təkcə ilk qəzetin banisi kimi yox, neçə-neçə başqa «İlklərin» və həm də ilk çağdaş ailənin banisi kimi anırıq. Bu radio dastanının adı elə o üzdən Həsən bəy və Hənifə xanım və ya «Avropalı gəlin»dir!

«Azadlıq» radiosunda bu dastanı söyləməkdə bizə yardımlarına görə professorlar Rəhman Bədəlova və Şirməmməd Hüseynova, araşdırmaçı jurnalist Tahir Aydınoğluna, qocaman muzey işçisi Aliyə Abasovaya təşəkkürlərimizi bildiririk.

Tahir Aydınoğlu
: Zərdabidən şövqlə danışanlar, elə biz jurnalistlər də, hər dəfə onun xanımı Hənifə Məlikova-Abayevanı – Qafqaz dağlarından gəlmiş və sonralar Avropa təhsili almış, xalq müəllimi kimi sonsuz fədakarlıqlar yapmış işıqlı qadını da anmalıyıq...

«AZADLIQ»
: Rəhman bəy, Zərdabi haqqında bildiklərimiz çoxdu, ya bilmədiklərimiz?

Rəhman Bədəlov: Söz yox, bilmədiklərimiz. Onun ağrısı-acısı, istəkləri, uğur və məğlubiyyətləri yazılarından qat-qat çox şeylərin üzərindən pərdə götürür. Bəzən yazılanlardansa eşitdiklərimiz daha dəyərlidir. Mənim nəzərimdə tariximiz H.B.Zərdabidən başlayır. İndi deyəcəksiniz ki, qədim tariximiz olub... Bəli, olub. Tarixin hər bir mərhələsinin yeni bir nəfəsi var. Min ilin Azərbaycan tarixi mənə o qədər doğma deyil, nəinki yaxın dövrün tarixi. Yəni X1X əsrin sonlarında, XX əsrin əvvəllərində Azərbaycanlılar kim idi, indi kim olublar? Bu keçiddə ən əsas qəhrəmanımız, faciəvi qəhrəmanımız Zərdabi idi. Zərdabi deyirdi ki, dünya ilə təmasda yaşamaq lazımdır. Tarixdən kənarda yaşamaqdan utanmaq lazımdır. Zərdabi haqqında az düşünürüksə, demək biz məğlubiyyətlərimizin səbəbini dərk edə bilmirik.

TahirAydınoğlu: Görkəmli ədəbiyyatşünas alim və ictimai xadim Abbas Zamanov tələbələrinə danışırdı ki, çağdaş Azərbaycan uğrunda 2 xanımın xidmətlərini unutmaq olmaz—Həsən bəy Zərdabinin xanımı Hənifə Abayevanı və Cəlil Məmmədquluzadənin ömür yoldaşı Həmidə xanımı deyirəm... Biri «Əkinçi»nin formalaşmasında, digəri «Molla Nəsrəddin» dərgisinin davamlı nəşrində misilsiz rol oynayıb və əgər Həmidə xanımın Mirzə Cəlil haqqında bioqrafik səciyyəli xatirələri çap olunubsa, təəssüf ki, Hənifə Abayevanın xatirələri Azərbaycan dilində oxuculara çatdırılmayıb. Abbas müəllim biz tələbələrə həmin əsəri də xalqın diqqətinə yetirməyi vəsiyyət etmişdi. Nə yaxşı ki, bunu bacardıq və Hənifə Abayevanın xatirələri ayrıca kitab şəklində çapdan çıxdı.

Şirməmməd Hüseynov
: İsmayıl bəy Qaspralı Əli bəy Hüseynzadəyə yazırdı ki, «Əkinçi»nin nəşri millətə imkan yaratdı ki, tək gözlə də olsa, dünyaya baxsın. İndi «Həyat»ın nəşri Qafqaz türklərinin dünyaya və özlərinə 2 gözlə baxmasını saxlayacaq. Hərçənd, türklərdən qat-qat azsaylı xalqlar 100-lərcə qəzet çıxarır və deməli, özlərinə və dünyaya 100-lərcə gözlə baxır. Yəni, özünü və dünyanı daha yaxşı, daha aydın sezir.

«AZADLIQ»
: Zərdabi deyərkən «çağdaş cəmiyyət», «seçki», «demokratiya», hətta «vətəndaş» sözü yada düşür. Bir az fantaziyanızı işə salsaz, indiki Azərbaycanda Həsən bəy özünü necə aparardı? Hansı qüvvələrin yanında olardı?(Gülüşmə)

Rəhman Bədəlov
:
Rəhman Bədəlov
Birmənalı cavab vemək istəməzdim. Onda mən də siyasiləşmiş dünyanın çağırışına cavab vermiş olardım. Təbii ki, Zərdabi iqtidarla olmayacaqdı. Təbii ki, Zərdabi müxalifətdən narazı olacaqdı. Təbii ki, Zərdabi bir çox ziyalılarımızın davranışını bəyənməyəcəkdi. Təbii ki, Həsən bəy çox tənha olacaqdı. Təbii ki, ömrü uzun olmayacaqdı. Köhnə xəstəliyi-skleroz onu təzədən tutacaqdı. Yəni beyin, yaddaş özünü gerçək dünyadan qoruyacaqdı…

Həsən bəyin həyatı ağır olub. XX əsrdə doğulsaydı, həyatı daha ağır olacaqdı. Belə baxanda, zahiri qatda onun istəkləri həyata keçib. Minlərlə məktəblər açılıb, milyonlarla oxuyanlar var. Qəzetlər nəşr olunur və s. Amma indi də müqavimət göstərənlər var ki, tarixdən qıraqda yaşayaq. Bəzən bizdə patriarxal həyat başqa həyat tərzinə üstün gəlir. Bunları görsəydi, Zərdabi məyus olardı, sarsılardı, ağrıyardı, hərəkətləri müqavimətlə qarşılanardı. Bir sözlə, həyatı əzablı olardı…

«AZADLIQ»: Tahir bəy, Zərdabinin evlilik hekayəsi nədən diqqətinizi çəkdi?

Tahir Aydınoğlu
: O səbəbdən ki Zərdabi təkcə ilk milli qəzetin, ilk milli teatrın, ilk milli məktəbin və s. «ilklərin» müəllifi deyil, o, həm də ilk çağdaş və örnək sayılası Azərbaycan ailəsini yaradıb və bu, Həsən bəyin digər xidmətlərindən heç də az qiymətləndirilməməlidir.

«AZADLIQ»: Rəhman bəy, Həsən bəy deyərkən, ağla ilk öncə “qəzet” sözünün gəlməsi, onun ölçüsünü daraltmır ki?

Rəhman Bədəlov
: Dəqiq sualdır. Daraldır! Qəzet böyük işdir. Mətbuat da həmçinin. Biz Zərdabi kimi şəxsiyyətə bu damğanı yapışdırmaqla, özümüzü məsuliyyətdən qaçırırıq. Zərdabi bizə dəyişin deyirdi. Mən hər dəfə öz-özümə sual verirəm ki, bizlər Onun çağırışlarına, üsyanına cavab verə bilmişik, ya yox? Ona görə də, deyirəm ki, Zərdabi Azərbaycanın yeni tarixi deməkdir. Zərdabi Azərbaycanın yeni düşüncəsi deməkdir. Bu baxımdan O, yazdıqlarından da böyük İnsandır. İstəkləriylə, səhvləriylə, məğlubiyyətləriylə, həyata keçirə bilmədikləriylə birgə böyük İnsandır. Biz daim onun çağırışlarına cavab verməliyik. Odur ki, Zərdabini düşünəndə, özümüzü düşünmürüksə, heç Zərdabini anmağa dəyməz…

«AZADLIQ»: Tahir bəy, bəlkə Həsən bəyin evlilik hekayəsini «Azadlıq» radiosunun dinləyicilərinə, lap qısaca, xatırladasınız. Mümkünmü?

Tahir Aydınoğlu: Böyük həvəslə söylərəm…

-Əgər bu hekayəni Tahir Aydınoğlnun öz dilindən duymaq istəyirsinizsə…

-Həsən bəyin Fəxri Xiyabandakı məzarının niyə 3-cü qəbir evi olduğunu bilmək istəyirsinizsə...

-«Əkinçi»nin çapı üçün lazım olan məbləği kimin verdiyini öyrənmək istəyirsinizsə...

-Şirməmməd müəllimin səsində Əli Bəy Hüseynzadənin «Qələm» yazısına qulaq asmaq istəyirsinizsə...

-Hənifə xanımın xatirələrini dinləmək istəyirsinizsə...

Bu «İz»i qaçırmayın. «İz»i tıklamanız yetər.

Buna da bax:

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG