Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 07:39

Günahsız Abdulla


«Günahsız Abdulla»
(İlk VƏTƏNDAŞ H.B. Zərdabinin xatirəsinə)

«Azadlıq» radiosunun çox vəfalı dinləyiciləri var. Məsələn, mətbuat tarixçisi Şirməmməd Hüseynov radiomuza az qala yarandığı gündən qulaq asır (1953, mart). Başqa bir dinləyicimiz, bizə telefon açan Bəşir kişi də 50-ci illərdən bizi dinlədiyini söyləyir.

Ancaq radiomuza son illər qulaq asıb möhkəm isinişənlər də çoxdur. Aramsız zəng vururlar. İndi oğul istəyirəm ki, FM-in alındığı günlərdə, aylarda… onlara təsəlli sözcükləri tapıb desin…

Abdulla da elələrindəndir. Heç bir ümidverici söz, təsəlli onu ovutmur. O, «Azadlıq» radiosunun tezliklə FM-ə dönməsini istəyir. Daha doğrusu tələb edir. Özü də, kimdən-- məndən. Günahsız Abdulla!..

«Günahsız Abdulla» bir teletamaşa idi

Ramiz Həsənoğlunun 80-ci illərdə səhnələşdirdiyi bu tamaşa möhtəşəmdir. Teatrşünas Aydın Talıbzadə bu tamaşanı «bütün dünyanın günahsız bəndələrindən ötrü teleağı» adlandırmışdı. M. Cavaxaşvilinin bu əsərinin Azərbaycanda tanınmasına görə də bizlər Ramiz bəyə minnətdar olmalıyıq. 1981-ci ildə Riqada keçirilən teletamaşa festivalına qatılan gürcülərdən bu əsəri birgə səhnələşdirmək ideyası səslənir. Bunu həvəslə qəbul edən rejissor Həsənoğlu əməkdaşlığın uzandığını görüb tamaşanı təkbaşına «AzTV»də hazırlayır. Baş rolun ifaçısının (Mikayıl Mirzə) müdhiş oyunu, bəstəkarın (Cavanşir Quliyev) dərdli zümzümələri, maraqlı rejissor işi tamaşanı yaddançıxmaz etmişdi.

Abdulla Borçalıda yaşayan bir kəndli babaydı

Balaca həyət-bacası, bir əziz anası, bir sevimli arvadı, bir də sadiq atı vardı. Əkin əkir, araba düzəldir, bir təhər dolanırdı. Amma xoşbəxt idi. Günlərin bir günündə Abdullanı şərləyirlər. Etmədiyi cinayəti -- qonşu kənddən gələn malakanları öldürüb soyduğunu boynuna qoyurlar. Yazıq Abdulla nə qədər «Allah, Allah» deyir, nə qədər «mənim xəbərim yoxdur, ağa» deyir, xeyri olmur, tutub basırlar Avçala türməsinə.

Naftuluqdan çıxan Qatar hara gedir?

Abdullanın türmənin yaxınlığından keçən qatarların səsini dinləməkdən başqa çarəsi qalmır və hərdən də dustaq yoldaşlarından soruşur ki, görən Naftuluqdan çıxan qatar hara gedir, Borçalıya, yoxsa Bakıya? Hərdən bayatı deyir, anasını, arvadını, atını yada salıb qəmlənir.

Ayrılığa dözəmmir. Qaçır. Gəlib görür yurdu boş qalıb. Anası ölüb, Fatma bir başqasıyla qaçıb, atını da bir kəndlisi sürür… Məlum olur ki, onu şərləyənlər də elə atını, arvadını aparanlardır. Abdulla atını aparandan intiqamını alır, arvadını aparana əli çatmır. Çünki havalanır. Təzədən qayıdır Avçala türməsinə…

«Azadlıq»ın Abdullası

Real həyatdakı Abdullanın neçə yaşı olduğunu, nə sənətin sahibi olduğunu deyə bilmərəm. Özü demir, mən də soruşmuram. İki ildən çoxdur zəng vurur, «Can Bakı»da müzakirə açdığımız mövzulara münasibətini bildirir, ürəyini boşaldır. Mən də ki, sabahkı verilişin hayında olduğumdan, Abdullayla təzədən müzakirə açmağı elə də xoşlamasam da, candərdi danışıram. Axırda da deyirəm, ay Abdulla, belə maraqlı fikirlərin var, niyə veriliş canlı gedəndə zəng çalmırsan bizə? Hər dəfə də eyni cavabı eşidirəm: O vaxt mən işdə oluram. «Can Bakı»nın ancaq təkrarını nahar fasiləsində dinləmək imkanım var. Vəssalam. --Abdulla,-- deyirəm, - vallah, sabahkı verilişi hazırlayıram… Sağollaşırıq.

Qapılar hamının üzünə açıq olmalıdır

Havalanmış Abdulla girir türmənin həyətinə, başlayır hayqırmağa: «Açın, qardaşlar» deyir, «Abdulla adam öldürüb, açın qapını, anamın meyitini götürüb gedəcəm», - deyir – «Axı, bu qapılar hamının üzünə açıq olmalıdır». Qapılar açılmır…
Axırda: «Bəs mən indi hara gedim?»--söyləyən Günahsız Abdulla çarəni əlindəki kəndiri boğazına dolayıb özünü boğmaqda görür...

Həsbi-hal

Təxminən bir ay öncə Abdulla yenə zəng çaldı. Əsəbiydi.

- «Radionun məsələsi nə yerdə qaldı?» - deyə sözə başladı.

- Hələ dövlətlərarası danışıqlar bitməyib.

- Nə vaxt bitəcək?

- Deyə bilmərəm.

- Bəs biz neyləyək?

- SW-də dinlə…

- SW–ni vururlar, heç nə eşidilmir…

- Onda «Türksat»da qulaq as!

- Mənim «boşqabım» yoxdur...

- Azadlıqradiosu.az saytından dinlə!

- İnternetim də yoxdur…

- Day, başqa sənə heç nə təklif edə bilmərəm. İndi bütün fəaliyyətimizi sayta yönəltmişik. Mən də ora yazıram.

- O, mənlik deyil. Mən istəyirəm «Azadlıq» radiosuna yenə ürəyim istəyən vaxt, ürəyim istəyən yerdə, əlim çatan yerdə qulaq asım. Mən FM istəyirəm!

- Vallah, Abdulla, - deyirəm, --bu da mənlik deyil! İnan mənə…
- Bu olmadı ki…Bəs biz neyləyək? Ürəyim partlayır. Bircə siz vardınız, o da belə…

Eh, ay Abdulla! Günahsız Abdulla…

«Heç olmaz ki, doğru söz yerdə qalsın»

Havalar yaman qızıb. Hər il iyul ayının cırhacırı başlayanda, mən özümün və ailəmin deyil, 1875-ci ilin isti Bakı yayında qəzet çıxarmağa girişən o böyük Kişinin -- Həsən bəyin halına yanıram. Görəsən, o bütün bunlara necə dözüb? Yaşıllıqsız, işıqsız (hər iki mənada), boğanaq Bakıda bu işi necə bacarıb?

Heç sevmədiyim yay fəslinin ən qaynar gününü mətbuat bayramına çevirən mədəniyyətimizin ən böyük Əkinçisinə uzun illərdir dua edirəm, haqqında verilişlər hazırlayıram, adını hər yerdə anıram, yenə ürəyim soyumur.

Uzun yol qət edib İstanbuldan hürufat gətirdi, nə zülmlə icazə aldı, 100 müştəri tapdı (biri 3 manatdan), yayda şagirdləri kəndə getdiyindən, hər şeyi özü yazdı, hürufatı düzməyə də kömək etdi, qələtlərini də özü düzəltdi.

Və nəhayət, o böyük iş gerçəkləşdi—1875-ci ilin isti iyul günündə özü demiş, Vətən dilində ilk qəzet çıxdı!

Bu uzun yolun başlanğıcıydı. Qarşıda hələ nələr-nələr dururdu… Günahsız Abdullalar, qanına qəltan olmuş Elmarlar, «Avçala» (ağ eləmə, adı başqadır) zindanına salınmış Eynullalar, Sakitlər, Qənimətlər, Müşfiqlər, Millilər, Adnanlar…

Abdulla kimi boğur?

«Günahsız Abdulla» tamaşasına baxanlar yəqin son səhnəni xatırlayırlar: Abdulla qolunu «Şalaxo» oynar kimi qaldırır, əlindəki ağ kəndiri dolayır boğazına, iki tərəfdən dartır, var qüvvəsiylə sıxır. Rejissor bu səhnəni rapid (ləng) çəkilişlə göstərir…

Yuxarıda adını tutduğum ünlü teatrşünas deyir ki, elə bilməyin ki, Günahsız Abdulla özünü boğur, yox, o, dərdini, acığını, ağrısını, nisgilini, intizarını, yaşadığı və yaşamadığı illərini xirtdəkləyib boğur, sonra sərilir kilimin üstünə...4 nəfər gəlib onu həmin kilimə büküb çiyninə qaldırıb aparır… SON.
XS
SM
MD
LG