Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:59

Bodrumda Azərbaycan kəndi


«Türkiyə dövləti turizmin inkişafından böyük vəsaitlər əldə edir»
«Türkiyə dövləti turizmin inkişafından böyük vəsaitlər əldə edir»
Azərbaycanın BBK turizm şirkəti Türkiyənin Müğla vilayətinə bağlı Bodrum qəsəbəsində 35 sot ərazi alaraq turizm kompleksi tikməyə hazırlaşır. Türkiyənin ən məşhur kurort bölgəsi olan Bodrumda BBK-nın turizm kəndinin salınmasına bu ilin oktyabrında başlanacaq. Bodrum Bələdiyyəsinin təmsilçisi Kamal Çiçək «Azadlıq» radiosuna bildirib ki, ərazinin mülkiyyət hüququ artıq BBK-ya verilib. Türkiyənin Mədəniyyət və Abidələr Şurasından da tikinti üçün razılıq alınıb. İndi şirkət inşaat işlərini aparacaq firma ilə layihələndirmə üzərində işləyir.

Türkiyə mətbuatının yaydığı xəbərə görə, BBK-nın təsisçiləri sırasında «Bakı» Futbol Klubunun prezidenti Hafiz Məmmədov, iş adamları Anar Məmmədov (Nəqliyyat naziri Ziya Məmmədovun oğlu) və Əhməd Çolaqoğlu da var.

MİLYARDERLƏRİN SEVİMLİ MƏKANI

Bodrumun Köbəküstü adlanan ərazisi milyarder turistlərin bəyəndikləri məkanlar sırasındadır. «Habertürk» yazır ki, Bill Qeyts, Roman Abramoviç Köbəküstünə adətən özəl yaxtaları ilə gəlirlər.

Bir müddət öncə Azərbaycan prezidenti İlham Əliyev xarici sərmayəçilərə səslənərək onları Azərbaycanda turizmin inkişafında iştiraka dəvət etmişdi. Prezident bildirmişdi ki, Azərbaycanda həm yay, həm də qış turizmi üçün əlverişli imkanlar var.

QIRMIZI İŞIQ – MONOPOLİYA

İqtisadçı Pövşən Ağayev isə düşünür ki, Azərbaycanın təbii imkanları turizm üçün əlverişli olsa da, sahibkarlar və investorlar üçün cəlbedici iqtisadi mühit yoxdur:

- Azərbaycanda iqtisadiyyat yetərincə inhisarlaşıb. Sahibkarların və investorların işinə çox aşkar şəkildə məmur-monopolistlərin müdaxilələri var. Bu səbəbdən xarici investorlar Azərbaycana sərmayə yatırmağa maraqlı deyillər. Yerli sahibkarların başqa ölkələrə investisiya yatırması da bazar qanunları ilə yanaşdıqda normaldır. Hər kəsə bəllidir ki, Türkiyə dövləti turizmin inkişafından böyük vəsaitlər əldə edir və Azərbaycandan fərqli olaraq bu ölkədə investorlar üçün çox cəlbedici imkanlar yaradılıb. Azərbaycanda qeyri-rəsmi dövriyyədə böyük pullar var. Bu pullarla nəinki Türkiyə, dünyanın inkişaf etmiş ölkələrində də iş qurmaq mümkündür.

İqtisadçının sözlərinə görə, Azərbaycanda bir çox sahələr kimi turizm sektoru da məmur-oliqarxların monopoliyasındadır. Ölkə içərisində bu sektora qoşulmaq imkanı olmayanlar isə ideyalarını gerçəkləşdirmək üçün daha münasib ölkələr seçir. Rövşən Ağayevin fikrincə, rəqabət olmadığına görə, Azərbaycanın turizm sektorunun yaxın illərdə beynəlxalq səviyyəyə çatacağı və ölkə vətəndaşları üçün çatımlı olacağı gözlənilmir.

BAHALI XİDMƏT, AŞAĞI KEYFİYYƏT

Bu fikirləri Azərbaycan Turizm Universitetinin rektoru Cəfər Cəfərov da təsdiq edir. Mediaya açıqlamasında rektor bildirib ki, Azərbaycanda turizm çox bahalı olsa da, xidmətin səviyyəsi aşağıdır:

- Məncə, bu işi gələcəkdə bazar tənzimləyəcək. İlk sırada turizm müəssisələrinin sayı çoxaldılmalıdır. İndi Azərbaycanda dincəlməyə üstünlük verənlər aşağı xidmət səviyyəsi və bahalı qiymətlərə sadəcə dözürlər. Bu isə insanların seçim imkanlarının az olması ilə bağlıdır.

Rektorun fikrincə, Azərbaycanda bu sahənin inkişafı rəqabət mühitinin yaradılmasından birbaşa asılıdır. Ölkənin turizm imkanları geniş olsa da, Azərbaycana infrastruktur və kadrlar gərəkdir.
XS
SM
MD
LG