Keçid linkləri

2024, 04 Dekabr, çərşənbə, Bakı vaxtı 15:49

20 ilin cəbhəsi…


Əbülfəz Elçibəy və xalq hərəkatının digər fəalları «Azadlıq» meydanında
Əbülfəz Elçibəy və xalq hərəkatının digər fəalları «Azadlıq» meydanında
İyulun 16-sı Azərbaycan Xalq Cəbhəsinin yaranmasının 20 ili tamam olacaq. Azərbaycanda mili azadlıq hərəkatının vüsət alması, müstəqilliyin qazanılması və demokratikləşmə prosesi bu təşkilatın yaranmasından sonrakı dövrə təsadüf edir.

TARİXƏ QISA SƏYAHƏT

Ancaq AXC-nin müharibə dövründə torpaqların müdafiəsindəki xidmətləri də unudulmur. Təkcə onu yada salmaq kifayətdir ki, 1993-cü il Gəncə qiyamından sonra buraxılan 33 batalyon istinasız bu təşkilatın könüllülərindən ibarət idi. Elə həmin il Azərbaycanın 6 rayonunun bir-birinin ardınca işğalı da bu batalyonların buraxılmasından sonra baş verdi.

AXC təsis ediləndə onun 15 nəfərlik idarə heyəti formalaşıb və Əbülfəz Elçibəy sədr seçilib. İndi idarə heyətinin bəzi üzvləri həyatda, bəziləri də Azərbaycanda yoxdur. Qalanları isə ölkənin ən müxtəlif siyasi düşərgələrində təmsil edilirlər. Maraqlıdır ki, bu təşkilatın Azərbaycan tarixindəki rolu ilə bağlı bütün ziddiyyətli mövqelər də elə keçmiş idarə heyətinin üzvlərinin baxışlarında əks edilir.

AXC nəyə nail oldu, nəyə nail ola bilmədi?

LİBERALLARIN BAXIŞI…

«Ən əsası Azərbaycanın müstəqilliyinə nail olduq. Bir də xalqın özünə inamını qaytardıq. Xalq inandı ki, hamı birgə, fədakarlıqla mübarizə aparsa ən fantastik nəticələrə belə çatmaq mümkündür».

Pənah Hüseyn
Bu, vaxtı ilə AXC idarə heyətinin üzvü olmuş Müsavat Partiyasının başqanı İsa Qəmbərin fikirləridir. O idarə heyətində liberallar adlanan qanadın aparıcı simalarından idi. İsa Qəmbər deyir ki, AXC qarşısına qoyduğu bəzi məqsədlərə çatmayıb. Söhbət demokratiyadan və Azərbaycanın ərazi bütövlüyündən gedir.

İdarə heyətinin başqa bir üzvü, millət vəkili Pənah Hüseyn isə AXC-nin qarşısına qoyduğu məqsədlərə tam çatmamasının səbəbini Gəncə qiyamında görür. Hərçənd idarə heyətindəki liberalların ideoloqlarından sayılan Müsavat partiyasının divan üzvü Hikmət Hacızadə isə uğursuzluqlarda kompleks səbəblər axtarır:

«Şərq cəmiyyətiyik. Burada özünü idarə zəif inkişaf etmişdi. İkincisi sovet irsi. 70 il zəif demokratik ənənəsi olan hökumət bütün cəmiyyəti axtalamışdı. Ən nəhayət əlverişsiz məkan. Rusiya-İran bir tərəfdən, digər tərəfdən də Ermənistan. Bunlar əlbəttə balaca, zəif ölkə üçün çox böyük yük oldu».

Hikmət Hacızadə deyir ki, əgər Azərbaycanda indi azacıq da olsa demokratiya qalıbsa,
Zərdüşt Əlizadə
bu məhz Azərbaycan Xalq Cəbhəsinin xidmətləridir.

TƏKAMÜLÇÜLƏRİN BAXIŞI…

AXC idarə heyətində özlərini təkamülçülər kimi təqdim edən qanadın başında isə politoloq Zərdüşt Əlizadə gəlirdi. Zərdüşt Əlizadə deyir ki, AXC-nin yüksəlişi 1989-cu ilin ikinci yarısına, süqutu isə yanvar qırğınına təsadüf edir:

«Sonradan bu təşkilat hakimiyyətə gəlmək istəyən mafioz qrupların əlində alətə çevrildi. Sonra da bu təşkilatın əsl sahibi hakimiyyəti ələ keçirdi və o Azərbaycanı avtoritar sovet rejiminə qaytardı. Təəssüf ki, AXC-nin bəzi keçmiş rəhbərləri o dövrü əsatirləşdirirlər».

AXC idarə heyətindəki qruplar arasında daim ixtilaflar olub. Liberallar radikalları mərhum prezident Heydər Əliyevə, radikallar da liberalları DTK-ya işləməkdə günahlandırıblar. Təkamülçülərin də hər iki tərəflə ayrılıqda oxşar münaqişələri olub.

RADİKALLARIN BAXIŞI…

İdarə heyətinin ilk üzvləri arasında radikalların tanınmış simalarından biri də, bir vaxtlar meydan hadisələrinin qəhrəmanına çevrilən Nemət Pənahlı idi.
Nemət Pənahlı
indi AXC-nin yaranmasında iştirakını özünün böyük səhvi sayır. Nemət Pənahlının fikrincə, yenidənqurmaya dəstək məqsədi ilə yaradılan Xalq Cəbhəsində onun nüfuzundan istifadə edilərək, sonradan ona xəyanət ediblər. Hərçənd bu təşkilat içində bir çoxları Nemət Pənahlıya Heydər Əliyevin hərəkata atdığı adam kimi baxıblar. 1993-1994-cü illərdə Heydər Əliyevin prezident olduğu aparatda müşavir kimi fəaliyyət göstərən Nemət Pənahlı belə iddiaları cəfəngiyat adlandırır. O deyir ki, yalnız 1990-cı ildən sonra Heydər Əliyevlə əməkdaşlıq edib:

«Mən onda da Heydər Əliyevə açıq dedim. Biz başqa-başqa adamlar olsaq da, mən görürəm ki, Moskva sizdən necə istifadə etdi, indi də sizi Vəzirov kimi, Mütəllibov kimi adamların əli ilə əzmək istəyir. Ona görə qürurum qoymur, sizi müdafiə etdim».

O vaxtlar idarə heyətində şərti olaraq radikallara aid edilən keçmiş müdafiə naziri Rəhim Qazıyev isə xüsusilə bir məsələyə görə, görülən işləri yarımçıq sayır. Rəhim Qazıyev deyir ki, AXC bir vaxtlar Moskvanın taladığı sərvətləri xalqa verə bilmədi. Rəhim Qazıyev bunda həm özünü, həm də keçmiş silahdaşlarını günahlandırır...
XS
SM
MD
LG