Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:00

«Baş verənlərin əsl adı repressiyadır»


Eldar Namazov
Eldar Namazov
Analitiklərin fikrincə, hakimiyyət yenidən siyasi rəqibləri sıradan çıxarmaq üçün imkanlarını səfərbər edib. Politoloq Eldar Namazovun fikrincə, artıq ənənəvi müxalifəti yetərincə zəiflətməyi bacaran iqtidar indi də cəmiyyətdə yeni yaranan qüvvələrə qarşı kampaniyaya başlayıb:

DİALOQ YERİNƏ ZOR

- Azərbaycanda baş verənlər avtoritar rejimlərə xasdır. Hakimiyyət indiyə qədər siyasi rəqibləri ilə dialoq dili ilə deyil, zorla danışıb. Müxalifətin bütün siyasi aksiyalarının qarşısını hakimiyyət zorakı üsullarla alıb – mitinqlər, piketlər dağıdılıb, sonra ümumiyyətlə, qadağan edilib, siyasi rəqiblər şərlənərək həbsxanalara salınıb, ölkədən getməyə vadar edilib.

E.Namazovun sözlərinə görə, hakimiyyət bütün dövlət aparatının imkanlarını siyasi rəqiblərə qarşı yönəldib. Bu, Azərbaycanda bütün sahələrdə geriləmələrə səbəb olub. Politoloq düşürür ki, insan haqlarının qorunmadığı, qanunun aliliyinin təmin olunmadığı, siyasi hakimiyyətə nəinki dəstək verən, hətta simpatiyası olan azad sahibkarların çökdürüldüyü ölkədə hər hansı uğurdan danışmaq yersizdir.

KİÇİK RÜŞVƏT VƏ AĞIR CƏZA

Jurnalist Şahvələd Çobanoğlu isə düşünür ki, Azərbaycan hakimiyyətinin öz rəqiblərinə qarşı ən güclü silahı qorxu mexanizmidir. «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovun qətli, jurnalistlər Qənimət Zahidin, Mirzə Sakitin, Eynulla Fətullayevin həbsi də, onun fikrincə, cəmiyyətdə xof yaratmaq məqsədi daşıyır.
Şahvələd Çobanoğlu
Cəmiyyətdə baş verənlərə hakimiyyətin prizmasından baxmayan Adnan Hacızadənin və Emin Millinin cəzalandırılması da Çobanoğlunun fikrincə, başqaları üçün görkdür:

- Baş verənlərin əsl adı repressiyadır. Bakıda hər gün yüzlərlə belə dava-dalaşlar olur. Bu şəxslər polisdən kiçik rüşvətlərlə can qurtarırlar. Necə olur ki, adi vətəndaş qanuni cəzadan kiçik rüşvətlə can qurtarır, hakimiyyətə müxalif fikirlər səsləndirən insanlar isə əslində törətmədikləri cinayətlərə görə Cinayət Məcəlləsinin ən ağır maddələrinin maksimum hədləri ilə cəzalandırılırlar. Burada məqsəd yalnız və yalnız siyasi rəqiblərin siyasi mübarizə imkanlarını əllərindən almaq deyil, onların bütün həyatlarını məhv etməkdir. Azərbaycan hakimiyyəti dayanmadan bu siyasi repressiya metodlarından yararlanır. Sonucda Azərbaycan insan hüquq və azadlıqlarının səviyyəsinə görə, Afrika ölkələri ilə, Monqolustanla bir sırada dayanır.

Ş.Çobanoğlu düşünür ki, qorxu mexanizmi hakimiyyətə bəzi məsələlərə fəal müdaxilə etmədən belə, öz məqsədinə çatmaq imkanı verir. Çünki qorxu cəmiyyəti içəridən sarsıdan və onun inkişafını dayandıran ən ciddi mexanizmdir.

İNAMSIZLIQ SİNDROMU

Deputat Pənah Hüseyn isə deyir ki, Heydər Əliyev 1993-cü ildə hakimiyyəti ələ alandan sonra siyasi rəqibləri ilə bir qayda olaraq zor dili ilə danışıb:

Pənah Hüseyn
- 1993-cü ildə yüzlərlə insan qondarma məhkəmə proseslərinə cəlb edildilər. Əbülfəz Elçibəy hökumətinin bir çox yüksək rütbəli məmurları siyasi təqiblərin qurbanı oldular. 2003-cü ilin prezident, 2005-ci ilin parlament seçkilərində yüzlərlə insan məhz siyasi baxışlarına görə həbs edildilər. Bütün bunlar cəmiyyətdə demokratik dəyərlərə və ideyalara ictimai marağı itirib. İndi hakimiyyət açıq-aşkar avtoritar, totalitar rejimin formalaşması yönündə sistemli kurs həyata keçirir. Azad və ədalətli seçki məsələsinə ümid itib, rəqabət imkanları sıfır həddindədir. Fundamental insan hüquq və azadlıqlarının sistemli şəkildə pozulması Azərbaycanı demokratik böhran həddinə gətirib.

Pənah Hüseynin sözlərinə görə, siyasi partiyaların Bakının mərkəzindən kənarlara doğru sıxışdırılmaları, bəzilərinin isə qərargahlarının əllərindən alınması, AXCP sədri Əli Kərimliyə pasport verilməməsi, azad söz daşıyıcıları olan media orqanlarının qapadılması, iqtisadi cəhətdən boğulması hakimiyyətin bu yoldan geri çəkilməyəcəyinin, ölkədə tam avtoritar üsul-idarə yaratmaq niyyətinin görüntüsüdür.

Hakimiyyət nümayəndələri isə siyasi opponentlərinin fikirlərilə razılaşmırlar. Jurnalistlərin həbsi, siyasi rəqiblərin təqibi ilə bağlı açıqlamalarında rəsmilər onların siyasi fəaliyyətlərinə görə deyil, konrket cinayətlərinə görə cəzalandırıldığını bildirirlər.
XS
SM
MD
LG