Keçid linkləri

2024, 05 Oktyabr, şənbə, Bakı vaxtı 00:51

Çeyni qalmaqalı


ABŞ-ın keçmiş vitse-prezidenti Dik Çeyni Kiyevdə mətbuat konfransında, 5 sentyabr 2008
ABŞ-ın keçmiş vitse-prezidenti Dik Çeyni Kiyevdə mətbuat konfransında, 5 sentyabr 2008
Amerikanın məşhur reportyoru Seymur Herş hələ mart ayında yazırdı ki, Corc Buş vaxtında «xüsusi əməliyyatların bir qolu kimi qətl icra halqası yaradılmışdı ki, vitse-prezident Dik Çeynidən başqa heç kimə hesabat vermirdi». Herş yazırdı: «bu qətl icra halqası Amerika səfirlərinə və yerli CİA rezidentlərinə xəbər vermədən ölkələrə girirdi, siyahısında olan adamları tapırdı, edam eləyirdi və ölkədən çıxırdı». Herş yazırdı ki, onlar bunu «hamımızın təhlükəsizliyi naminə eləyirdi». Britaniyanın «Guardian» qəzetinin Herşi yada salması təsadüfi deyil.

Mərkəzi Kəşfiyyat İdarəsi (CİA) özünün məxfi planını 8 il Konqresdən gizlədirmiş. CİA-in direktoru Leon Panetta Konqresin kəşfiyyat komitəsinə deyib ki, o bunu özbaşına etməyib. Ona göstərişi Corc Buşun vitse-prezidenti olan Dik Çeyni veribmiş.

Kəşfiyyatın nə ilə məşğul olmasını Konqresdən gizlətmək Amerika qanunlarının kobud pozuntusudur. Qanuna görə, kəşfiyyatın bütün fəaliyyəti və planları barədə prezident Konqresə «tam və vaxtında» məlumat verməlidir.

Düzdür, qanun ən məxfi planların açılmamasına imkan verir. Ancaq bu halda Konqresdə «8-liyin bandası» deyilən və demokratların, respublikaçıların hər iki palatadakı liderlərindən və kəşfiyyat komitəsi rəhbərlərindən ibarət 8-liyə mütləq məlumat verilməli idi. Ancaq Çeyni qoymayıb.

O PLANDA NƏ OLUB Kİ, ÇEYNİ ONU KONQRESDƏN GİZLİ SAXLAMAQ QƏRARINI VERİB?

Olan məlumatlara görə, 2001-ci ildə hazırlanan məxfi plan «Əl-Qaida»nın aparıcı üzvlərini tutmağı və ya öldürməyi nəzərdə tuturdu.

Plan haqda bundan başqa heç nə məlum deyil. Media Çeyninin özündən cavab almaq istəyir, ancaq buna hələ nail ola bilməyib.

Konqresdəki respublikaçılar isə öz partiya yoldaşlarını müdafiə eləyərək ehtimal eləyirlər ki, plan heç vaxt həyata keçirilməyib, ona görə Çeyni ondan məlumat verməyi lazım bilməyib.

Ancaq Amerikanın çox nüfuzlu «Wall Street Journal» qəzeti yazır: «böyük şübhələr var ki, 8 il hazırlıq vəziyyətində olan plan heç vaxt reallaşmasın».

«Financial Times» yazır ki, indi Barak Obamanın təhlükəsizlik siyasətinin qatı tənqidçisi olan Çeyni vaxtilə suda boğmaqla terrorçudan ifadə alınması kimi metodları müdafiə eləyirdi.

Senatın hüquq komitəsinin sədri Patrik Leahy isə deyir: «Burda nə həqiqətdir, nə yalandır, bundan asılı olmayaraq bu məsələni belə qoymaq olmaz. Bu ölkədə heç kim qanundan yuxarı deyil - istər prezident olsun, istər vitse-prezident».
XS
SM
MD
LG