Keçid linkləri

2024, 14 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 03:32

İki ildə iki vertolyot qəzası


Bu iki il ərzində «AZAL»ın dənizdə qəzaya uğrayan ikinci vertolyotudur
Bu iki il ərzində «AZAL»ın dənizdə qəzaya uğrayan ikinci vertolyotudur
İyulun 12-də Xəzər dənizində qəzaya uğramış «Mi-8» vertolyotunun itkin düşən iki sərnişini hələ də tapılmayıb. Bu barədə «Azadlıq» radiosuna «AZAL» Hava Yolları Dövlət Konserni mətbuat xidmətindən Məhərrəm Səfərli məlumat verib.

Onun sözlərinə görə, hadisədən dərhal sonra xilas edilən dörd nəfərdən ikisi – pilotlar -Vitaliy Nekrasov və Alik Əliyevisə artıq müalicə olunduqları Mərkəzi Neftçilər Xəstəxanasından evə buraxılıb. Başından və qarın nahiyəsindən zədə alan iki nəfər –Aydın Talıbov və Adil Əzimov hələ müalicə olunmaqdadır. Xəstəxanadan verilən məlumata görə, hər iki şəxsin vəziyyəti stabildir.

İtkin düşən fəhlələr Rafiq Nemətov və Viktor Mostavenkonun tapılması istiqamətində isə axtarışlar hələ də davam etdirilir.

İyulun 12-də «AZAL»ın neftçiləri daşıyan «Mi-8» vertolyotu qəzaya uğrayıb. Qəza saat 16:30 radələrində Xəzərin Azərbaycan sektorunda, Günəşli yatağı yaxınlığında baş verib. Xilasetmə işləri nəticəsində «Qəza xilasetmə axtarışı zamanı «Mi-8»in kapitanı Alik Əliyev, ikinci pilot Vitali Nekrasov və gəmi bort mexanik Adil Əzimov və neftçi Aydın Talıbov xilas edilib.

Faktla bağlı Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi tərəfindən cinayət işi başlanıb və istintaq qrupu yaradılıb.

Bu iki il ərzində «AZAL»ın dənizdə qəzaya uğrayan ikinci vertolyotudur. 2007-ci ilin oktyabrı 12-də şirkətə məxsus «Mi-8» vertolyotunun qəzaya uğraması nəticəsində 4 ekipaj üzvü və Azərbaycan Dövlət Neft Şirkətinin 2 əməkdaşı həlak olmuşdu.

«Mi-8» markalı vertolyotlar 1960-cı illərin əvvəllərindən istehsal olunmağa başlayıb. Həmin vaxtdan bəri iki mühərrikli bu vertolyotdan mülki və hərbi tapşırıqların yerinə yetirilməsində geniş istifadə olunur.

«Mi-8» 1967-ci ildə Sovet Hərbi Hava Qüvvələrinin tərkibinə daxil edilib. Dünyanın 50-dən artıq ölkəsində istifadə edilir.
XS
SM
MD
LG