Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:20

«Bizim Yol» qəzeti: «Süpürgə silahı»


«Bizim Yol» qəzeti: «Süpürgə silahı»

Dünən polis piketi zopa ilə yox, süpürgə ilə dağıtdı. Siyasi səhnəyə zopalılar yox, süpürgəçi çıxdı. Nəyi pisdir? - Formal olaraq heç bir qanun pozulmayıb. Mənəviyyat qanunlarından başqa. Bu isə problem deyil.

Məkan - Səbayel rayon polis idarəsinin önü. Bina qarşısında 2 gəncin saxlanılmasına biganə qalmayanlar, o cümlədən, xarici diplomatik korpusun nümayəndələri toplaşıb. Polis onları dağılışmağa çağırır. Faydası olmur. Döymək və tutmaq üçün əlverişsiz şəraitdir. Çünki, toplaşanlar təkcə aborigenlər deyil (Yoxsa iş asan olardı). Əcnəbiləri zopalamaq isə hələlik praktikadan keçirilməyib.

Və bu vaxt bina önündə Əsas Qəhrəman peyda olur - süpürgəçi öz silahı ilə. Başlayır işinə - yerdəki zibilləri təmizləməyə (Əslində onun üçün burada toplaşanlar da zibildir. Ancaq ona təkcə yerdəki zibilləri yığmaq əmri verilib). Süpürgəçi öz səlahiyyət həddini aşmadan işinə başlayır. Bir azdan isə onun aktiv etiraz səsi eşidilir - Burada toplaşanlar ona - dövlət qulluqçusuna vəzifəsini icra etməkdə mane olurlar. Bir sözlə, dövlətçiliyə qarşı çıxırlar. Odur ki dağılışmalıdırlar.

Bu yolla süpürgəçi aborigen-əcnəbi birliyini bir qədər geriyə oturdur. Ancaq bu, bəs deyil. Və başlayır dövlətçilik yolunda radikal addım atmağa - zir-zibili adamların üstünə süpürür. Toz qalxır, zibil piketçilərin üstünə yeriyir. Bir əcnəbi dükandan su alıb yerə səpir. Ancaq effekt alınır - piketçilər uzaqlaşır. Vəssalam - süpürgəçini fəxri fərmana təqdim etmək olar.

Düzü, bu ilk dəfədir baş vermir. Ötən il bıçaqlanan Aqil Xəlilə xəstəxanada baş çəkməyə getmiş diplomatik korpus nümayəndələrini həkim yox, döşəmə yuyan qarşılamışdı. O da öz ağacını və çirkli sulu vedrəsini qalxan və qılınc edib əcnəbilərdən mürəxxəs olmalarını tələb etmişdi. Ki, onu vəzifə borcunu yerinə yetirməyə qoymurlar.

İndi də ikinci fakt. Beləliklə, yeni siyasi texnologiya uğurla sınaqdan keçirilir. Nə zopaya ehtiyac var, nə bibər qazına, nə odlu silaha...

«Azadlıq» qəzeti: «Əlixan Məlikov ARDNŞ-i sabotaj edir?»

«Azəriqaz» ASC Dövlət Neft Şirkətinə verildikdən sonra keçmiş səhmdar cəmiyyətin işçiləri fəaliyyətlərini dayandırıblar. Belə ki, bununla bağlı dövlət başçısının sərəncamı elan olunduğu gündən bəzi rayonlara qaz verilişi tamamilə zəifləyib.

Konkret olaraq Suraxanı rayon sakinlərinə verilən təbii qazın həcmi birmənalı şəkildə azaldılıb. Bunun müqabilində əhalidən qaz pulunun yığılması prosesi intensivləşdirilib. Rayon qaz istismar idarəsinə qazın niyə verilməməsi ilə bağlı şikayət edən vətəndaşlara isə Dövlət Neft Şirkətinə müraciət etmək tövsiyə olunur. Belə məlum olur ki, rayon qaz istismar idarəsi ARDNŞ-ın göstərişi olmadan rayon ərazisinə qaz verilişini təmin etməyəcək. Rayon sakinləri isə bunu ARDNŞ-i gözdən salmaq kampaniyası və yaxud təxribat kimi qiymətləndirirlər .

«Azərbaycan» qəzeti: «Erməni lobbisinin separatçı Dağlıq Qarabağ rejimi üçün ABŞ Senatından maliyyə qoparmaq səyləri boşa çıxıb»

Erməni lobbisinin separatçı Dağlıq Qarabağ rejimi üçün ABŞ Senatından maliyyə qoparmaq səyləri boşa çıxıb. Bu qətnamənin dəstəklənməməsi erməni lobbisinin ilk məğlubiyyəti sayılır.

Birləşmiş Ştatların erməni lobbisi separatçı rejimə 10 milyon dollar məbləğində yardımın ayrılması ilə bağlı təşəbbüslə çıxış etmişdi. Lobbi Ermənistan üçün 75 milyon dolların ayrılmasını tələb etsə də, rəsmi Yerevan 30 milyon dollarla kifayətlənməli olub. Bu, ABŞ-dakı Azərbaycan və yəhudi diasporunun birgə səylərinin uğurlu nəticəsi kimi qiymətləndirilir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG