Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 00:14

«Obamanın səfəri ABŞ-Rusiya münasibətlərini yaxşılaşdıran deyil»


Dmitri Medvedev və Barak Obama Kremldəki mətbuat konfransında, 6 iyul 2009
Dmitri Medvedev və Barak Obama Kremldəki mətbuat konfransında, 6 iyul 2009
Barak Obamanın Moskvaya səfəri ABŞ-Rusiya münasibətlərini yaxşılaşdıran deyil. Obamanın Moskvaya səfərindən öncə Merilend Universitetinin Rusiyada Levada Mərkəziylə birgə keçirdiyi sorğunun nəticələri bunu deməyə əsas verir. 800 nəfər arasında keçirilən sorğuya qatılanların ¾ -ü ABŞ-ın dünyadakı superdövlət mövqeyini bərpa etmək istədiyini düşünür. Yalnız 2 faizin fikrincə, Obama Rusiyayla münasibətləri yaxşılaşdırmaq üçün tələb olunan addımları atmağa hazırdır.

LEYSAN VƏ ÜMİDSİZLİK

Ancaq elə moskvalıların özləri də ümumilikdə Obamanın başlanan səfərinə ümidsiz yanaşırlar. Səfərlə eyni gündə Moskvada leysan yağışlarının başlamasını da zarafatla bu ümidsizliyə səbəb göstərənlər var. Siyasətçilər isə bu pessimizmi sıravi vətəndaşlardan fərqli olaraq elə də hiss etdirməməyə çalışırlar.

Hətta Obama və Medvedev Kremldəki görüşdən əvvəl havanın pisləşməsindən zarafatyana danışıblar, ancaq ikitərəfli münasibətlərdəki havanı daha yaxşı etmək üçün çalışacaqlarını dərhal vurğulayıblar.

Ev sahibi olan Medvedev danışıqların nəticəsindən ümidli olduqlarını deyib:

«Ümid edirik ki, bu günkü və sabahkı üzbəüz təmaslarımızla Amerika-Rusiya münasibətlərinin tarixindəki mürəkkəb səhifələri bağlayıb, yeni səhifələr açmağı bacaracağıq».

Obamanın Moskvaya qədəm qoymasından öncə hər iki ölkənin rəsmiləri nüvə başlıqlarının azaldılmasıyla bağlı sazişin mətninin demək olar ki, razılaşdırıldığını və ilin sonuna qəbul edilə biləcəyini bildirirdilər. Bu gün Rusiya diplomatları Medvedevlə Obamanın sazişlə bağlı yol xəritəsini imzaladıqlarını də iddia ediblər. Çoxlarının fikrincə, Vaşinqton bu saziş məsələsini Moskvadakı gündəliyin ilk mövzusu seçib, ümid edir ki, bu məsələnin müzakirəsi vaxtı yaranacaq müsbət əməkdaşlıq ruhu başqa məsələlərə də təsir edə bilər.

Rusiyanın öz ərazisilə Əfqanıstandakı NATO qüvvələrinə amerikalıların hərbi təchizat daşımalarına da icazə verəcəyi gözlənilir. Bundan başqa, İranın mübahisəli nüvə proqramı, Rusiyanın Dünya Ticarət Təşkilatına üzvlük məsələsi də müzakirə ediləcək.

«ABŞ və Rusiyanın ümumi maraqları daha çoxdur, nəinki ziddiyyətləri. Əgər qarşıdakı bir neçə gündə lazımi qədər çalışsaq, iki ölkə xalqına da xeyir verəcək önəmli irəliləyişlər əldə edə bilərik».

DAHA VACİB VƏ DAHA ZİDDİYYƏTLİ MƏQAMLARDA RAZILIĞA GƏLİNƏCƏKMİ?

Ancaq bu cür açıqlamalara baxmayaraq, Amerikanın və Rusiyanın özündə də Obamanın Medvedevlə daha vacib və daha ziddiyyətli məqamlarda razılığa gələcəyinə inanmırlar.

Bu məsələlərdən biri Rusiyanın ötən ilin avqustunda Gürcüstana hərbi təcavüzü və 5 günlük müharibədən sonra imzalanan sülh sazişini yerinə yetirməməsi və Abxaziya və Cənubi Osetiyaya qoşunlarını yerləşdirməsidir.

Başqa bir məsələ isə, ABŞ-ın Avropada raket əleyhinə müdafiə sistemi yerləşdirmək planlarıdır. Medvedev bazar günü yerli mediaya verdiyi müsahibədə vurğulayıb ki, hətta problemsiz görünən strateji silahların azaldılması sazişini də ancaq ABŞ-ın bu planından vaz keçməsindən sonra imzalayacaqlar. Obamanın isə bu iki məsələni bir-birinə qatmağa razılaşmayacağı öncədən bəllidir.

Üstəlik, Obamanın məsləhətçiləri də düşünür ki, ABŞ prezidenti Moskvada Amerikanın milli maraqlarından geri çəkilməməlidir. ABŞ prezidentinin Rusiyada insan haqları məsələsini də qabarda biləcəyi və indi müxalifətdə olan SSRİ-nin son prezidenti Mixail Qorbaçovla da görüşəcəyi nəzərdə tutulub.

Obamanın «Asoşeyted Press»ə Rusiyaya səfərdən öncə, Putinlə bağlı dedikləri də fikir ayrılıqlarının yetərincə dərin olduğunu göstərirdi. Obama Putinin hələ bir ayağıyla soyuq müharibə dövründə qaldığını demişdi. Putinin cavabı isə gecikməmişdi: «Rusiya hər iki ayağı üstündə möhkəm dayanıb və hər zaman keçmişə yox, gələcəyə baxır».

Rusiya hakimiyyətinin gerçək sahibiylə Obama sabah görüşəcək, süfrə arxasında, səhər yeməyində. Sonrasa, iki ölkə arasında münasibətlərlə bağlı çıxış edəcək. Ancaq bu çıxışın Rusiya televiziyasıyla canlı yayımlanıb-yayımlanmayacağı və Rusiya polisinin Obamanın səfəriylə bağlı aksiyalar keçirmək istəyən müxalifətə necə davranacağı da bəlli deyil.
XS
SM
MD
LG