Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:48

Qalxan qiymətlər, yiyəsiz dirəklər və fotoaparat


«Müfəttiş gəlməyib, neçə gündür gözləyirik ki, gəlib sayğacın göstəricisini yazsın. Artıq pul niyə ödəməliyəm ki?»
«Müfəttiş gəlməyib, neçə gündür gözləyirik ki, gəlib sayğacın göstəricisini yazsın. Artıq pul niyə ödəməliyəm ki?»
Bu dəfə «Qaynar xətt» virtual məkanda görüşünüzə gəlib. Dinləyicilərin həftə boyu 436-77-41 nömrəli telefona söylədiyi və ya efir@azadliqradiosu.az ünvanına yazdığı şikayətləri araşdırmışıq, sualları cavablandırmağa çalışmışıq.

TƏHSİL HAQQI QALXA BİLƏR

Əvvəlcə adını söyləmək istəməyən bir dinləyicimizin şikayəti barədə. O deyir ki, qızı Bakı Qızlar Universitetinin tələbəsidir, 3-cü kursda oxuyur. İllik təhsil haqqı 450 manatdır:

- İndi bizə deyirlər ki, təhsil haqqı 800 manata qalxacaq. Bu qədərə gücümüz çatmır. İndi biz neyləməliyik? 3-cu kursa kimi gəlib, təhsilini yarımçıq saxlasın?

Bakı Qızlar Universitetinin rektoru Ağarəhim Rəhimov isə «Qaynar xətt»ə söyləyib ki, adətən imtahan zamanı aşağı qiymət ala biləcəyindən narahat olan tələbələr hansısa şaiyə yayırlar. Hazırda heç bir qiymət artımından söhbət getmir. Amma rektor yeni tədris ilində qiymətin artırılıb-artırılmayacağı barədə də dəqiq bir söz demədi. Yəni nə hə, nə yox:

- Mən bilmirəm, gələn tədris ilində vəziyyət necə olacaq. Bəlkə mən heç burda işləməyəcəm. O qız univeristetə 3 il əvvəl girib. 3 il əvvəl manatın dəyəriylə indiki birdimi? Bizim qiymət artırmağa hüququmuz var. Bütün özəl ali məktəblərin bağladığı müqavilələrdə bu göstərilir.

- Bəs müqavilədə göstərilibmi ki, məbləğ təxminən nə qədər artırıla bilər? Bir hədd varmı?

- O baxacaq illik inflyasiyaya. Müəllimin əməkhaqqı bir ilin əvvəlində, bir də ortasında qalxdı. Elektrik qalxır, qaz qalxır. Binanın saxlamaq xərci qalxır. İndi bu pulu o məktəbin rektoru verə bilərmi?

- Bu cür qiymət artımı köhnə tələbələrə də aid olacaq?

- Mən indidən nə deyə bilərəm?

Hüquqşünas rəyi belədir ki, təhsil haqqının qaldırılmasıyla bağlı müqavilədə hansı bəndlər nəzərdə tutulub, necə tənzimlənməsi izah edilib, bütün bunlara baxmaq lazımdır. Gələn tədris ilində təhsil haqqı qalxarsa, bundan şikayətçi olan məhkəməyə üz tuta bilər.

ELEKTRİK DİRƏKLƏRİNİN SAHİBİ TAPILMIR

«Qaynar xətt»in elektron ünvanına bir məktub gəlib. Müəllifi tarix müəllimidir. Amma şikayəti tarixlə bağlı deyil. Bakının Bayıl qəsəbəsində yaşayan Ramil Tanrıverdinin şikayəti yaxın tarixdən qalan elektrik dirəklərindəndir. Elşən İsmayılov küçəsində yaşadığını deyən R.Tanrıverdi yazır ki, vaxtilə onların məhəlləsindən yüksək gərginlikli elektrik xətti keçib. Sonra bu xətlər ləğv olunub, kabellər də sökülüb:

- Amma həmin dirəklər hələ də qalır. Dirəyin biri tam yolun ortasinda, digəri isə qonşunun evinin içindədir. Bu da avtomobillərin hərəkətinə mane olmaqla bərabər, həm də təhlükə yaradır. Yük avtomobilləri gələndə dirəyə toxunur, o da az qalır yıxılsın. Bu dirəkləri kim qaldırmalıdır? Sənaye və Energetika Nazirliyinə yazdım, cavab verdilər ki, bizlik deyil, «Bakıelektrikşəbəkə»yə müraciət edin. Bir zəng gəlib evimizə, amma bilmədim ordandı, ya yox. Eləcə dedilər ki, buna biz baxmırıq».

Dirəklərin sahibini tapmaq üçün «Bakıelektrikşəbəkə»nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Tanrıverdi Mustafayevə müraciət etdik. Amma o dedi ki, gərək həmin dirəklərin hansı qurumun balansında olmasını araşdıralar:

- Küçələrin işıqlandırılmasına Bakı Şəhər İcra Hakimiyyəti baxır. Amma deyirsiz ki, bu dirəklər çoxdan qalıb. Gərək əvvəlcə araşdıraq ki, onlar bizim balansımızdadır, ya yox. Qoy həmin şəxs bizim Səbail şöbəmizə müraciət eləsin, orda araşdırarlar. Nə kömək lazımdırsa, edərik.

QAZPULUNU HANSI TARİFLƏ ÖDƏMƏLİ?

İyulun 1-dən qazdan istifadə edən abonentlər daha bir kubmetr qaz üçün 4 qəpik yox, 10 qəpik ödəyəcəklər. «Qaynar xətt»ə müraciət edən Səkinə İbadova deyir ki, Tarif Şurasının qərarından artıq bir neçə gün keçib, onlar isə hələ ki, ötən ayın qazpulunu verməyiblər. Sayğac isə qərarı eşitməyib, elə fırlanır. Ötən ay işlənən qazın göstəricisiylə yeni tariflə başlayan ayda işlədilən qazın tarifi sayğacda qarışıb bir-birinə. Onu necə ayıracaqlar, necə biləcəklər ki, nə qədəri 4 qəpikdəndir, nə qədəri 10 qəpikdən:

- Müfəttiş gəlməyib, neçə gündür gözləyirik ki, gəlib sayğacın göstəricisini yazsın. Artıq pul niyə ödəməliyəm ki?

Amma «Azəriqaz» Qapalı Səhmdar Cəmiyyətinin iqtisadiyyat və proqnozlaşdırma şöbəsinin müdiri Tofiq Allahverdiyev deyir ki, narahatçılığa əsas yoxdur:

- Biz Tarif Şurasının qərarını yerlərdəki şöbələrimizə göndərmişik. Sayğacın göstəricisini qeydə almışıq. Göstəricilər dolaşa bilməz. Qərar ayın əvvəlində verilib. Ötən ayın axırına olan göstərici əsasında da köhnə tariflə ödəniş aparılacaq.

- 1 milyon qaz abonenti var. Sizin nə qədər müfəttişiniz var ki, bir, uzağı iki gün ərzində sayğacın sonuncu göstəricisini yaza bilsin?

- Mən bilirəm ki, 1 milyon abonentimiz var. İnzibati ərazi bölgüsünə görə, Bakıda 11, bölgədə 56 idarəmiz var. Göstəriş verilib onlara. Ola bilsin ki, dolaşıqlıq yaransın, onda abonentlərimiz bizə müraciət eləsinlər, problemi yoluna qoyacağıq.

PROBLEMİN HƏLLİNİ DİNLƏYİCİ TƏKLİF EDİR

«Qaynar xətt»in radio versiyasını dinləyən Azər Əlili isə elektron poçtumuza yazıb ki, o, bu dolaşıqlığın qarşısını necə alacağını bilir:

- Mən işimi möhkəm tutmuşam. Sayğacın göstəricisinin şəklini çəkmişəm. Özü də tarixi göstərən fotoaparatla. Sizə də məsləhət görürəm.

Bu ay qiyməti iki dəfədən çox qalxan, Türkiyəyə və Gürcüstana satılan qiymətdən də Azərbaycan vətəndaşına baha satılan qaz həftənin əsas müzakirəsi oldu. Azərbaycan qazı Türkiyə və Gürcüstana 120 dollara, ölkə vətəndaşlarına isə 125 dollara satılır. Bundan narazı vətəndaşların rəylərini «Qaynar xətt»in radioforumunda dinləyə bilərsiz.

Sizin də şikayətiniz, hər hansı məsələylə bağlı rəyiniz, fikriniz varsa, 436-77-41 nömrəli telefona zəng edin, ya da efir@azadliqradiosu.az ünvanına yazın.
XS
SM
MD
LG