«Necə ki kəmərdən verirlər, onu yazırlar, kimə, hansı obyektə, necə satılır bəlli deyil» «Bizim Yol» qəzeti: «Korrupsiya qazın mayasındadır»Tarif Şurası təbii qazın qiymətinin 47 manatdan 100 manata qaldırılmasının səbəbini müxtəlif cür izah edir. Konkret olaraq mövcud qiymətin çəkilən xərcləri ödəməməsi ilə əsaslandırır. Hökumət nümayəndələri qeyri-rəsmi olaraq qazın maya dəyərinin 80-100 dollara başa gəldiyini bildirirlər. Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban «Bizim yol»a bildirdi ki, qaz region dövlətlərin heç birində maya dəyərindən aşağı satılmır: «Məsələn, Rusiyada qaz hasilatının maya dəyəri 20-25 dollardır. Digər qaz hasil edən dövlətlərdə də maya dəyəri bu civardadır. Yeganə İran dövlətidir ki, xaricdən aldığı neft məhsullarına dotasiya verir və əhaliyə ucuz satır». «O zaman Azərbaycanda nə üçün qazın maya dəyəri baha başa gəlir» sualına ekspert belə cavab verdi: «Hökumət bildirir ki, qaz maya dəyərindən ucuz satılır. O zaman həmin rəqəmi açıqlasın və reallığı göstərsin». İ.Şaban bu sahədə müəyyən maxinasiyalara yol verildiyini qeyd edir: «Azərbaycanda açıq tender üsulu ilə avadanlığın alınması, işlərin görülməsi prosesi faktiki olaraq yoxdur. Əhaliyə elektron tipli sayğacları 400 manata satırlar, əvəzində heç bir çek vermirlər. Amma rəsmi olaraq, onun qiymətinin 268 manat olduğunu bəyan edirdilər. Azərbaycanda bir sayğacın qiyməti aylıq əməkhaqqından yüksəkdir. Halbuki, onların topdansatış qiyməti qat-qat ucuzdur. Bunları araşdıran yoxdur. Sonra da deyirlər ki, biz ziyana işləyirik. Mən bilmirəm ki, «Azəriqaz» necə ziyana işləyir? Sayğacı abonent alır, qaz xəttinin çəkilişinə maya dəyərindən qat-qat artıq pul ödəyir. Həmin sayğaclar isə ildə bir dəfə yoxlanılmır. Necə ki kəmərdən verirlər, onu yazırlar, kimə, hansı obyektə, necə satılır bəlli deyil, ona görə də bir ildə yarım milyard kubmetr itki olur. Mən inanmıram ki, əhalinin bu qədər borcu var. Çünki necə olur ki, vətəndaş 20-30 manat işıq pulu verir, amma 2-3 manat qaz pulu vermir. O zaman itkilərin pulunu əhalinin cibindən niyə çıxırlar, gedib onu azaltsınlar». «Yeni Müsavat» qəzeti: «QHT rəhbərlərinin narahatlığı qalır» … QHT rəhbərləri və hüquqşünaslar «QHT-lər haqqında» qanunun son variantı barədə nə düşünürlər? Dilarə Əliyeva adına Qadın Hüquqlarının Müdafiəsi Mərkəzinin rəhbəri Novella Cəfəroğlu hazırkı layihənin onu qane etdiyini dedi: «Bu dəyişikliklərlə işləmək olar. Sadəcə olaraq layihədə bir neçə məqamlar var ki, Venesiya Komissiyası həmin məsələləri yoluna qoyacaq. Onlardan biri reyestr məsələsidir. Məsələn bizim rayonlarda koordinatorlarımız var. Amma yeni QHT-lər işçilərinin adını qeydiyyata salmaqda çətinlik çəkəcəklər. Bu da QHT-lərin sərbəst işləməyini çətinləşdirəcək». Tanınmış hüquqşünas Aslan İsmayıl «ən qorxulu» məqamların layihədən çıxarıldığını bildirdi: «Mətbuata verilən açıqlama məni qane edir. Amma tam olaraq bir şey deyə bilmərəm. Yeni layihənin mətni ilə hələ tanış olmalıyam. Layihədə çox təhlükəli bir məqam da var idi. Orda qeyd edilirdi ki, QHT-lər dövlət orqanlarına müdaxilə edərkən fəaliyyətinə xitam veriləcək. Hansısa QHT Nəqliyyat Nazirliyi sistemində özbaşınalıqların monitorinqini aparıb o barədə rəy yazsaydı, bu QHT-nin dövlət işinə müdaxiləsi kimi qiymətləndiriləcəkdi və o QHT-ni qapatmaq mümkün olacaqdı. Mənim bildiyimə görə, həmin müddəa da layihədən çıxarılıb. Amma layihəni yenidən incələyəndən sonra bir söz deyə bilərəm». Seçki Monitorinq Mərkəzinin sədri Anar Məmmədli də qanunun son variantında narahatlıq doğuran bəzi məsələlərin hələ də qaldığını qeyd etdi: «Xarici QHT-lərin maliyyə hesabatı verməsi bəndi başa düşülə bilər. Amma bu məsələ başqa qanunlarda da tənzimlənir. İldə bir dəfə, aprel ayında xarici QHT-lər onsuz da hesabat verirlər. Əsas məsələ xarici QHT-lər və hökumət arasında bağlanacaq sazişlə bağlıdır. Bu məsələ qanunda açıq qalır». A.Məmmədli xarici təşkilatların nizamnamə kapitalının 10 min AZN olması məsələsiylə bağlı narahatlığını da bölüşdü: «Elə xarici təşkilatlar var ki, humanitar qurum olaraq insanlara yardım edirlər. Onların nizamnamə kapitalı 10 min AZN olması anlaşılan deyil. Ona görə ki, məhdud məsuliyyətli cəmiyyətlərə və kommersiya təşkilatlarına qanunla nizamnamə kapitalına 10 min AZN məhdudiyyəti qoyulmayıb». «Azərbaycan» qəzeti: «Rudolf İvanov: mənim işim həqiqəti söyləməkdir» İyulun 3-də «İnterfaks-Azərbaycan» informasiya agentliyində tanınmış Rusiya tarixçisi, Qafqazşünas, «Dostluq» ordeni kavaleri Rudolf İvanovun üç cilddə «Sovet İttifaqı adından... Briqada komandiri Naxçivanskinin həyatı» kitabının təqdimatı münasibətilə mətbuat konfransı keçirilib. «Sovet İttifaqı adından...» kitabında əfsanəvi Naxçıvan xanları sülaləsindən olan sonuncu, altıncı generalın – Sovet ölkəsinin böyük sərkərdəsi, Frunze adına Akademiyanın müəllimi və kurs rəisi, Stalin repressiyalarının qurbanı, briqada komandiri Cəmşid Naxçıvanskinin faciəli taleyindən danışılır. R.İvanov üçcildliyin üzərində işin ən çətin mərhələsi - materialların toplanması barədə məlumat verib. RF-nin hərb tarixi və hərbi, sosial-siyasi tarix arxivlərində, Federal Təhlükəsizlik Xidmətinin, Xarici İşlər Nazirliyinin arxivlərində, Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin arxivində aşkar etdiyi 600 sənəd onun kitabının əsasını təşkil edib. Üçcildlikdə Cəmşid Naxçıvanskinin bir şəxsiyyət kimi formalaşmasından, onun zabit şərəfindən və qəhrəmanlığından, «Vəhşi diviziya»da və Müsavat ordusunda xidmətindən, Sovet Azərbaycanında hərbi məktəb yaratmasından geniş söhbət açılır. Azərbaycanın atıcı və dağ-atıcı diviziyasının briqada və diviziya komandiri C.Naxçıvanski Azərbaycan Dövlət Siyasi İdarəsinin qərarı ilə əksinqilabçılıqda təqsirləndirilib və 1938-ci il avqustun 28-də güllələnib, 1956-cı ildə isə tam bəraət alıb. Heydər Əliyevin təşəbbüsü ilə Cəmşid Naxçıvanskinin adı Bakıdakı hərbi liseyə və küçələrdən birinə verilib. Vətəni Naxçıvanda onun xatirə muzeyi açılıb... |
Azadlıq Trend
1