Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 15:47

«2»ləri düzəltmək istəyirsənsə, rüşvət ver»


Attestat ala bilməyən şagirdlərin valideynləri Təhsil Nazirliyinin qarşısında
Attestat ala bilməyən şagirdlərin valideynləri Təhsil Nazirliyinin qarşısında
İyulun 5-də ali məktəblərə qəbul imtahanları başlayır. Ancaq bəzi şagirdlər hələ də qəbul imtahanlarına qatıla bilmirlər. Səbəb onların orta məktəb attestatını almamalarıdır.

Təhsil Naziri Misir Mərdanov imtahanların nəticələri açıqlanan gün bildirmişdi ki, bütün şikayətlərə bir-bir baxılacaq. Özü də şikayətçilərin iştirakı ilə.

ŞİKAYƏTLƏRƏ NECƏ BAXILIR?

İyulun 3-də attestat ala bilməyən şagirdlərin apelyasiya şikayətlərinə Təhsil Nazirliyinin yaxınlığında yerləşən 178 saylı orta məktəbdə baxılırdı. Ərazidə təxminən 500 nəfər toplaşmışdı. Valideynlər və şagirdlər deyirdilər ki, içəriyə keçmək üçün girişdə onlardan rüşvət istəyirlər:

- İçəri buraxmağa bizdən 20 manat pul istəyirlər. Deyirlər 20 manat ver keç içəri.

- Camaatı ora dartırlar - bura dartırlar. 5 saatdır ayaq üstündə, günün altında qalmışıq.

- Mən 450-ciyəm. Nə zaman keçəcəyəm içəriyə?

- Hamı şikayət eləməyə çəkinir. Çünki axırıncı gündür. Məcburuq nə dedilər eləyək ki, attestatları versinlər uşaqlar ali məktəb imtahanlarına girsinlər. İndi burada qiyməti düzəltsələr getməliyik orta məktəbə ordan attestat almalıyıq, sonra ali məktəb imtahanlarına buraxılış sənədini almaq üçün getməliyik. Vaxt daralır. Görün hələ nə qədər növbə var?

BURDAKILAR HAMISI KASIB İNSANLARIN UŞAQLARIDIR

Biz ərazidə olanda Təhsil Nazirliyi əməkdaşlarının vətəndaşların çoxsaylı şikayətlərinə laqeyd yanaşdığının şahidi olduq. Nahar fasiləsindən xeyli keçsə də nazirlik binasında apellyasiya şikayətləri təmin olunan şagirdlərin sənədlərini rəsmi qaydada təsdiqləyəcək şəxslər yerlərində yox idilər. Hətta vətəndaşları TN-nin binasına da buraxmırdılar. Nazirlik işçiləri şikayətçilərin sənədlərini nazirlik binasının yan tərəfindəki iki pəncərədən qəbul edirdi. Valideynlər nazirliyin bu məsələyə olduqca biganə yanaşdığını deyirdilər:

«Baxın bir dənə varlı ailənin uşağı var burda – yox. Məgər onların hamısı savadlıdır? Burdakılar hamısı kasıb insanların uşaqlarıdır. Dedilər ki, 30-u cavablar çıxacaq, məktəbə xəbər eləyəcəyik, evə zəng eləyəcəyik, heç birini eləmədilər».

Rəsmi statistikaya görə, 2008-2009-cu tədris ilində 11-ci sinifdə təhsil alan 80 minə yaxın şagirddən 20 mini attestat ala bilməyib. Valideynlər bunun səbəbini təhsilin keyfiyyətinin aşağı olmasında görür:

RÜŞVƏT İSTƏYİRLƏR…

«Məktəbdə dərslər yaxşı keçilmir. Biz bunun şahidiyik. Hamımız uşaqları repetitorlarla ali məktəbə hazırlaşdırırıq. Kim hansı fənn üzrə əlavə hazırlaşır ondan yüksək qiymət alıb – qalan qiymətlər hamısı aşağıdır. Qızım birisigün imtahana girməlidir. Hələ attestatı ala bilməmişik. Ali məktəbdə verəcəyi fənlərin hamısından 5 alıb. Oturub gözləyirik ki, Allaha pənah, bəlkə axşama qədər ala bildik».

Şagirdlərin sözlərinə görə, apellyasiya şikayəti verməzdən onlara məktəbdə bildiriblər ki, əgər «2»-ləri düzəltmək istəyirlərsə, rüşvət versinlər:

- Nə qədər rüşvət istəmişdilər sizdən attestat almaq üçün?

- 2000 yeni manat. Yalnız riyaziyyatdan 2 almışdım. Dedilər ki, 2000 manat gətir düzəldək. Mən də vermədim. Düşündüm ki, bu məbləğə hansısa bir iş görmək olar. O «iki» 2 min manata dəymir.

Valideynlərin sözlərinə görə, orta məktəblərdə şagirdlərə attestat veriləndə də onlardan rüşvət alınıb:

- Orta məktəbdə attestat alandan sizdən nə qədər pul aldılar?

- Oğlum attestat alıb. Qızımın isə 1 fəndən «iki»si var. Oğlum attestat almağa gedəndə ondan məktəbdə 25 manat alıblar.

Təhsil Nazirliyinin ümumi şöbəsindən isə bildirirlər ki, apellyasiya komissiyasına gələn bütün şikayətlərə şagirdlərin öz iştirakı ilə baxılır. Şagirdlərin o biri fənlərdən qiymətləri yüksəkdirsə, onlara bir fənn üzrə güzəşt olunur.

Bu arada Bakı Şəhər İcra Hakimiyyəti Müsavat Partiyası Gənclər Komitəsinin Təhsil Nazirliyinin qarşısında keçirmək istədiyi aksiyaya icazə verməyib. İcra hakimiyyətindən müsavatçı gənclərə bildiriblər ki, onlar aksiyalarını Bibiheybətdə keçirə bilərlər. Müsavatçı gənclər Təhsil Nazirliyi qarşısında orta məktəblərin buraxılış imtahanları zamanı baş verən rüşvət faktlarına etiraz etməyi planlaşdırırdılar.
XS
SM
MD
LG