Keçid linkləri

2024, 10 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 06:01

Azərbaycanın ilk təyyarəçisi kim olub?


Azərbaycanın ilk hərbi təyyarəçisi Fərrux ağa Qayıbov
Azərbaycanın ilk hərbi təyyarəçisi Fərrux ağa Qayıbov
«Azadlıq» radiosunun «İz» proqramında bu dəfə «Düşmənin öydüyü qəhrəman» adlandırdığımız radio dastanın qəhrəmanı elə əsl qəhrəmandır. Söhbət Azərbaycanın ilk hərbi təyyarəçisi Fərrux ağa Qayıbovdan gedir.

Siz onu tanıyırsınızmı? Azərbaycan Ordusunun 91 illiyini qeyd etdiyimiz günlərdə Fərrux ağanı yaxından tanımağa dəyər.

FƏRRUX AĞA DA ŞÖHRƏTLİ QAYIBOVLAR NƏSLİNDƏN İDİ

Araşdırıcı jurnalist Şəmistan Nəzirlinin sözlərinə görə, Qayıbovların şəcərəsi XV əsrə gedib çıxır. Şair Molla Vəli Vidadi də Qayıbovlardandır. Çar ordusunda «Artilerya allahı» sayılan Əliağa Şıxlinskinin də onlara qohumluğu çatır. Onun sevimli həyat yoldaşı ilk hərbi şəfqət bacısı Nigar xanım Şıxlinskayanın qızlıq soyadı da Qayıbova idi. Daha bir Qayıbov - İsmət Qayıbov da, nə yazıq ki, 1991-ci ildə göylərdə qeyb oldu. Dediyim odur ki, Fərrux ağa adını çəkdiyim və çəkmədiyim adamları yetirən hörmətli bir nəslinin davamçısıydı…

ATA DA OĞLU KİMİ BU DÜNYADAN TEZ KÖÇÜR...

Fərrux ağa 1891-ci il oktyabrın 2-də, elə soyadı qədər şöhrətli bir kənddə doğulmuşdu - Qazax qəzasının Qıraq Salahlı kəndində. Atası Məmmədkərim ağa da hərbçi idi, praporşikdi, əla xidmətə görə «Müqəddəs Stanislav» ordeni də almışdı.

Atanın taleyi də oğluna bənzəyir. Cavankən dünyadan köçür. Fərrux ağaya əmisi, dövrünün maarifpərvər şəxsiyyətlərindən olan Səməd ağa baxası olur.

Kənddə 5 sinifli rus-azərbaycan məktəbini bitirir, sonra Əliağa Şıxlinskinin məsləhəti ilə Tiflis Kadet Korpusunda oxuyur. 1910-cu ildə oranı əla qiymətlərlə bitirir, üçillik Peterburq Konstantin Topçuluq Məktəbinə daxil olur. Burada da ən çalışqanlardan olur, hətta topdan sərrast atəş açdığı üçün birinci mükafat alır.

Birinci Dünya Müharibəsi başlayanda, onu Qərb cəbhəsindəki on birinci Aviasiya korpusuna göndərirlər. Poruçik Qayıbov 1916-cı il sentyabrın 12-də Qərb cəbhəsi qərargahının tapşırığı ilə Borınaya hücum edir, almanların mövqelərini bombardman edir, hər şeyi külə döndərir… Onun təyyarəsinə 4 alman qırıcısı hücuma keçir. Qayıbov onların üçünü yandırır və aldığı zərbədən təyyarə ilə yerə çırpılıb həlak olur…

ALMANLAR İLK ŞAHİNİMİZİ ŞƏRƏFLƏ DƏFN EDİRLƏR

Düşmən olanda nə olar? Almanlar təyyarəçinin igidliyinə heyran qalırlar. Səhəri gün alman təyyarələrinin atdığı kağızlarda Qayıbovun və heyətinin qəhrəmancasına vuruşaraq həlak olduğu və onlar tərəfdə şərəflə dəfn edildiyi yazılırdı. Almanlar qəhrəman təyyarəçilərin məzarı başında yaylım atəşi də açırlar…

- «Müsəlmandan zabit, üstəlik, göylərə yüksələn zabit olmaz» kimi yazılmamış çar qanununu kimlər pozmağa cəsarət etdi?

-Qayıbovun idarə etdiyi təyyarənin adı, özəlliyi nə idi?

-Fərrux ağa ölümündən əvvəl və sonra hansı mükafatları aldı?

-Fərrux ağanı oğlu kimi sevən Əliağa Şıxlinski ölümündən əvvəl (1942) yazdığı «Azərbaycanlılardan ilk təyyarəçi» məqaləsində şahidi olduğu hünər gününü necə təsvir edir?

-Fərrux ağanın şərəfinə Qazaxda təyyarə - abidəni kim ucaltdı, abidəyə niyə onun adını vermədilər və kim onu dəyişdirib Böyük Vətən Müharibəsi abidəsi etdi? Yalnışlıq nə vaxt doğrulacaq?

-Şıxlinski Fərrux ağanın hansı yadigarını Tarix muzeyinə verdi?

-Fərrux ağanın əvvəllər bilinməyən məzarı necə üzə çıxdı? Almanlar onu nə vaxt yenidən qurdular?

-Şəmistan Nəzirli nə vaxtsa sentyabrın 12-də səma şahininin anım günündə onun yatdığı məzarı ziyarət etmək arzusuna çata biləcəkmi?

Və nəhayət:

-Bəs sonralar, Cümhuriyyət dönəmində, Fərrux ağanın estafetini kimlər davam etdirdi? Kimlər «hava şahini» adını yaşatdı?

Bütün bu sualların cavabını, yuxarıda, sağdakı multimedia bölməsində «İz»i tıklamaqla Şəmistan bəyin öz səsindən duya bilərsiniz.

Lütfən, verilişi dinləyəndən sonra 25 yaşında bu dünyaya vida etmiş eloğlumuzun - Fərrux ağa Qayıbovun ruhuna dua etməyi unutmayın…

Multimedia «İz»—«Düşmənin öydüyü qəhrəman»
XS
SM
MD
LG