Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:39

«Merci Papa»


Liviya prezidenti Müəmmər Qəddafi və Qabon prezidenti Ömər Banqo. AB-Afrika sammitinin bağlanış mərasimi, Lissabon, 9 dekabr 2007
Liviya prezidenti Müəmmər Qəddafi və Qabon prezidenti Ömər Banqo. AB-Afrika sammitinin bağlanış mərasimi, Lissabon, 9 dekabr 2007
«Uzun müddət hakimiyyətdə olan diktator Ömər Bonqo vəfat edəndə özündən sonra 66 bank hesabı qoyub getdi. Onun ailəsinin Fransada 45 evi var, onlardan 14-ü Parisdə yerləşir. Eyni zamanda onlara məxsus 19 lüks maşın var. Bu maşınlardan biri də «Bugatti» idman maşınıdır və bu maşın Qabon Respublikasına 1.5 milyon dollara başa gəlib».

«Associated Press»də dərc olunmuş Rukmini Kallimaçinin «Qabon itirilmiş sərvətə yox, itirilmiş hakimə ağlayır» adlı yazısında belə deyilir.

«QABON İTİRİLMİŞ SƏRVƏTƏ YOX, İTİRİLMİŞ HAKİMƏ AĞLAYIR»

Yazıda deyilir ki, Ömər Bonqonun 41 il liderlik etdiyi ölkədə isə çoxlu sayda insan cəngəllikdə yaşayır. Ölkə əhalisinin böyük qismi yoxsuldur. Hətta elə yoxsuldur ki, uşaqlarını yedirmək üçün zibil qutularını eşənlər az deyil.

Lakin ziddiyyət budur ki, ölkənin var-yoxunu talayan 73 yaşlı hakimin dəfn mərasimində insanlar onunla vidalaşmaq üçün küçələrə axışmışdı. Göz yaşları içində olan qadınlar əllərində «Merci Papa»-«Sağ ol ata» plakatlarını yellədirdilər.

Bonqo hakimiyyətdə o qədər uzun müddət olmuşdu ki, ölkə əhalisi onu irsi hakim kimi qəbul etməyə alışmışdı. Bu da belə bir sual yaradır ki, özünü demokratik adlandıran, lakin demokratiyadan əsər-əlamət olmayan bir ölkədə indi nə baş verəcək? Bongonun 6 dəfə seçildiyi Qabonda 90 gün ərzində növbəti seçkilər keçiriləcək. Bongonun 30 övladından bəzilərinin artıq hakim kürsü uğrunda iddialı olduqları haqqında xəbərlər gəzir.

Bonqo Universitetinin siyasi elmlər üzrə professoru Anje Ratanga Atoz deyir ki, Qabon əhalisi demokratiyanın nə olduğunu bilmir. «Onların istinad nöqtələri kəndlərdir. Kəndlərdə də heç kim hakimi sorğu sual etmir. Digər tərfədən, Bongo pis nə iş görüb? Kimisə öldürüb? Yox».

Bu ölkədə kənd yerlərində hər ailə əldə etdiyi məhsulun bir hissəsini hakimlə bölüşməlidir. Çünki o quraqlıq vaxtı əhaliyə buğda paylayır. Lakin əgər hakim kərpiclə hörülmüş və ağardılmış evdə yaşayırsa, qamış daxmada yaşayanlar buna qarşı çıxmırlar. Hakim öləndə də insanlar matəm saxlayırlar.

HƏR BİRİ 10 DOLLARA GÜL

Qabonun 1.5 milyon əhalisinin böyük bir qismi aeroport yaxınlığına toplaşaraq Bonqonun xüsusi təyyarədə İspaniyadan gətirilən nəşini gözləyirdilər. Dəfn mərasimi üçün Fransadan bir neçə min ağ və qırmızı güllər gətirilmişdi. Cənazəni gül dəstləri ilə doldurulmuş prezident sarayında yerləşdirmişdilər.

Minlərlə insan Ömər Bonqoya öz hörmətlərin göstərmək üçün axışıb gəlmişdi. Bəziləri hətta sarayın yanında torpaq üzərində yatıb gecələməyi də özlərinə borc bildi. Onlardan biri də 42 yaşlı Agase Neinegui idi. Nienguiyə başqa 5 satıcı qadınla bura gəlmək 5 günə başa gəlmişdi. Onlar vida mərasiminə plastik güllər gətirmişdilər, gücləri çatan yalnız bu idi. Onlar prezident sarayına gəlib çatana qədər isə sarayın içi də, çölü də təbii gül dənizinə qərq edilmişdi və ayaq altında tapdalan güllər də vardı. Gülün hər biri isə 10 dollar idi. Niengui bir həftə başında gəzdirdiyi səbətdə banan sataraq 10 dolları qazanır. Lakin yenə də bu onun üçün ədalətsizlik deyil.

«Mənim yatmağa yerim var və ac qalmıram. O, mənim tanıdğım yeganə prezident idi. O, bizim atamız idi».

Dünyanın ən çox hakimiyyətdə olan lideri Bonqo, 1966-ci il vitse-prezident olanda onun 30 yaşı vardı. Bir il sonra ölkə prezidenti Leon M”Ba xərçəng xəstəliyindən öləndən sonra hakimiyyətə Bonqo gəldi və hər keçən 10 illikdə o, hakimiyyətini daha da möhkəmlədirdi. O ölkəni bir partiyalı sistemə keçirdi. 1990-cı ilə qədər seçkilərdə o, yeganə namizəd idi. Ölkədə müxalifət partiyaları formalaşanda onun tərəfdarları şəhərdən şəhərə gedib ona təkrar səs verirdilər. 2003-cü ildə isə Bonqo bütün ömrü boyu ölkə başçısı qalmaq üçün konstitusiyaya dəyişiklik etdi və prezidentlik müddəti aradan götürüldü.

NEFT MİLYONLARI. ONLARI NECƏ XƏRCLƏMƏLİ?..

Bonqonun hakimiyyət yüksəlişi ölkənin neft bumu dövrünə də təsadüf edir. Hakimiyyətdə olduğu ilk 10 illikdə neft istehsalı xeyli yüksəldi. Bir il ərzində ölkə büdcəsi üç qat artdı. Ölkə prezidenti axan neft pullarını iqtisadiyyatın inkişafına yox, dəbdəbəli lahiyələrin maliyyələşdirilməsinə yönəldirdi. Afrika neft iqtisadiyyatı üzrə ekspert olan Con Gazvinian deyir ki, Bonqo 1977-ci il Afrika ölkələri liderlərinin 4 günlük konfransı zamanı dənizə baxan prezident sarayaının və öz qonaqlarını yerləşdirmək üçün 52 villanın tikintisinə 800 milyon dollar xərclədi.

Ölkənin böyük hissəsində hələ də döşənməmiş yolların olduğu bir vaxtda o, 4 milyard qiyməti olan qatarın düzəldilməsinə 14 il vaxt sərf elədi. Bu qatara yüz milyonlarla dollar qiyməti olan yol çəkildi və bu yol onun doğma əyalətinin paytaxtı Fransvillə aparırdı. Açıldıqdan bəri də qatara ildə 60 milyon dollar xərcləndi.

Qəzvini Qabonun son tarixini lotereya oyundan qazanmış bir şəxslə müqayisə edir.

«Əgər sənin təhsilin və pulun yoxdursa və birdə lotereya bileti udmusansa nə baş verir? Çox adam bu halda pulu kapitala yatırmır. Onlar onu Qabon kimi prestij və zahiri görünüşə xərcləyirlər».

1999-cu il ABŞ Senatının tədqiqatlar üzrə Daimi Komitəsi Bonqonun ABŞ-dakı bank hesablarını araşdırdı. Məlum oldu ki, prezidentin Citibank hesabından 130 milyon çıxıb. Bonqo ailəsinin Nyu-York səfəri üçün bankdan 1.6 milyan dolları nəğd verməsini istəyib.

Bu maliyyənin mənbəyi ilə bağlı informasiya istəniləndə Citibank məlumat vermişdi ki, Qabon büdcəsinin 8 faizi - 110 milyon dollar prezident ofisi tərəfindən hər il gözlənilməz xərclər kimi ayrılır. Bonqonun xüsusi bankiri deyir ki, Gabonda fəaliyyət göstərən neft şirkətindən çemondanlarla pul gətirmək üçün kuryer göndərilmişdi.

Bonqonun çox az sayda olan tənqidçilərindən biri Qriqori Ngbua Mintsa deyir ki, Qabon əhalisinin onun cənazəsi önündə ağlaması ona qəribə gəlmir.

«Problem ondadır ki, hamı onun kimi olmaq istəyir. Biz 40 il çəkən bir sistemin içindəyik. Hətta ən kasıb adam belə fikirləşir ki, hakimiyyətdə olanların oğurluq etməsi adi haldır».

Bank sənədləri Bonqonun çoxsaylı övlad və nəvələrinin də boş durmadıqlarını göstərir. 2006 və 2007-ci illərdə prezidentin qız nəvəsi Nesta Pinq Farnsada 6 bank hesabı açıb. Bonqonun götürülmüş hesab olunan oğlu isə Fransada 5.7 milyon dollar qiyməti olan iki ev alıb. Biri Parisdə olan evin 13 qarajı var.

BU ÖLKƏDƏ 400 AİLƏ ZİBİL QUTULARINI EŞƏRƏK ORADAN YEMƏK AXTARIRLAR

İndi Qabonda narahatdırlar ki, Bonqonun övladları hakimiyyətə gələrək ölkənin olan qalan sərvətini də talan edəcəklər. Hətta bu halda belə paytaxtda lövhələr Bonqoya pərəstişi əks etdirirlər.

Bu ölkədə 400 ailə zibil qutularını eşərək oradan yemək axtarırlar. Onlar boş şüşə tapanda onu satırlar.

41 yaşlı Crepin Edu deyir ki, əgər onlar ət parçası tapırlarsa onu yuyub evdə bişirirlər və yeyirlər. Prezidentin ölkədə və xaricdəki sərvəti barədə danışanda isə o dedi ki, vətəndaş müharibəsinin olduğu bir çox Afrika ölkələri ilə müqayisədə Qabon çox şanslı ölkədir və Bonqo da yaxşı hakim olub:

«Bəlkə də biz kasıbıq. Lakin yenə də mən bu zibilliyi güllə qorxusu olmadan eşə bilirəm».

«Associated Press»də dərc olunmuş Rukmini Kallimaçinin «Qabon itirilmiş sərvətə yox, itirilmiş hakimə ağlayır» adlı yazısında belə deyilir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG