Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:22

«Bütün yəhudilər bu səfərə hazırlaşır»


Semyon İxiilov
Semyon İxiilov
- Semyon Borisoviç, Dağ Yəhudiləri İcması İsrail prezidenti Şimon Peresin səfərinə necə hazırlaşır?

- Çox yaxşı. Bütün yəhudilər bu səfərə hazırlaşır və səfəri çox alqışlayır. Bu haqda söhbət eləyəndə burdakı yəhudilər deyirlər ki, hə, axır ki, Şimon Peres gəlir. Bu, onun Azərbaycana ilk səfəridir, biz bu səfəri çoxdan gözləyirdik. İnanırıq ki, bu səfər onsuz da yaxşı olan İsrail-Azərbaycan münasibətlərini daha da yaxşılaşdıracaq.

- Sizin onunla görüşünüz nəzərdə tutulurmu?

Qısa arayış
Azərbaycanda 30 mindən artıq yəhudi yaşayır. Onların ən sıx yaşadığı yer Qubada Qırmızı Qəsəbədədir. Bundan başqa, yəhudilər Bakıda da sıx yaşayırlar. Bakıda 3, Quba və Oğuzda 1 yəhudi sinaqoqu fəaliyyət göstərir.
- Burdakı yəhudilər deyirlər ki, görəsən, onunla necə görüşə bilərik. Deyirəm, mən özüm hələ bilmirəm görüşəcəyəm, yoxsa yox. Görüş haqda hələ məlumatım yoxdur.

- İsrail prezidentinin Azərbaycana səfərini necə qiymətləndirirsiniz, səfərdən nə gözləyirsiz?

- Yaxşı münasibətlərin daha da yaxşılaşacağını gözləyirik. Yəqin ki, bu səfərdən sonra İsraildə də Azərbaycan səfirliyi açılar. 1993-cü ildən İsrailin Azərbaycanda birtərəfli qaydada səfirliyi var. Yəqin ki, prezidentlər bu məsələni də müzakirə edəcəklər.

- İsrail prezidentinin Azərbaycan yəhudiləri haqda məlumatları necədir?

- Əlbəttə, onun burdakı yəhudilər, onların yaşayışı haqda məlumatı var. Səfirlik də onu məlumatlandırır. Biz bu torpaqda 2700 ildən artıqdır yaşayırıq. Azərbaycanlılarla münasibətlərimiz də həmişə yüksək səviyyədə olub. İstər Bakıda, Sumqayıtda, istər Qubada, Oğuzda yaşayan yəhudilər burda həmişə rahat, azərbaycanlılarla çox yaxşı münasibətdə yaşayıblar. Burda yaşayan yəhudilər Azərbaycan dilində danışırlar, onların 20-25 faizi Azərbaycan dilində təhsil alıblar. Bizdə azərbaycanlılarla qarışıq nikahlar çoxdur. Elə bizim öz ailəmizdə də azərbaycanlılar var.

- Şimon Peresin səfərinin əleyhinə olanlar da var.

- Mən də bu haqda eşidirəm. Şimon Peres bura xoş niyyətlə gəlir. O sülhpərvər adamdır. Nobel sülh mükafatı laureatıdır. Onun səfərinin əleyhinə olanlar iki ölkənin yaxşı münasibətlərini istəməyənlərdir. İsrail Azərbaycana həmişə yüksək texnologiyalarla, kənd təsərrüfatında kömək edib. Onun gəlişinin əleyhinə olanlar deyirlər ki, guya İsrail Ermənistanı dəstəkləyir. Elə deyil. İsrail Knesseti (parlamenti) onların irəli sürdüyü genosid məsələsini tanımadı. Şükür Allaha ki, Şimon Peres Azərbaycana gəlir, bu iki ölkə üçün çox faydalı olacaq.
XS
SM
MD
LG