Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:22

Mağazalardan sertifikatsız mallar yığışdırılır


Dükanlardan sertifikatsız mallar yığışdırılır
Dükanlardan sertifikatsız mallar yığışdırılır
Bir neçə gündür əsasən oyuncaq və uşaq geyimləri mağazalarından sertifikatı olmayan mallar yığışdırılır. Araşdırmalarımızdan məlum oldu ki, metronun «Memar Əcəmi» stansiyası yaxınlığında, Hüseynbala Əliyev küçəsindəki mağazalar daha çox yoxlamalara məruz qalıblar. Hətta elə mağazalar var ki, sertifikatı olmadığı üçün 10-15 min manatlıq malı müsadirə edilib. Bəzi mağazalarda isə yoxlamalar davam etdirilir.

«MALI GÖMRÜKDƏ YOXLASINLAR»

Mağaza sahiblərisə isə günahı özlərində yox, daha yuxarılarda görürlər. Mağazalardan birinin sahibi Camal Qurbanov deyir ki, əgər sertifikatsız mallar gömrükdən buraxılırsa, onda burda sahibkarın və ya mağaza sahibinin nə günahı var:

«Respublikaya girən mallara nəzarət olunmalıdır ki, bu malın keyfiyyət sertifikatı varmı, mal alan adam da arxayın alıb-satmalıdır. Mən digər mağazalar kimi gedib malı aeroportdakı anbarlardan alıb gətirirəm. Gedib anbarları yoxlasınlar, görsünlər ki, sertifikatsız mallar necə anbarlardan çıxıb ticarət mərkəzlərinə, mağazalara düşür. Ümumiyyətlə, bu mallar ölkəyə necə gəlib çıxır, bütün bunları araşdırsınlar».

Sahibkarlar deyirlər ki, tutalım, keyfiyyətsiz malı onların dükanlarından yığışdırdılar. Eyni şeyi ucqar kəndlərdəki dükanlarda da etməyə imkan varmı? Sahibkarlar bunun həlli yolunu da göstərirlər: Hər şey kökündən həll olunmalıdır. Ölkənin qapısına nəzarət olunsa, pərakəndə satışda da keyfiyyətsiz oyuncaqlar ortaya çıxmaz.

Camal Qurbanov deyir ki, onların sertifikatsız mal satmaqda hər hansı maraqları yoxdur, sadəcə, həmin mallara tələbat çox olduğundan onlar da bu malları götürülər.

KOMİTƏ UŞAQ OYUNCAQLARINA SANKSİYA TƏTBİQ ETMƏYƏ HAZIRLAŞIR

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində isə sözügedən ünvanda onların əməkdaşlarının olub-olmadığı barədə dəqiq məlumatlara malik deyillər. Amma Komitənin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı deyir ki, sertifikatsız malların üzə çıxarılması üçün ticarət obyektlərində ildə iki dəfə yoxlamalar aparırlar. Onun sözlərinə görə, bu monitorinqlər həmin məhsulları idxal edən müəssisələrin üzə çıxarılması üçün edilir.

F.Talıblının sözlərinə görə, onlar metronun «28 May» stansiyası yaxınlığında uşaq oyuncaqlarının topdansatış mərkəzlərini aşkar ediblər və həmin malların satışına qadağa qoyublar. Bu qadağa həmin müəssisələrin satdığı mala uyğunluq sertifikatı alana qədər davam edir:

«Həmin mallardan götürdüyümüz nümunələr hazırda labaratoriyada analiz edilməkdədir. Yaxın bir-iki günə nəticələr məlum olacaq».

F.Talıblı deyir ki, Komitənin yaxın günlərdə uşaq oyuncaqları ilə bağlı sanksiya tətbiq edəcəyi gözlənilir.

Əvvəllər uyğunluq sertifikatının olmamasına görə cərimələr 40 manat idisə, indi bu 1500 manatdan 5000 manata qədər qaldırılıb. F.Talıblı deyir ki, cərimələrin bu qədər artırılması sahibkarların ölkəyə daha keyfiyyətli mal gətirməsinə hesablanıb.

«BU PROSESDƏ DAHA ÇOX BİZNESLƏ MƏŞĞUL OLAN MƏMURLAR GÜNAHKARDIR»

Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov ticarət obyektlərində aparılan yoxlamaları müsbət qarşılayır, amma hesab edir ki, həmin yoxlamalar olduqca qüsurlu aparılır. O, mağazalardan yığışdırılan keyfiyyətsiz malların məhv edilməsinin də qeyri-şəffaf aparıldığını deyir.

E.Hüseynov hətta iddia edir ki, dükanlardan yığışdırılan keyfiyyətsiz malların bir hissəsi ayrı-ayrı mağazalarda təkrar satılır. Onun sözlərinə görə, bütün bu problemlərin kökündə məmur ordusunun əksəriyyətinin bizneslə məşğul olması durur:

«Böyük məmur ordusunun demək olar ki, hamısı bizneslə məşğul olur, qanunlardan yan keçirlər. Bunun da nəticəsində istehlakçı hüququnun zəif qorunduğu bir şəraitdə bazara xeyli təhlükəli, keyfiyyətsiz mallar daxil olur».
XS
SM
MD
LG