Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 15:34

Daimi iş tapmaq müşkülə çevrilib


Bakıya iş dalınca gələnlər əsasən tikintidə çalışırlar
Bakıya iş dalınca gələnlər əsasən tikintidə çalışırlar
Xavər Nuru

Beyləqan rayonunun 1-ci Şahsevən kəndində yeni və köhnə düşərgələrdə məskunlaşmış məcburi köçkünlər işsizlikdən şikayətlənirlər. Ailəsi ilə Beyləqanda məskunlaşan Rəşad Quliyev də iş tapmadığına görə Bakıya gəlib. Rəşad rayonda sosial problemlərin çox olduğunu deyir:

«HEÇ YERDƏ DAİMİ İŞ YERİ YOXDUR»

«Rayonlarda işsizlik çoxdur, ona görə Bakıya gəlmişəm. Heç yerdə daimi iş yeri yoxdur. Daimi iş yerləri açılsaydı, maaş heç olmazsa 300-400 manat olsaydı biz də Bakıya üz tutmazdıq, öz rayonumuzda qalıb işləyərdik».

İqtisadçı ekspert Kənan Aslanlı isə deyir ki, işsizliyin bir səbəbi də düşərgələrin şəhərlərdən çox uzaqda salınmasıdır:

«Misal üçün düşərgələrdən biri Ağdamın cəbhə xəttinə yaxın ərazidə salınıb. Onlar da maşınlarına minib Bərdəyə, Ağcabədiyə işləməyə gedirlər. Boş sahələrdir, amma məşğulluq nəzərə alınmayıb. Məcbur olub gəlirlər başqa rayonlara, Bakıda kiçik sahibkarlıqla məşğul olur, tikintilərdə işləyirlər».

Amma Rəşad Bakıdakı işindən də razı deyil: «Orta təhsilli olduğum üçün firmalar, zavodlar iş vermir. İndi yeni tikililərdə, yüksək mərtəbəli binada usta işləyirəm. Baxır işin müqabilinə, hansı yaxşı maaş verirsə onda işləyirəm».

Hökumətsə qaçqın və məcburi köçkünlərin sosial problemlərini çözmək üçün işlər görüldüyünü deyir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sözçüsü Elnur Kələntərov:

«Qaçqın və məcburi köçkünlərin 1865 nəfəri işlə təmin olunub, 365 nəfəri peşə hazırlıq kurslarına cəlb olunub. Onlardan 287 nəfəri haqqı ödənilən ictimai işlə təmin olunub, 403-ü isə işsizlik statusu alıb. 501 nəfəri isə işsizlik müavinəti alır. Konkret hansı işlə deyə bilmərəm, amma işlə təmin olunublar».

Kələntərov deyir ki, nazirlik məcburi köçkünlər üçün müxtəlif peşə kursları da təşkil edib:

«Sahibkarlığın əsasları, çörəkçi və s. hazırlıq kurslarının təşkili, kvota verilməsi də nəzərdə tutulub».

Ekspert Kənan Aslanlının fikrincə isə düşərgələrdəki iş probleminin həlli üçün bu kifayət deyil:

«İri əmək tutumlu müəssisələr lazımdır. İmişli şəkər zavodu açıldı və xeyli adam işlə təmin olundu. Bu tipli müəssisələr lazımdır. Qaçqın düşərgələrinə yaxın yerdə nəsə qurmaq lazımdır».

DÖVLƏT NEFT FONDUNUN LAYİHƏLƏRİ DAVAM EDİR…

Qaçqın və məcburi köçkünlər üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Sənan Hüseynov yeni düşərgələrdə məskunlaşmış məcburi köçkünləri işlə təmin etmək üçün büdcə təşkilatlarının fəaliyyət göstərdiyini deyir:

«Poçt, məktəblər, xırda müəssisələr... və s. infrastruktur yaradılır. Yeni iş yerləri açılır. Əkin-biçinlə məşğul olmaq üçün əlavə torpaq sahələri ayrılır».

Dövlət Neft Fondu yeni düşərgələrin salınmasına 523 milyon manat xərcləyib. Qurumun sözçüsü Cəmalə Əliyeva layihələrin davam etdiyini deyir:

«2009-cu ildə isə 80 milyon manat xərclənməsi nəzərdə tutulub. Əsasən yaşayış evləri, bundan əlavə məktəblər, uşaq bağçaları, xəstəxanalar və s. tikirik».

Amma hələ ki iri müəssisələrin tikilməsi planda yoxdur. Cəmalə Əliyeva deyir ki, heç belə layihələr üçün sifariş də yoxdur:

«Əsasən Nazirlər Kabinetini sərəncamı əsasında seçilir. Sifarişçi təşkilatlar: Qaçqın və məcburi köçkünlərlə bağlı Dövlət Komitəsi, o cümlədən Məcburi köçkünlərin Sosial İnkişafı Fondu kimi təşkilatlar daxildir».

Ekspertlər deyir ki, köçkünlərin özü də iş yerləri yarada bilər. Kənan Aslanlının sözlərinə görə, bunun üçün onların kreditlərə çıxışını da asanlaşdırmaq lazımdır. Ekspert 20-30% -lik kredit faizlərinin köçkünlər üçün çox yuxarı olduğunu deyir. Rəşad kimi köçkünlərsə, bütün bu problemlər həll edilənədək paytaxtda qazandıqları cüzi maaşla düşərgədəki ailələrini dolandırmaq məcburiyyətindədir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG