Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 00:26

«Bu tipli bayramlar uzunmüddətli olmur»


16 il əvvəl Azərbaycanda baş vermiş bu hadisəyə münasibətlər müxtəlifdir
16 il əvvəl Azərbaycanda baş vermiş bu hadisəyə münasibətlər müxtəlifdir
1997-ci ildə ölkə parlamenti iyunun 15-ni Milli Qurtuluş adıyla bayramlar sırasına saldı. Milli Məclis hesab etdi ki, prezident Heydər Əliyevin 1993-cü il iyunun 15-də Ali Sovetə sədr seçilməsi milli səviyyəli bayramdır.

16 il əvvəl Azərbaycanda baş vermiş bu hadisəyə münasibətlər müxtəlifdir.

İSA QƏMBƏR: «BİZ 16 İLİ İTİRMİŞİK»

Ali Sovetin keçmiş sədri, Müsavat Partiyasının başqanı İsa Qəmbər hesab edir ki, sədr postunun dəyişməsi özlüyündə tarixi hadisə ola bilməz. Onun fikrincə, tarixi hadisə kimi 3 iyunda baş verənlər qiymətləndirilməlidir.

İ.Qəmbər deyir ki, həmin gün hərbi qiyam baş verib və bunun nəticəsində demokratik hakimiyyət süquta uğrayıb:

«Bu hərbi qiyamın sayəsində Heydər Əliyev hakimiyyətə gəldi və bu, tarixi hadisədir. Onun hakimiyyətə gəlməsi nəticəsində Azərbaycana elə zərbə dəydi ki, bu illərdə ölkənin itirdiklərini saymaq üçün saatlar lazımdır. Biz bütünlükdə 16 ili itirmişik. Ona görə də hesab edirəm ki, qara hərflərlə yazılası tarixi hadisə məhz iyunun 3-dür ki, hərbi qiyam baş verdi».

ZƏFƏR QULİYEV: «BU TİPLİ BAYRAMLAR UZUNMÜDDƏTLİ OLMUR»

Politoloq Zəfər Quliyev də bu günə Milli Qurtuluş adı verilməsini düzgün saymır. Onun fikrincə, hər xalqın tarixində çətinliklər, ağır günlər, təcavüzlər, hətta vətəndaş müharibəsi ola bilər:

«Amma heç bir xalq belə halları xüsusi bayrama çevirməyib. Özü də konkret bir şəxsiyyətin adıyla bağlamaqla. Əslində, bu adın mənasına cavab verən gün - torpaqların işğaldan azad olunması günü ola bilər».

Z.Quliyev deyir ki, bu bayramın həm siyasi mənsubiyyəti olanlar, həm də sıravi adamlar arasında birmənalı qarşılanmamasına təəccüblənmək lazım deyil. Onun fikrincə, tarixin acı təcrübəsi göstərir ki, bu tipli bayramlar uzunmüddətli olmur:

«Heydər Əliyevin Azərbaycan siyasi tarixində rolu böyükdür, bunu etiraf etmək lazımdır. Müasir dövlətçiliyin qurulmasında öz yeri, rolu var, amma onun kimi şəxsiyyətin adına silsilə bayramlar təşkil etməyə ehtiyac yox idi».

BƏXTİYAR SADIQOV: «MÜXALİFƏT SƏMİMİ DEYİL»

Hakim Yeni Azərbaycan Partiyasının təmsilçisi, millət vəkili Bəxtiyar Sadıqov isə 15 iyunu bayram kimi qəbul etməyən müxalifəti səmimi olmamaqda ittiham edir. Onun fikrincə, 3 iyun hadisələrində o vaxtkı hakimiyyətdə olan indiki müxalifət nümayəndələri çıxılmaz vəziyyətə düşmüşdü və Heydər Əliyevi təkidlə Bakıya çağırmışdılar:

«Onlar elə bilirdilər ki, Heydər Əliyev sabitlik yaradandan, dövlətçiliyi məhv olmaqdan qurtarandan sonra yenidən hakimiyyətə gəlib istədiklərini edəcəklər».
Bəs sıravi Bakı sakinləri bu bayramla bağlı nə fikirdədirlər? Paytaxt küçələrində fikrini öyrəndiyimiz sakinlərin cavabları:

BAKI SAKİNİ: «QURTULUŞ GÜNÜNDƏN SONRA HƏYAT LAP PİSLƏŞİB»

- Azərbaycanın tarixində ən gözəl gündür. Heydər Əliyev hakimiyyətə gəlib və bununla yeni dövrün başlanğıcı qoyulub.
- Heydər Əliyev hakimiyyətə gəlib və hər şeyi yaxşılaşdırıb.
- Məsələn, sizin həyatınızda nə dəyişib?
- Heç nə.
- Bilirəm, bu gün bayramdır, amma bilmirəm nə bayramıdır.
- Milli Qurtuluş günündən sonra həyat lap pisləşib.
- Bu bayram Azərbaycana çox şey verib. Çoxları bunu bilmir, maarifləndirmək lazımdır. Mənə elə gəlir ki, Azərbaycan beynəlxalq təşkilatlar qarşısında üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir.

Heydər Əliyevin anadan olduğun gün - 10 may Bakıda Gül bayramı keçirilir. Hər il iyulun 14-də isə onun ilk dəfə – 1969-cu ildə sovet Azərbaycanında hakimiyyətə gəlişinin ildönümü bayram ovqatlı tədbirlərlə qeyd olunur.
XS
SM
MD
LG